Ukraynalı deputat: "Putinin Ukraynanı məhv etmək istəyi fanatik səviyyədədir."
ABŞ-ın sülh planı hazırlaması və Putinin də bu təşəbbüsü müəyyən dərəcədə dəstəklədiyi barədə məlumatlar yayılıb. Ukrayna–Rusiya müharibəsi isə hələ də səngimək bilmir və bu gərginlik dünya iqtisadiyyatının zəifləməsinə, eləcə də genişmiqyaslı psixoloji və mənəvi sarsıntılara səbəb olur. Bəs Ukrayna bu müharibənin dayanmasına hansı zərərsiz şəkildə nail ola bilər? Ümumiyyətlə ABŞ-ın planı hansı nəticələrlə tamamlanacaq? – bu barədə Ukraynalı deputat, hüquq elmləri doktoru, professor Aleksandr Marejko Xpress.az saytına xüsusi müsahibəsində danışıb.
-Planın mahiyyəti haqqında nə deyərdiniz??
-Biz planın məzmununu bilmirik. Onun tam hüquqi sənəd olduğuna dair KİV-in yaydığı məlumata da güvənə bilmərik. Əksinə, bu məsələdə ciddi qarışıqlıq yaranıb və əks fikirlər səsləndirilib. Əvvəl deyilirdi ki, bu Rusiyanın planıdır, daha sonra fikirlər dəyişdi. Mənim bildiyimə görə, bu Rusiyanın planıdır və Dmitri tərəfindən hazırlanıb. Bu şəxs Putinin etibar etdiyi biri deyil, siyasi mövqeyi sıfırdır və Rusiya siyasətində heç bir dəyəri yoxdur. Vitkovun da siyasətdə bir neçə ciddi diplomatik səhvləri olub. Mənbələri analiz etdikdə görünür ki, bu çox şübhəli plandır. Əgər KİV-in yaydığı sənəddən danışırıqsa, onun Kreml tərəfindən hazırlandığı açıq şəkildə görünür.
Müharibə dünya iqtisadiyyatına ciddi təsir edir. Ukrayna bu müharibəni dayandırmaq üçün hansı yol seçə bilər?
Bilirsiniz, bu bir manyak kimidir: daha zəif qurbana hücum edir və onu öldürməyə çalışır, qurban isə özünü qorumaq məcburiyyətində qalır. Sual budur: cinayəti necə dayandırmaq olar? Qurban özünümüdafiəni dayandıraraq özünü öldürməyə icazə verməlidirmi? Biz də belə vəziyyətdə qalmışıq. Bizi öldürürlər. Beynəlxalq hüquqa görə aqressiv hücum cinayətdir və bu cinayət təkcə Ukraynaya qarşı deyil, bütün dövlətlərə qarşı hesab olunur. Cinayəti dayandırmağın yeganə yolu – manyakı dayandırmaq, cəzalandırmaq və kompensasiya ödəməyə məcbur etməkdir. Bu yeganə sivil və beynəlxalq hüquqa uyğun çıxış yoludur.
Hələlik bunu görmürük. Minimum olaraq Trampın əvvəlki ideyasına qayıtmaq lazımdır. O demişdi: “Şübhəsiz ki, atəşkəsin bərqərar olunması və danışıqların başlanması prioritetdir.” Əlbəttə, bu ən ideal variant deyil, amma müəyyən müddət üçün məntiqli görünə bilər.
Burada iki məsələ var: birincisi, Rusiya ilə bir masa arxasında əyləşməyin heç bir mənası yoxdur, çünki verdikləri sözlərin heç biri tutulmayıb. İkincisi, Putin Ukraynanın müstəqil yaşamasına heç vaxt icazə verməz. Onların məqsədi ərazi işğalı deyil – Ukrayna dövlətini məhv etməkdir.
Putinin Ukraynanı məhv etmək istəyi fanatik səviyyədədir. Milyondan çox əsgəri itirsələr də, sanki bundan məmnundurlar. Rusiyanın 70%-i Putinin siyasətini dəstəkləyir və ukraynalıların öldürülməsinə sevinirlər. Onlar hərbi cinayətkarı dəstəkləyir və maliyyələşdirirlər.
Bu müharibənin dayanması üçün nə etmək lazımdır?
Yeganə çıxış yolu – Avropa və ABŞ Rusiyanın neft və qazını almağı dayandırmalıdır. Maksimum təzyiq göstərilməlidir. Rusiya iqtisadiyyatı neft-qaz gəlirlərindən asılıdır. Bu mənbə kəsilərsə, müharibə də dayanacaq. Rusiyanın neft və qazını alan ölkələrə sanksiya tətbiq olunmalıdır. Putinin müharibə üçün pulu olmadıqda müharibəni davam etdirməsi mümkün olmayacaq. Pul isə yalnız o zaman qurtarar ki, rus neft və qazının alınması tamamilə dayandırılsın.
Afaq Qurbanzadə