Ali təhsil 3 olur – Sistem Tamamilə Dəyişir?
"Ali təhsilin üç ilə endirilməsi məsələsi son zamanlar həm regionda, həm də Avropada təhsil islahatlarının əsas müzakirə mövzularından biridir. Türkiyədə bu istiqamətdə atılan addımlar, təhsil sisteminin sürətlə dəyişən əmək bazarına uyğunlaşdırılması baxımından müasir və cəsarətli qərar kimi görünür. Amma eyni modelin Azərbaycanda tətbiqi məsələsinə gəldikdə, burada daha dərin və çoxmərhələli yanaşma tələb olunur"
Bu fikirləri Xpress.az saytına açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.
"Əvvəla, hazırkı ali təhsil sistemimiz struktur olaraq bu keçidə tam hazır deyil. Bizdə bir çox ixtisaslarda nəzəriyyə ilə praktikanın uzlaşması problemi hələ də qalır. Yəni tələbə dörd il oxuyub məzun olanda belə, bazarda real tələblərə uyğun bilik və bacarıqlara tam sahib olmur. Bu problemi həll etmədən təhsili üç ilə endirmək, sadəcə müddəti azaltmaq effekti verər, amma keyfiyyəti yüksəltməz.
Digər tərəfdən, üçillik modelin uğurlu işləməsi üçün tədris proqramlarının tamamilə yenilənməsi, yəni modullaşdırılması vacibdir. Dərs yükləri azaldılmalı, fənlərin təkrarı aradan qaldırılmalı, tələbənin bacarıq yönümlü inkişafına imkan yaradılmalıdır. Bu gün bizdə hələ də bir çox ixtisaslarda “məzmun təkrarı” müşahidə olunur — eyni mövzu həm bakalavr, həm magistr pilləsində eyni yanaşma ilə tədris edilir.
Əgər Azərbaycan bu istiqamətdə addım atmaq istəyirsə, əvvəlcə təhsil proqramlarının çevikləşdirilməsi, kredit sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və müəllim heyətinin metodoloji hazırlığı məsələləri həll edilməlidir. Çünki sistemin özü dəyişmədən illərin sayını azaltmaq, təhsilin mahiyyətini gücləndirmir, əksinə, zəiflədir.
Reallıq budur ki, əmək bazarı artıq diplomu deyil, bacarığı qiymətləndirir. Əgər ali təhsil müəssisələri tələbəyə 3 il ərzində praktiki, innovativ və tətbiqi biliklər verə bilsə, bu model Azərbaycanda da uğurlu ola bilər. Amma bu, yalnız “müddət islahatı” deyil, “məzmun islahatı” ilə yanaşı gedərsə.
Ümumilikdə, biz bu dəyişiklik üçün müəyyən mənada konseptual baxımdan hazırıq — yəni təhsil ictimaiyyəti və tələbələr bu barədə düşünür, müzakirə aparır. Amma struktur və sistem baxımından hələ hazırlıq mərhələsindəyik. Bu məsələ emosional deyil, elmi əsaslarla və mərhələli şəkildə həyata keçirilməlidir".