“Yapon alimləri dişi yenidən çıxaran dərman hazırladı!”
-Yapon alimləri dişin yenidən çıxmasını təmin edən texnologiya hazırlayıb
Yaponiyada alimlər diş itkisini tamamilə aradan qaldıra biləcək inqilabi texnologiya üzərində çalışırlar. Osaka Tibb və Əczaçılıq Universitetinin tədqiqatçısı, professor Katsu Takahashi və onun komandası insanların itirdiyi və ya yaranmamış dişlərinin yenidən böyüməsini təmin edən dərman hazırlayıb.
-Yeni texnologiya USAG-1 adlı zülalı hədəfə alır. Bu zülal normal halda diş inkişafını əngəlləyir. Tədqiqatçılar bu zülalın fəaliyyətini bloklayan monoklonal antikor hazırlayıb və nəticədə orqanizmin diş formalaşdırma mexanizmini yenidən aktivləşdirməyə nail olublar.
-Heyvanlar üzərində aparılan təcrübələr ümidverici nəticələr göstərib. Siçan və yarasalar üzərində aparılan sınaqlarda dərman tətbiqindən sonra tam formalaşmış yeni dişlərin çıxdığı müşahidə olunub. Heç bir ciddi yan təsir qeydə alınmayıb.
Hazırda dərman insanlarda sınaq mərhələsindədir. Yaponiyada 2024-cü ildən etibarən birinci faza klinik sınaqlarına start verilib. İlkin mərhələdə məqsəd dərmanın təhlükəsizliyini yoxlamaqdır. Sonrakı mərhələlərdə isə müalicə doğuşdan diş çatışmazlığı olan uşaqlarda və diş itkisi yaşamış yetkin şəxslərdə tətbiq ediləcək.
-Mütəxəssislərin fikrincə, bu dərman uğurlu olarsa, 2030-cu illərdə insanların itirilmiş dişlərinin təbii şəkildə bərpası mümkün ola bilər.
Hazırkı məlumatlara görə, texnologiya hələ klinik istifadəyə tam hazır deyil və diş həkimliyi praktikasında geniş tətbiq olunmur. Bununla belə, mütəxəssislər bu yeniliyin gələcəkdə implant və protezlərə alternativ ola biləcəyini istisna etmirlər.