Sağlamlığın açarı- düzgün qidalanma, kifayət qədər yuxu, təmiz su və hərəkət — Ekspert xəbərdarlıq edir
Sağlam qidalanma üzrə ekspert Elnur Nemətov Xpress.az-a açıqlamasında bildirib ki, insan bədəni təbiətcə özünü bərpa etməyə qadirdir, lakin bu mexanizmin işləməsi üçün düzgün qidalanma və istirahət əsas şərtdir.
Elnur Nemətovun sözlərinə görə, müasir insan azacıq narahatlıq hiss etdikdə dərhal aptekə üz tutur, halbuki çox vaxt bədənin ehtiyacı dərmana deyil, təbii qidaya və dincəlməyə olur:
“Bu gün insanlar bir qədər halsızlıq, ağrı və ya narahatlıq hiss etdikdə dərhal dərman içməyə tələsirlər. Amma bədən çox hallarda öz gücü ilə bu problemləri aradan qaldıra bilər. Sadəcə ona doğru şərait — yəni balanslı qidalanma, təmiz su və istirahət lazımdır.”
“Bədən öz-özünü sağaltmaq gücünə malikdir”
Ekspert qeyd edib ki, insan orqanizmi milyon illər ərzində mükəmməl bir bərpa sistemi formalaşdırıb və bu sistem yalnız təbii şəkildə qidalandıqda aktivləşir.
“Barmağımıza tikan batanda, bədən heç bir xarici müdaxilə olmadan həmin hissəni təmizləyir və sağaldır. Eyni proses daxili orqanlarda da baş verir, sadəcə biz onu görə bilmirik. Bu, bədənin özünü sağaltma mexanizminin canlı sübutudur,” — deyə Nemətov vurğulayıb.
Onun sözlərinə görə, düzgün qida bədən üçün sadəcə enerji mənbəyi deyil, həm də bioloji məlumat daşıyıcısıdır:
“Qida bədənə nəyi düzəltməli olduğunu ‘öyrədir’. Təbii məhsullar bu siqnalları aydın ötürür, süni və emal olunmuş qidalar isə sistemi pozur.”
Dərman – son addım olmalıdır
Elnur Nemətov dərmanların zərurət yarandıqda vacib olduğunu, lakin onların əsas müalicə vasitəsi kimi qəbul edilməməli olduğunu qeyd edib:
“Dərman bədənə kömək üçün gəlməlidir, bədəni əvəz etmək üçün yox. Əgər qida və həyat tərzi dəyişiklikləri nəticə vermirsə və ya vəziyyət doğrudan da ciddi xarakter daşıyırsa, dərman yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.”
Ekspert bildirib ki, bəzən sadəcə 3–5 gün ərzində balanslı qidalanmaq, kifayət qədər su içmək və rahat yatmaq orqanizmi istənilən dərmandan daha güclü şəkildə bərpa edə bilər.
Sağlamlığın açarı – düzgün həyat tərzidir
Nemətovun fikrincə, sağlamlıq sadəcə xəstə olmamaq deyil, bədənin təbii tarazlığını qorumaq bacarığıdır. Bu tarazlığı bərpa edən isə məhz düzgün qidadır.
“Sağlam olmağın açarı – düzgün planlaşdırılmış qidalanma, kifayət qədər yuxu, təmiz su və hərəkət balansıdır. Hər kəs aptekə qaçmaq əvəzinə, əvvəl bədənini dinləməli və bu sualları verməlidir: Gün ərzində nə yeyib-içmişəm? Su içmişəmmi? Kifayət qədər yatmışam? Təbii məhsullar qəbul etmişəm, yoxsa süni qidalarla bədənimi yükləmişəm?”
Sonda Elnur Nemətov çağırış edib:
“Apteklərdə, həkim növbələrində saatlarla gözləməkdənsə, sağlam həyat tərzini seçmək ən doğru yoldur. Dərman müalicədir, amma qida — həyatın özüdür. Sağlam olmaq hər kəsin haqqıdır!”