Qazaxıstandan Ermənistana gedəcək olan taxıl vaqonları Biləcəri stansiyasında- FOTOLAR
Qazaxıstandan Ermənistana gedəcək olan taxıl vaqonlarının Azərbaycandan tranzit keçidi zamanı Biləcəri stansiyası mühüm rol oynayır. Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən Biləcəri stansiyası ölkənin ən iri yük çeşidləmə mərkəzlərindən biridir və Azərbaycan Dəmir Yollarının əsas logistik qovşağı hesab olunur. Stansiya gündə onlarla yük qatarını qəbul edib çeşidləyə bilir və ümumilikdə 52 yola malikdir. Burada həm şimal, həm cənub, həm də çeşidləmə parkları fəaliyyət göstərir.
Son günlərdə Qazaxıstan istehsalı olan buğdanın ilk dəfə Azərbaycan ərazisindən tranzit rejimində Ermənistana göndərilməsinə başlanılıb. 15 vaqondan ibarət və ümumilikdə təxminən 1 min ton taxıl daşıyan qatar noyabrın əvvəlində Azərbaycan ərazisinə daxil olub. Yük marşrutu Qazaxıstan – Azərbaycan – Gürcüstan – Ermənistan istiqaməti üzrə müəyyən edilib.


