Qarabağ fatehləri Qarabağ Universitetində
Bəzən insan sevincdən danışmağa söz tapmır…
Elə bu gün, o günlərdəndir.
Biz Xankəndindəyik…
Bəli, düz otuz il həsrətini çəkdiyimiz,
şəhid qanı ilə müqəddəsləşən,
dualarda adı ən çox çəkilən o torpaqdayıq doğma Xankəndində.
Və bu gün Qarabağ Universitetindəyik
azadlığın, dirçəlişin, yenidən doğuluşun ünvanında.
Elə bir yer ki, illər öncə biri desəydi:
“Bir gün azad Xankəndində, Qarabağın qəlbində bir universitet — Qarabağ Universiteti açılacaq,” bəlkə də inanmazdıq, xəyal sanardıq.
Amma bu gün o xəyal gerçəyə çevrilib.
Ötən gün bu müqəddəs məkanda — Qarabağ Universitetində — unudulmaz bir görüş baş tutdu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə
Vətən müharibəsi qaziləri universitetin tələbələri ilə görüşdülər.
Bu görüş sadəcə bir tədbir deyildi —
bu, tarixlə bu günün qovuşduğu,
Vətənin igid oğulları ilə gələcəyin ümid dolu gənclərinin bir araya gəldiyi an idi.
Qazilərimizin səsi zalı bürüyəndə,
hər kəlmə bir həyat, bir döyüş, bir qürur dastanına çevrilirdi.
Onların danışdığı hər söz,
bu torpağın azadlıq yolunda yazılmış canlı səhifələri idi.
O səslərdə həm ağrı vardı, həm cəsarət, həm də sonsuz Vətən sevgisi.
Onlar danışdıqca, biz bir daha anladıq ki
bu torpaq azadlıqla deyil, qanla, qəhrəmanlıqla, inamla yoğrulub.
Bu gün onların qarşısında oturan gənclər
Qarabağ Universitetinin tələbələri — artıq bilirlər ki, bu torpağın hər addımı bir məsuliyyətdir.
Onların baxışlarında minnətdarlıq, qürur və inam vardı.
Bu görüş, gənclərin yaddaşına Vətən sevgisinin ən saf, ən ali dərsi kimi yazıldı.
Bu unudulmaz görüşün təşkilatçılarına
— bu müqəddəs bağın qurulmasına səbəb olan hər kəsə —
sonsuz təşəkkür!
Xəyalə Rəis