Qəzzada səssizlik: Müvəqqəti sülh, yoxsa yeni başlanğıc?
Yaxın Şərqdə aylarla davam edən qanlı qarşıdurmalardan sonra bölgədə ilk dəfə real sükunət yaranıb. 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşması artıq üçüncü gününü tamamlayır və bu günə qədər ciddi pozuntu qeydə alınmayıb.
ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşma İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasını, girov və məhbus mübadiləsini, eləcə də Qəzzaya humanitar yardımların buraxılmasını nəzərdə tutur.
Məsələ ilə bağlı XPress.az-a eksklüziv açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu atəşkəs bölgədə diplomatiyanın yenidən canlanması üçün mühüm fürsət yaradır, lakin proses hələ də çox həssasdır.
“Bu sənəd təkcə silahların susması deyil – yeni siyasi düzənin formalaşması istiqamətində ilk addımdır. Amma vəziyyət hələ də kövrəkdir, çünki tərəflər arasında etimad çox zəifdir. Kiçik bir insident belə atəşkəsi poza bilər,” – deyə Əhməd Şahidov vurğulayıb.
Onun sözlərinə görə, razılaşmaya əsasən, HƏMAS 72 saat ərzində bir neçə israilli girovu azad edib, İsrail isə təxminən 2 min fələstinli məhbusun sərbəst buraxılmasına başlayıb. Qəzzaya humanitar yardımların axını bərpa olunub, İsrail ordusu isə bəzi yaşayış məntəqələrindən mərhələli şəkildə çıxır.
Şahidov qeyd edib ki, prosesin uğuru yalnız imzalanmış sənədlə deyil, tərəflərin real siyasi iradəsindən asılı olacaq:
“Hazırda tərəflər bir-birinə inanmır. İsrail daxilində radikal qüvvələr, HƏMAS daxilində isə sərt xətt tərəfdarları bu prosesi qəbul etmir. Hər an təxribat cəhdləri mümkündür. Ona görə də beynəlxalq nəzarət və vasitəçilik çox vacibdir,” – deyə o bildirib.
Siyasi şərhçi həmçinin vurğulayıb ki, Türkiyə bölgədə sülhün və sabitliyin təmin olunması üçün balanslı mövqe tutur və beynəlxalq diplomatiya prosesində mühüm rol oynayır:
“Qardaş Türkiyə bölgədə sabitliyin və humanitar dəyərlərin qorunmasının tərəfdarıdır. Onun diplomatik səyləri bu prosesdə sülhü möhkəmləndirən əsas amillərdəndir,” – deyə Şahidov əlavə edib.
Ekspertin fikrincə, atəşkəsin növbəti mərhələsində Qəzzanın gələcək idarəetmə modeli və təhlükəsizlik mexanizmləri əsas müzakirə mövzusu olacaq:
“Əgər bu mərhələ uğurla başa çatsa, bölgədə sabitlik mərhələsinə keçid mümkün ola bilər. Amma bu, hələ müharibənin sonu deyil – diplomatiyanın başlanğıcıdır,” – deyə Əhməd Şahidov XPress.az-a bildirib.