"Teleradio işçiləri üçün bu gün bir növ hesabat günüdür" – Qulu Məhərrəmli
Son dövrlər televiziya verilişləri ilə bağlı cəmiyyət arasında müxtəlif fikirlər səslənir. Bəzi insanlar efirdə qeyri-peşəkarlığın artdığını, digərləri isə kommersiya maraqları naminə verilişlərin çoxaldığını bildirirlər. Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə televiziya sahəsində həm müsbət dəyişikliklər, həm də yeni çağırışlar müşahidə olunur. Mövzu ilə əlaqədar filologiya elmləri doktoru, professor, media eksperti Qulu Məhərrəmli Xpress.az-a açıqlama verib
“Əvvəla onu qeyd etmək lazımdır ki, Televiziya və Radio gününün qeyd olunması ictimai rəydə bu iki media vasitəsinin mövqeyini və əhəmiyyətini bir daha xatırladır. Artıq 100 ilə yaxındır ki, Azərbaycan radiosu fəaliyyət göstərir, televiziya isə 70 ilə yaxındır yayıma başlayıb. Bu illər ərzində televiziya və radio Azərbaycan mədəniyyətinin, milli düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynayıb,” – deyə Qulu Məhərrəmli bildirib.
Ekspertin sözlərinə görə, televiziya və radionun cəmiyyətdəki rolu ilə bağlı müzakirələr hələ də davam edir. Kimisi onları əyləncə vasitəsi, kimisi təbliğat aləti, digərləri isə məlumat mənbəyi kimi dəyərləndirir. Bunun əsas səbəbi televiziya və radionun çoxfunksiyalı olması – həm məlumatlandırıcı, həm maarifləndirici, həm də əyləndirici xüsusiyyət daşımasıdır.
“Bu funksiyalardan hər hansı birinin digərlərindən üstün tutulması balansın pozulmasına gətirib çıxarır. Ona görə də televiziya proqramları hazırlanarkən bu üç istiqamət — xəbər, maarifləndirmə və əyləncə nəzərə alınmalıdır. Əks halda tamaşaçı marağı azalır,” – professor əlavə edib.
Qulu Məhərrəmlinin fikrincə, tamaşaçıların televiziya kanallarından narazılığının əsas səbəbi məzmunun keyfiyyət balansının pozulmasıdır:
“Bəzən əyləncə verilişlərinin sayı həddən artıq çoxalır, bəzi hallarda isə onların keyfiyyəti aşağı olur. Xəbər proqramları isə aktuallığını itirir. Halbuki televiziya cəmiyyətin maraqlarına xidmət etməli, maarifləndirici funksiyasını yerinə yetirməli və bir güzgü kimi cəmiyyətə özünü göstərməlidir.”
Məhərrəmli hesab edir ki, televiziya həm ictimai, həm də milli maraqlar baxımından cəmiyyətin ifadə vasitəsidir:
“Televiziya bir vitrindir — burada cəmiyyətin ən yaxşı ənənələri, dəyərləri və inkişaf meyilləri təbliğ olunmalıdır. Xəbər proqramları tamaşaçıya ölkə və dünya gündəmini obyektiv şəkildə çatdırmalıdır.”
Ekspert əlavə edib ki, bu gün informasiya məkanında insanların maraqları xeyli genişlənib, bu da televiziya və radionun qarşısına daha çevik və peşəkar olma tələbi qoyur.
“Etiraf etmək lazımdır ki, televiziya artıq 20 il əvvəlki statusunu tam qoruyub saxlaya bilmir. Sosial şəbəkələr və internet mediası ciddi rəqabət mühiti yaradıb. Bununla belə, televiziya hələ də öz təsir gücünü qoruyur. Əsas məsələ tamaşaçıya keyfiyyətli, peşəkar və maraqlı audiovizual məhsullar təqdim etməkdir.”
Sonda professor qeyd edib ki, televiziya cəmiyyəti ifadə etməli, ictimai və fərdi maraqlar arasında balansı qorumağa çalışmalıdır:
“Əgər bu tarazlıq qorunarsa, tamaşaçı da televiziya ilə razı qalır. Amma peşəkarlıq səviyyəsi aşağı düşərsə, ictimai maraqlar nəzərə alınmazsa, təbii ki, narazılıqlar yaranır. Teleradio işçiləri üçün bu gün bir növ hesabat günüdür — onlar proqramlarına, yayım siyasətlərinə yenidən baxmalı, tamaşaçı zövqünə daha çox uyğunlaşmalıdırlar.”
Sonda Qulu Məhərrəmli televiziya və radio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və daha keyfiyyətli, maraqlı verilişlər hazırlamalarını arzulayıb.
Afaq Qurbanzadə