Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəhərsalma və Memarlıq İli: Lahıcətrafı məskənlərd...
Şəhərsalma və Memarlıq İli: Lahıcətrafı məskənlərdə mülki tikililər -
Ana səhifə

Şəhərsalma və Memarlıq İli: Lahıcətrafı məskənlərdə mülki tikililər - FOTO

Xpress.az Redaksiyası 26.05.2026 15:21

Müasir Azərbaycan Respublikasının Dağlıq Şirvan ərazisi rəngarəng təbiəti, zəngin tarixi, etnoqrafiyası və memarlıq irsi ilə fərqlənir. Əsrlərlə formalaşmış memarlıq və tikinti ənənələrinin sabitliyi və özünəməxsusluğu səbəbindən məhz bu ərazilər də daxil olmaqla, Şirvan-Abşeron memarlıq məktəbi formalaşmışdır. Lakin bu məktəbin formalaşdığı bir neçə inzibati rayondan ibarət olan geniş ərazidə memarlıq və tikinti ənənələri nə qədər oxşar olsa da, iqlim və landşaft müxtəlifliyi, istifadə edilmiş inşaat materialları baxımdan fərqli xüsusiyyətlər mövcuddur.

Xüsusilə, Dağlıq Şirvanın məşhur tarixi məskənlərindən sayılan Lahıc qəsəbəsi və onun ətrafındakı məskənlərin şəhərsalma-memarlıq və tikinti ənənələri özünəməxsus cəhətləri ilə diqqəti cəlb edir. Lahıc qəsəbəsinin şəhərsalma və memarlıq xüsusiyyətləri bir neçə tədqiqat işində geniş araşdırılmış və elmi ictimaiyyətə təqdim edilmişdir. Lakin Lahıc qəsəbəsi ətrafında yerləşən digər məskənlər bu günə qədər tədqiq edilməmiş qalır.

Həftəsiyab kəndi

Qeyd edək ki, Lahıc ətrafında yerləşən Həftəsiyab, Əhən, Zərnəva, Vaşa, Müdrü, Brovdal, Sulut, Namazgah və s. kəndlərin memarlıq-şəhərsalma xüsusiyyətləri və onların ərazisində yerləşən bəzi tikililərin memarlıq və inşaat xüsusiyyətləri heç də az əhəmiyyət daşımır.

Bu tədqiqat işində Həftəsiyab və Brovdal kəndləri ərazisində yerləşən və abidə sayıla biləcək bir neçə maraqlı tikili haqqında bəhs edilir. Həftəsiyab kəndi ərazisində məscid və hamam, Brovdal kəndi ərazisində də qeydə alınmış məscid və hamam plan quruluşu və tikinti xüsusiyyətləri baxımdan daha çox maraq doğurur.

Lahıc qəsəbəsinin sakinləri tarixən sənətkarlıqla məşğul olmuşlar. Qəsəbə ərazisində tikililərin sıxlığı, landşaftın təsərrüfat üçün yararlı olmaması səbəbindən təsərrüfatla məşğul olmaq istəyən bəzi ailələr təbii olaraq, qəsəbəətrafı daha əlverişli ərazilərdə məskən salmış və orada maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Yaşlı nəsil nümayəndələrinin verdikləri məlumata əsasən Həftəsiyab kəndinin məskunlaşması da məhz bu amillə bağlı olmuşdur.

Bu baxımdan kəndin planlaşma quruluşu, tikililərin yerləşim tərzi və tikinti üsulları Lahıc qəsəbəsində rast gəlinən ənənələrin tam bənzəridir. Xüsusilə, kənd ərazisində mövcud olan məscid və hamam sakinlərin dini və mədəni dünyagörüşlərini əks etdirməklə yanaşı, Lahıc memarlıq və tikinti ənənələrinin burada da davamını göstərir.

Məscid binası kəndin mərkəzində, yaşayış binalarının əhatəsində yerləşir. Plan quruluşuna görə düzbucaqlı olan binanın xarici ölçüləri 17 x 22 m, hündürlüyü isə 5.4 m-dir. Bina region üçün ənənəvi olan çay daşından inşa edilmişdir. Hörgüdə istifadə edilmiş daşlar yonularaq eyni ölçüyə gətirilmiş və xarici səthi döymə üsulu ilə cilalanmışdır. Binanın giriş fasadı gillə suvanmış və ağ şirə ilə boyanmışdır.

Giriş fasadında tağ şəkilli qapı və iki tərəfində isə iki eyni formalı pəncərə nəzərdə tutulmuşdur. Giriş fasadının sol tərəfi iki mərtəbəli olmaqla, antresol mərtəbəsi qadınlar üçün nəzərdə tutulmuşdur.

Binanın maraqlı cəhətlərindən biri onun maili sərt relyefə uyğunlaşdırılmasıdır. Belə ki, məscidin yola baxan hissəsi kürsülük mərtəbəsi üzərində yerləşdirilmiş ibadət zalından ibarətdir. Sağ tərəf isə daha yüksəkdə yerləşməklə antresol mərtəbəli planlaşdırılmışdır.

