Rusiyadan minlərlə erməni qayıdır, qaz, işıq bahalaşır - İrəvanda AJİOTAJ
Ermənistanda anti-Azərbaycan mövqeyi ilə seçilən politoloq Artur Xaçikyan ölkəsinin hərbi imkanları ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılacağı təqdirdə Ermənistanın son dərəcə ağır vəziyyətə düşəcəyini iddia edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xaçikyan Vladimir Putinlə Nikol Paşinyanın Bişkek görüşünü şərh edərkən Ermənistanın Rusiya ilə münasibətlərinin mümkün pozulmasının nəticələrindən də danışıb. Xaçikyanın sözlərinə görə, Moskva İrəvana artıq Aİ və Avrasiya inteqrasiyası arasında seçim etməli olduğu barədə açıq mesaj verir. O hesab edir ki, Ermənistan eyni vaxtda iki fərqli gömrük və inteqrasiya sistemində qala bilməz və Rusiya qarşıdakı danışıqlarda İrəvandan daha konkret mövqe tələb edəcək.
Politoloq Rusiya ilə kəskin iqtisadi ayrılığın Ermənistan üçün ağır nəticələr doğuracağını da iddia edib. Onun proqnozuna görə, Rusiyada çalışan minlərlə erməninin geri qayıtması, pul köçürmələrinin azalması, Rusiya bazarının itirilməsi, qaz və elektrik enerjisinin bahalaşması ölkədə ciddi sosial-iqtisadi böhran yarada bilər.
Xaçikyanın ən diqqətçəkən fikirləri isə hərbi təhlükəsizliklə bağlı olub. Rusiyaya yaxın mövqedən çıxış edən politoloq 102-ci bazanın Ermənistandan çıxarılması məsələsinin hətta müzakirəyə çıxarılmasını təhlükəli adlandırıb. O, Rusiya hərbçiləri getdikdən sonra Ermənistanın Azərbaycan və Türkiyə qarşısında müdafiəsiz (?) qalacağını iddia edib. “Biz (Ermənistanı nəzərədə tutir-red.) silahsızıq. Türkiyənin nəhəng silahlı qüvvələri var. Ordumuz bəlkə iki-üç gün müqavimət göstərə bilər, artıq yox”, – Xaçikyan bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi bazasının mövcudluğu Ermənistana ən azı Moskvanın diplomatik təzyiq imkanlarına arxalanmağa şərait yaradır. Xaçikyan bazanın çıxarılmasından sonra bu imkanın da aradan qalxacağını düşünür.
O, Ermənistanın Rusiyadan uzaqlaşdıqdan sonra avtomatik olaraq Qərbin təhlükəsizlik təminatlarını alacağı barədə fikirləri də əsassız sayıb. O xatırladıb ki, illərdir Rusiyadan imtinanın Ermənistanı NATO üzvlüyünə, ABŞ və ya Fransa hərbi bazalarının yerləşdirilməsinə aparacağı barədə fikirlər səsləndirilsə də, bunların heç biri baş verməyib. “Nə vaxt NATO bazasını görəcəyik?” – deyə Xaçikyan Ermənistanın Qərbə inteqrasiyasını müdafiə edən ekspertlərə müraciət edib.