Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Universitet yataqxanalarında məcburi köç – nə vaxt...
Universitet yataqxanalarında məcburi köç – nə vaxt sona çatacaq?
Cəmiyyət

Universitet yataqxanalarında məcburi köç – nə vaxt sona çatacaq? -RƏSMİ

Xpress.az Redaksiyası 03.11.2025 16:42

Bakıdakı bir sıra ali təhsil müəssisələrinin yataqxanalarında hələ də yüzlərlə məcburi köçkün ailəsi yaşayır. Onlar illərdir tələbələr üçün nəzərdə tutulan otaqlarda məskunlaşaraq həyatlarını burada davam etdirirlər. “Böyük Qayıdış Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesi başladıqdan sonra əsas suallardan biri bu ailələrin nə vaxt doğma yurdlarına qayıdacağıdır. Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Taleh Mirzəyev Xpress.az-a açıqlama verib.

Onun sözlərinə görə, hazırda ADPU-nun Bakı şəhərində 5 yataqxanası fəaliyyət göstərir:

Bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun Akad. Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşən 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələr üçün nəzərdə tutulub,” – deyə Taleh Mirzəyev bildirib.

O qeyd edib ki, bu yataqxanada 200 nəfərədək tələbə yerləşə bilər və bir tələbə üçün aylıq ödəniş 85 manat təşkil edir. Tələbələr burada bütün kommunal və internet xidmətləri, istirahət otaqları və digər zəruri şəraitlə təmin olunurlar. Otaqlar tam təmir olunub və müasir standartlara cavab verir.

Taleh Mirzəyev əlavə edib ki, “Böyük Qayıdış Proqramı” çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə köçürülməsi həyata keçirilir:

Bu baxımdan, Pedaqoji Universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün ailələrinin də köçürülməsi istiqamətində müvafiq işlər görülür. Lakin proses birbaşa aidiyyəti dövlət qurumları tərəfindən icra olunduğundan, ADPU olaraq bu barədə dəqiq tarix və ya məlumat təqdim edə bilmirik".

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən Xpress.az-a bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir.

“Müxtəlif təyinatlı obyektlərdə, o cümlədən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mərhələli şəkildə yeni mənzillə təmin edilir. Bu günə qədər 320 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların sırasında tələbə yataqxanalarında müvəqqəti məskunlaşmış ailələr də var,” – deyə Komitədən qeyd olunub.

Bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması prosesi mümkün olub. Hazırda onlara mənzillər yalnız işğaldan azad olunmuş ərazilərdə inşa edilir və qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir.

Dövlət Komitəsinin məlumatına görə, ilk növbədə ən ağır şəraitdə, eləcə də tələbə yataqxanalarında yaşayan məcburi köçkün ailələri yeni yaşayış sahələri ilə təmin olunurlar.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək