Elon Musk robotlar ordusunu idarə etmək istəyir
Tesla şirkətinin baş direktoru Elon Musk gələcəkdə robotlar ordusunu idarə etmək istədiyini bildirib.
Xpress.az xəbər verir ki, milyarder bu açıqlamanı Tesla-nın üçüncü rüb üzrə maliyyə nəticələrinin müzakirə edildiyi konfrans zəngi zamanı səsləndirib. O, şirkətdəki gələcək mövqeyindən narahat olduğunu və Tesla-nın robot ordusu yaratmaq planlarını həyata keçirmək üçün daha çox təsir gücünə malik olmaq istədiyini deyib.
“Əgər bu nəhəng robotlar ordusunu yaratsam, Tesla-da nə qədər paya və nəzarətə sahib olacağam? Gələcəkdə məni işdən çıxara bilərlərmi?” — deyə Musk səhmdarlardan soruşub.
Electrek portalının məlumatına görə, əvvəlcə Musk Tesla-da daha böyük pay əldə etməklə Optimus humanoid robotlarına “nəzarət etmək” istədiyini qeyd edib. Lakin daha sonra açıqlamasını dəqiqləşdirərək “nəzarət” deyil, “güclü təsir” və robotları yönləndirmək qabiliyyəti nəzərdə tutduğunu bildirib.
Muskın bu açıqlaması Teslanın direktorlar şurasının ona 1 trilyon dollarlıq rekord səhm təzminatı paketi təklif etməsindən sonra gəlib. Hərçənd o, artıq şirkətin ən böyük səhmdarıdır, lakin bu addım onun şirkət üzərində təsirini daha da artıracaq.
Electrek jurnalistləri isə xəbərdarlıq ediblər ki, Tesla həqiqətən də robotlar ordusu yaratmağa nail olarsa, bu texnologiyanın bir nəfərin – Elon Muskın – tam nəzarəti altında olması ciddi narahatlıq doğura bilər.
Xatırladaq ki, oktyabrın sonunda Elon Musk gələcəkdə insanların artıq işləməyə ehtiyac duymayacağı barədə proqnoz verib. Onun sözlərinə görə, texnologiyanın inkişafı nəticəsində insanlar özlərini tam şəkildə sevimli məşğuliyyətlərinə və yaradıcılığa həsr edə biləcəklər.