Reyqan vergiləri endirdi- DÜNYA DƏYİŞDİ
İqtisadçı: “Reyqan vergi siyasətində bütün dünya üçün yeni dövrün əsasını qoydu”
1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan hakimiyyətə gələndə ölkədə gəlir vergisinin ən yüksək dərəcəsi 70% idi. Həmin dövrdə bu göstərici Böyük Britaniyada 83%, Qərbi Almaniyada 60%, İsveçdə 80%, Yaponiyada 70%, Kanadada isə 60% təşkil edirdi. Dünyada vergi dərəcələri indiki dövrlə müqayisədə rekord səviyyədə idi.
Məhz belə bir şəraitdə Reyqan əvvəlcə gəlir vergisini 70%-dən 50%-ə, daha sonra isə 28%-ə endirdi.
ABŞ lideri sonradan verdiyi müsahibələrdən birində bu qərarın arxasında 600 il əvvəl yaşamış müsəlman alim İbn Xəldunun fikirlərinin dayandığını bildirib. Reyqan qeyd edib ki, İbn Xəldun öz əsərində yazırdı: “Vergiləri çoxaldan dövlətlərin iqtisadiyyatı tənəzzül etmiş, vergiləri azaldanları isə çiçəklənən gördüm.”
Bu yanaşma sonradan “Reaganomics” (“Reyqan iqtisadiyyatı”) adı ilə tanındı. Siyasətin mahiyyəti sadə idi: yüksək vergilər iqtisadi fəallığı azaldır, aşağı vergilər isə sahibkarlığı və istehsalı stimullaşdırır, nəticədə büdcəyə daha çox vəsait daxil olur.
İqtisadçı ekspert Eldəniz Əmirov Xpress.az-a açıqlamasında bildirib ki, Reyqanın bu siyasəti əvvəlcə mübahisələr doğursa da, qısa müddətdə öz nəticəsini göstərdi — iqtisadi artım canlandı, işsizlik azaldı, ABŞ-a sərmayə axını gücləndi.
“Ronald Reyqan vergi siyasətində yalnız ABŞ üçün deyil, bütün dünya üçün yeni bir dövrün əsasını qoydu. Ondan sonra vergi dərəcələrinin endirilməsi və iqtisadi fəallığın stimullaşdırılması qlobal trenda çevrildi,” – deyə Eldəniz Əmirov vurğulayıb.