Qubadlı Şəhəri Günü qeyd olunur
Prezident İlham Əliyevin cari ilin iyul ayının 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis edilməsi Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunması tarixi ilə bağlıdır. Məhz bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından azad edilməsinin üçüncü ildönümü qeyd olunur.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad edərək, üçrəngli bayrağımızı 30 ilə yaxın fasilədən sonra həmin torpaqlarda qürurla dalğalandırıb.
Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərinin, həmçinin Qubadlı şəhərinin işğaldan azad edildiyini bəyan edib.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş 9376 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu sərəncama əsasən, Qubadlı rayonunun azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu həmin medalla təltif olunub.
Rayon işğaldan azad edildikdən sonra ərazidə bərpa və yenidənqurma işlərinə start verilib. Minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası istiqamətində işlər də ardıcıl şəkildə davam etdirilir.