"Yeni dövr başlayır” Rəşad Məcid
Sosial şəbəkələrin inkişafının pik həddə çatması yazılı mətbuata da təsirsiz ötüşməyib. Son dövrlər ən çox müzakirə olunan suallardan biri budur: yazılı mətbuat gələcəkdə də fəaliyyətini davam etdirə biləcəkmi? Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Xpress.az-a fikirlərini bölüşüb:
“Təbiidir ki, son illərdə həm elektron medianın, həm də xəbər saytlarının inkişafı, eləcə də sosial medianın geniş yayılması istər-istəməz yazılı mətbuata olan marağı azaldıb. Artıq demək olar ki, hər kəsin əlində telefon var və insanlar xəbəri, informasiyanı ilk olaraq saytlardan və sosial mediadan əldə edirlər.
Düzdür, yazılı mətbuat orqanlarının əksəriyyətinin öz saytları mövcuddur, lakin təəssüf ki, sosial şəbəkələrdə yayılan videoçarxlar və qısa xəbər formatları daha çox maraq doğurur. Bu isə belə bir sualı gündəmə gətirir: gələcəkdə qəzetlər – ümumilikdə yazılı mətbuat – qalacaqmı, yoxsa yox?”
Rəşad Məcid bildirib ki, hazırda qəzetlərin əsas gəlir mənbəyi satışdır, lakin bu sahədə ciddi azalma müşahidə olunur. Reklam gəlirləri isə demək olar ki, yoxdur.
“Son illərdə yazılı mətbuatın yaşaması yalnız dövlətin maliyyə dəstəyi hesabına mümkün olub. Biz bu dəstəyə görə dövlətimizə təşəkkür edirik. Hazırda həmin dəstək sayəsində yazılı mətbuat fəaliyyətini davam etdirir. Amma etiraf etməliyik ki, bu tendensiya uzunmüddətli olarsa, yazılı mətbuatın dövrü tədricən başa çata bilər və o, formasını dəyişməyə məcbur qalacaq.”
Bununla belə, o hesab edir ki, ənənəvi jurnalistikanın əsas janrları — şərhlər, reportajlar, müsahibələr və araşdırma yazıları — yeni media mühitində də qorunmalıdır.
“İnanıram ki, bu xaotik dövr keçib gedəcək və peşəkar media yenidən ön plana çıxacaq”, – deyə Rəşad Məcid vurğulayıb.
Afaq Qurbanzadə