QR kod həyatımıza necə daxil oldu?
1994-cü ildə Yaponiyada mühəndis Masahiro Hara, Denso Wave şirkətində çalışdığı dövrdə yeni bir texnologiya ilə bütün dünyanı tanış etdi – QR kodu. Bu innovativ kod sistemi məlumatların daha sürətli və dəqiq oxunmasına imkan verirdi və ənənəvi barkod sistemlərinin məhdudiyyətlərini aradan qaldırırdı.
Masahiro Hara və komandası tərəfindən yaradılan QR kodu (Quick Response Code – Sürətli Cavab Kodu) əvvəlcə avtomobil sənayesində ehtiyat hissələrin izlənməsi üçün nəzərdə tutulmuşdu. Lakin onun tətbiq sahəsi qısa müddətdə genişləndi və müxtəlif sahələrdə – pərakəndə satış, logistika, marketinq və hətta ödəniş sistemlərində istifadə olunmağa başlandı.
Ən maraqlı məqam isə Denso Wave şirkətinin qərarı oldu. Şirkət QR kodunun lisenziyasını ictimaiyyət üçün açıq etdi və heç bir patent və ya istifadə haqları tələb etmədən hər kəsin istifadəsinə verdi. Bu addım QR kodunun sürətlə bütün dünyaya yayılmasına və müxtəlif sahələrdə universal standart kimi qəbul edilməsinə səbəb oldu.
Bu gün QR kodları həyatımızın ayrılmaz hissəsinə çevrilib. Restoran menyularından tutmuş ödəniş sistemlərinə, tədbir girişlərinə və marketinq kampaniyalarına qədər, QR kodları informasiya mübadiləsini sürətləndirir və gündəlik həyatı daha rahat edir.
Masahiro Hara-nın bu kəşfi yalnız texnoloji bir yenilik olmaqla qalmadı, həm də dünyada informasiya mübadiləsi və biznes əməliyyatlarının sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırdı. Hara və Denso Wave şirkətinin bu açıq yanaşması, texnologiyanın həm innovativ, həm də ictimaiyyət üçün əlçatan olmasının əyani nümunəsi kimi qiymətləndirilir.
Xpress.az