Dünyanın diqqətini çəkən hadisə- FİL BALALARININ PROBLEMİ HƏLL OLUNDU
Hindistanın Kaziranga Milli Parkında qoruma altına alınan iki fil balası, Rupa və Aashi, travmatik hadisələr nəticəsində yuxu problemi ilə üzləşiblər.
3 aylıq Rupa cəmi bir neçə həftəlik olanda dar bir dağ keçidinə düşüb və anasının yanına çata bilmədiyi üçün bir müddət sıxışıb qalıb. Onun nalə səslərini eşidən kəndlilər balaca fili taparaq baxım mərkəzinə gətiriblər.
Digər qəhrəmanımız 11 aylıq Aashi isə təkbaşına gəzərkən bölgə sakinləri tərəfindən tapılıb. Sürüsünə qaytarılsa da, bir müddət sonra yenidən tək tapılıb, bu isə onun anası və sürüsü tərəfindən rədd edildiyini göstərib.
Analarının sevgisindən və istiliyindən məhrum qalan balaca fillər depressiya yaşamağa və gecələr yuxuya getməkdə çətinlik çəkməyə başlayıblar. Bu da onların sağlamlığına mənfi təsir göstərib.
Mərkəzdə çalışan baytarlardan biri isə qeyri-adi bir fikir irəli sürüb — fil balaları üçün xüsusi paltar tikmək. Əvvəlcə digər işçilər bunun faydasız olacağını düşünsələr də, başqa alternativ olmadığı üçün plan həyata keçirilib.
Nəticədə fil balalarının ön və arxa ayaqlarına corab və çəkmələr, üstlərinə isə yorğanlardan tikilmiş geyimlər geyindirilib. Bu sayədə onlar soyuq torpaqdan qorunaraq isti və rahat şəkildə yuxuya gedə biliblər.
Baytarların xüsusi qayğısı sayəsində Rupa və Aashi sağlamlıqlarını bərpa edib, səhərlər isə daha xoşbəxt və gümrah oyanırlar. Ayaqları çıxmış və bədənində dərin yaralar olan Rupa, həmçinin susuzluq və kədərdən xəstələnmiş Aashi, təxminən 1,5–2 illik xüsusi baxımdan sonra yenidən təbiətə buraxılacaqlar.
Xpress.az