Lahıc məscidlərindən fərqli olaraq binanın giriş fasadında üstübağlı sütunlu eyvan nəzərdə tutulmamışdır. Binanın örtük konstruksiysı sütun və tir sistemi üzərində yerləşdirilmişdir.

Örtük konstruksiyası sıx yerləşdirilmiş ağac tirlərdən və üzərində qalın torpaq qatı verilməklə, inşa edildiyi dövrdə yastı dam konstruksiyasından ibarət olmuşdur. Binanın interyeri sadə, bəzəksizdir, lakin daxildə yerləşən ağacdan yonulmuş sütun başlıqları iri ölcüləri və mürəkkəb forması ilə diqqəti cəlb edir.

Həmin başlıqlar Xınalıq cümə məscidində istifadə edilmiş analoji elementləri xatırladır. Lakin başlığın uzunluğu və yonulma ilə verilmiş forma quruluşu daha cəlbedicidir.

Məscid binasının dam örtüyü hal-hazırda metal materialı ilə örtülmüş və yamaclı dam formasındadır. Damın orta hissəsində minarə funksiyası daşıyan güldəstə yerləşdirilmişdir. Binanın konstruksiyalarında baxımsızlıq səbəbindən və tarixən baş vermiş deformasiyalar və aşınmalar mövcuddur. Məscid binasının abidə kimi qeydiyyata alınması və bərpa edilərək funksiyasına uyğun istifadə edilməsi təklif edilir.

Hamam binası kəndin cənub-şərq hissəsində yerləşir. Sadə düzbucaqlı plana malik olan binanı yeraltı tikili saymaq olar. Təqriban 20 m uzunluğu olan hamamın eni daxildə 2.8 m-dir. Uzunsov plan quruluşlu bina geyinib-soyunma otağından başlayaraq yuyunma salonuna keçir. Salonun arxa hissəsində isti və soyuq su xəzinəsi yerləşir.

Hamam binası həcm-məkan quruluşuna görə çoxkameralı, kompozisiya həllinə görə isə bir ox üzərində qurulmuş plana malikdir. Yükdaşıyan konstruksiyaların inşaat materialı çay daşıdır. Yapışdırıcı kimi isə əhəng məhlulundan istifadə edilmişdir. Tikilinin örtük konstruksiyası tağbənd biçimdə olub, yuyunma salonunun orta hissəsində hörgüyə əlavə möhkəmlik vermək məqsədilə kontrofors-kəmər nəzərdə tutulmuşdur.

Hamam daxilində taxça, qapı boşluqları da tağbənd formalı hörgü ilə örtülmüşdür. Tikilinin isidilməsi döşəmə altında nəzərdə tutulmuş odun yandırılan ocaq və divarlar boyu tüstü və isti havanı ötürən kanallar vasitəsilə yerinə yetirilir. Suyun qızdırılması da həmin hissədə nəzərdə tutulmuş və daxilində su yığılan tiyanda baş verir.

Hamam tikilisi sovet hakimiyyəti dövrünün son illərinə qədər istismar edilmiş, hal-hazırda isə baxımsız vəziyyətdədir. Tikilinin divar və örtük konstruksiyası bəzi hissələrdə aşınmaya məruz qalsa da, möhkəmlik və daşıyıcılıq qabiliyyəti qalmaqdadır. Döşəmə konstruksiyasında da dağıntılar mövcuddur.

Həftəsiyab hamamının ilkin tədqiqi göstərir ki, bu bina Lahıc qəsəbəsində mövcud olan Hacı Cahan Baxış və Hacı Nurməmməd hamamları ilə çox oxşardır. Memarlıq və konstruktiv həllində olan analoji xüsusiyyətlər bu tikilinin də Lahıc qəsəbəsinin memarlıq ənənələri əsasında tikildiyini göstərir. Tikilmə üslubu hətta binanın eyni bənna tərəfindən tikildiyini söyləməyə əsas verir.

Binanın mövcud vəziyyəti və kənd ərazisində başqa hamam binasının olmaması həmin abidənin bərpa edilərək öz funksiyasına uyğun istifadə edilməsini aktuallaşdırır. Bu halda həm abidənin məhv olmasının qarşısı alınar, eyni zamanda Həftəsiyab kəndinin sakinlərinə məişət xidməti sahəsində faydalı bir iş görülərdi.

Müqayisələr təkcə hamam və məscidlər ilə tamamlanmır. Yaşayış binalarında da eynilə Lahıc memarlıq üslubuna uyğun inşa edilib. Belə mədəniyyət və memarlıq nümunələri o vaxt bütöv və dəqiq tarix yarada bilər ki, bu mədəniyyət nümunələri bir yerdə qorunsun, bərpa olunsun və xalqın istifadəsinə verilsin.

Çox təəssüf ki, kənddə yaşayışın çətinləşməsi, yolların bərbad halda olması və yerli əhalinin kənddən uzaqlaşması həmin memarlıq abidələrinin məhv olmasına səbəb oldu. Acınacaqlı halda olsa, hər halda gec deyil. Mən əminəm ki, bu barədə düşünənlər olacaq, çünki bu tarix və mədəniyyət abidələri məhv olmayıb, sadəcə gizlənib. Onları Azərbaycan mədəniyyəti və tarixinə qaytarmağın əsil vaxtıdır.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək