Üzdəki səhər şişkinliyi — bədənin gizli SOS siqnalı! -Ekspertdən xəbərdarlıq
bədənin gizli SOS siqnalı!
Səhər yuxudan oyanarkən gözdə və üzdə şişkinlik, buxaq, üz rənginin pisləşməsi kimi hallar hiss etdikdə, çoxları bunu yaşlanma ilə əlaqələndirir. Lakin bunun əsas səbəbi limfa axınının pisləşməsi ola bilər.
Bu barədə təbii gəncləşmə üzrə ekspert Afaq Qurbanzadə Xpress.az-a danışıb.
Ekspertin sözlərinə görə,hər səhər limfa axını yaxşılaşdırılmalıdır.limfa sistemi bədənin təmizləyici və müdafiə mexanizmidir. Onun əsas işi immuniteti gücləndirmək, şişkinliyi aradan qaldırmaq və toksinləri bədəndən uzaqlaşdırmaqdır. Limfa mayesi (ağ rəngə yaxın şəffaf maye) qan damarlarına bənzər limfa damarları boyunca hərəkət edir.
“Üzdə limfa axını yuxarıdan aşağı, bədəndə isə ayaqdan yuxarı istiqamətdə gedir. Limfa axınının ‘ürəyi’ baldır əzələsidir. Üzdə isə boyun, çeynəmə və sinə əzələlərinin sıxlığı və hərəkətsizliyi limfanın dayanmasına, nəticədə üzün şişməsinə səbəb olur,” – deyə Afaq Qurbanzadə bildirib.
Onun sözlərinə görə, bu maye hüceyrələrdə yığılan tullantı maddələri, ölü hüceyrələri və toksinləri toplayır. Daha sonra limfa limfa düyünlərindən keçərək orqanizmdəki zərərli maddələri, mikrobları və bakteriyaları süzür. Axının sonunda limfa yenidən qan dövranına qaytarılır. Bu prosesin davamlı olması vacibdir, əks halda ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.
Limfa axınının pisləşməsi nəyə gətirib çıxarır?
Ekspert bildirir ki, limfa axını zəiflədikdə və ya tıxandıqda orqanizmdə tullantı maddələr toplanır. Bu isə həm daxildə, həm də üzdə bir sıra mənfi nəticələr doğurur:
Üzdə və dəridə əlamətlər:
Səhər şişkinliyi (xüsusən gözaltı və yanaqlarda)
Solğun, yorğun dəri rəngi
Dəridə sızanaq və toksin mənşəli qızartılar
Dərinin elastikliyinin azalması, sallanma
Gözaltı tünd halqalar
Bədəndə təsirlər:
Yorğunluq, halsızlıq hissi
Baş ağrıları
İmmunitetin zəifləməsi
Sərin əllər və ayaqlar (qan və limfa dövranı zəif olanda)
Bədəndə şişkinlik (ödem)
Limfa axınını necə yaxşılaşdırmaq olar?
Afaq Qurbanzadə qeyd edib ki, limfa axını əzələlər işlədikdə aktivləşir. “Xüsusilə ayaq, boyun və sinə əzələlərinin çalışdırılması vacibdir. Çox vaxt çənə altında toplanan mayeni buxaqla səhv salırıq, halbuki səbəb əzələ spazması nəticəsində orada yığılan maye ola bilər,” – deyə o bildirib.
Ekspert limfa axınını yaxşılaşdırmaq üçün aşağıdakı tövsiyələri verib:
Üz və bədən üçün limfa drenaj masajı
Üz idmanı (face yoga) və yüngül hərəkətlilik
Gündəlik kifayət qədər su içmək
Dərin nəfəs məşqləri (limfa sistemində “nasos” rolunu oynayır)
Sağlam qidalanma və duzun azaldılması
Yaxşı yuxu və stressin azaldılması
“Bu qaydalara düzgün riayət olunduğu təqdirdə, qeyd edilən neqativ hallar aradan qalxacaq,” – deyə ekspert vurğulayıb