Süni intellekt insanı əvəz edə bilməz, amma ona böyük dəstək ola bilər – EKSPERT RƏYİ
Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə süni intellekt artıq həyatımızın hər sahəsinə daxil olub. Mövzu ilə bağlı IT Station şirkətinin texnologiya direktoru Eşqin Nuruşov Xpress.az-a
öz fikirlərini bölüşüb. O, süni intellektin həm müsbət, həm də mənfi tərəflərinə diqqət çəkərək bildirib ki, bu texnologiya düzgün istiqamətdə istifadə olunarsa, insan həyatını xeyli asanlaşdıra bilər.
Eşqin Nuruşovun sözlərin görə, süni intellekt bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər insanlar bir məlumat tapmaq üçün müxtəlif saytlarda və platformalarda araşdırma aparmalı olurdular, indi isə süni intellekt bir neçə saniyə ərzində lazımi cavabı təqdim edir. Bu, həm vaxt qənaəti, həm də səmərəlilik baxımından böyük üstünlükdür.
O, eyni zamanda bəzi mənfi tərəfləri də vurğulayır. Rahatlıqla yanaşı, risklər də var. Süni intellektdən çox istifadə etdikcə insanların öz araşdırma və tənqidi düşünmə qabiliyyəti zəifləyə bilər. Çoxları artıq sistemin dediklərini olduğu kimi qəbul edir. Halbuki süni intellektin verdiyi cavablar da nəticə etibarilə insan tərəfindən yaradılmış məlumat bazalarına əsaslanır.
Eşqin Nuruşov həmçinin son zamanlar süni intellekt vasitəsilə yaradılan foto və videolara diqqət çəkir. Onun sözlərinə görə, elə materiallar var ki, reallıqdan seçmək çox çətindir. Bu da yanlış məlumatların yayılmasına və insanların çaşqınlıq yaşamasına səbəb olur. Buna görə də süni intellektin məsuliyyətli istifadəsi çox vacibdir.
Bəs süni intellekt insanların işini əlindən ala bilərmi?
Eşqin Nuruşov hesab edir ki, müəyyən sahələrdə avtomatlaşdırma prosesi artıq genişlənib – xüsusilə istehsalat, logistika və kənd təsərrüfatı kimi fiziki işlərdə. Amma süni intellekt heç vaxt insanı tam əvəz edə bilməz. Çünki onu yaradan, idarə edən və inkişaf etdirən məhz insandır. Yaradıcılıq, emosional zəka, liderlik və müəllimlik kimi sahələrdə insan faktoru hələ də əvəzolunmazdır.
IT Station şirkətinin CTO-su süni intellektdən düzgün istifadə qaydalarına da toxunur. Onun fikrincə, bu texnologiya insanın yerinə düşünməməli, sadəcə ona kömək etməlidir. Süni intellekt bir vasitədir, qərar verən tərəf isə yenə də insan olmalıdır.
Sonda Eşqin Nuruşov əlavə edib ki, süni intellektin inkişafı qarşısıalınmaz bir prosesdir, amma onun insan nəzarətində qalması vacibdir. Texnologiya düzgün istiqamətdə istifadə olunduqda həyatımızı xeyli asanlaşdırır, lakin idarə və məqsəd həmişə insan tərəfindən müəyyən edilməlidir. Əks halda texnologiya bizə xidmət edən yox, bizi idarə edən bir gücə çevrilə bilər.