Rusiya və Ukrayna orqanlar mübadiləsi aparır
Ukrayna Hərbi Əsirlərin Koordinasiya Mərkəzi Rusiya ilə cəsəd mübadiləsi çərçivəsində 1000 ukraynalı hərbi əsirin cənazəsinin Rusiyadan alındığını açıqlayıb. Rusiya tərəfi isə Ukraynadan 30 rus əsgərinin cəsədini təhvil aldığını bildirib.
Mərkəzin bəyanatında qeyd olunub ki, Ukrayna və Rusiya arasında davam edən müharibədə həyatını itirən hərbi əsirlərin cəsədlərinin qarşılıqlı dəyişdirilməsi həyata keçirilib. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) əməkdaşlığa görə təşəkkür edilib və əlavə olunub: “Təhlükəsizlik qüvvələrinin istintaq qrupları və Daxili İşlər Nazirliyinin rəsmiləri təhvil alınan cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlayacaqlar”.
Rusiya mənbələri isə “İstanbulda sülh danışıqları çərçivəsində həyata keçirilən mübadilə nəticəsində Rusiya Ukraynadan 30 rus əsgərinin cəsədini qəbul edib” ifadəsini işlədib.
Xatırladaq ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra tərəflər arasında diri hərbi əsirlər də daxil olmaqla çoxsaylı mübadilələr aparılıb. İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keçirilib. Türkiyənin ev sahibliyi ilə Çırağan Sarayında baş tutan görüş təxminən bir saat davam edib və nəticədə iki ölkə arasında hərbi və mülki əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Xpress.az