Sara Əzimovanın Prezidentin Naxçıvana səfəri ilə bağlı məqaləsi İtaliya mediasında yayımlanıb
Naxçıvanın Əməkdar jurnalisti Sara Əzimovanın müəllifi olduğu “Naxçıvan tezliklə dünyaya açılan qapıya çevriləcək” sərlövhəli məqalə İtaliyanın “Studia Scythica” platformasında yayımlanıb.
Xpress.az ANZ.AZ-a istinadən xəbər verir ki, məqalə oxuculara ingilis və italyan dillərində təqdim olunub.
Nəşrin redaktor qeydində Sara Əzimovanın yeni Avrasiya marşrutları ilə bağlı təhlilinin mürəkkəb mövzuya aydın və ətraflı baxış təqdim etdiyi vurğulanıb. Bildirilib ki, müəllif yazıda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək strateji roluna xüsusi diqqət yetirib.
Redaksiya Sara Əzimovaya bilik və təcrübəsini oxucularla bölüşdüyünə görə təşəkkürünü bildirib.
Məqalədə Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri, Zəngəzur dəhlizi, TRIPP layihəsi və Avrasiyanın formalaşmaqda olan yeni nəqliyyat xəritəsi geniş təhlil edilib.
Müəllif qeyd edib ki, uzun illər blokada şəraitində yaşayan və Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvan yaxın gələcəkdə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, enerji və logistika mərkəzinə çevriləcək.
Yazıda Naxçıvanın dünyaya açılan strateji qapılardan biri olacağı xüsusi vurğulanıb.