Teatrların taleyi kimə əmanət olunub? - Vakansiya xaosu!
Son illər ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dövlət teatrlarında qəribə bir mənzərə yaranıb: səhnələrdə həyat davam etsə də, həmin səhnələrin arxasında — idarəçilik otaqlarında — ciddi boşluqlar hökm sürür. Bir çox teatrlar uzun müddətdir direktor və baş rejissor vəzifələri olmadan fəaliyyət göstərir. Bu isə teatrların yaradıcı potensialına, planlarına və ən əsası, gələcəyinə birbaşa təsir göstərir.
Teatr yalnız aktyorların və rejissorların işi deyil. Bu, həm də idarə olunan, planlanan, yönləndirilən bir qurumdur. Direktorun yoxluğu teatrın “nəfəs ritmini” pozur, yaradıcılıqla idarəçilik arasındakı harmoniya itir.
Hazırda bir neçə teatrda bu uyğunsuzluq açıq şəkildə hiss olunur.
İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsi sentyabr ayından vakantdır. Müvəqqəti olaraq Zivər Abbasova idarəetməni icra edir, lakin müvəqqəti rəhbərlik teatrın uzunmüddətli strategiyasını müəyyənləşdirə bilmir.
Gəncə Dövlət Milli Dram Teatrında da eyni vəziyyət yaranıb. Aqil Bəhramlı Musiqili Teatra direktor təyin edildikdən sonra Gəncə Teatrı yönəticisiz qalıb. İdarəetmədə yaranan boşluq isə birbaşa yaradıcılığın keyfiyyətinə təsir edir.
Şuşa Dövlət Musiqili Dram Teatrı Yadigar Muradovun vəfatından sonra hələ də rəsmi direktor təyinatını gözləyir. Teatrın simvolik əhəmiyyəti nəzərə alınanda bu boşluq xüsusilə narahatedici görünür.
Şəki Dövlət Dram Teatrı artıq üç ildir direktorsuz fəaliyyət göstərir. Bu qədər uzun müddət müvəqqəti idarəetmə ilə teatrın sabit inkişafından danışmaq mümkün deyil.
Mingəçevir, Qax və Füzuli teatrlarında da oxşar mənzərə yaşanır: müvəqqəti rəhbərlər, qeyri-müəyyənlik və uzun sürən təyinat gözləntisi.
Baş Rejissorsuz Teatrlarımız
Bir teatr üçün direktor nə qədər vacibdirsə, baş rejissor da bir o qədər həyati əhəmiyyət daşıyır. Repertuarın qurulması, tamaşaların səviyyəsi, teatrın yaradıcılıq xətti — bunların hamısı baş rejissorun imzasını daşıyır.
Lakin bir neçə teatrda bu vəzifə də illərdir vakantdır.
Milli Gənc Tamaşaçılar Teatrı iki ildir baş rejissorsuz fəaliyyət göstərir. Ölkənin ən dinamik teatrlarından biri olan bu kollektivin yaradıcı istiqamətsiz qalması ciddi boşluq yaradır.
Qazax Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Mingəçevir Teatrında da vəziyyət eynidir: kiminsə təqaüdə getməsi, başqa teatra keçirilməsi və ya sadəcə vəzifənin boş qalması nəticəsində baş rejissor təyinatı yoxdur.
Xüsusilə bir məqam diqqət çəkir: Mingəçevir Teatrı həm direktorsuz, həm də baş rejissorsuz fəaliyyət göstərir. Bu isə teatr üçün təhlükəli balanssızlıq deməkdir.
Vacant vəzifələr: sadəcə kadr çatışmazlığı deyil
Teatr sahəsində vakant vəzifələr təkcə kadr çatışmazlığını göstərmir. Bu, həm də teatrların inkişaf strategiyasının dayanması, yaradıcılıq enerjisinin zəifləməsi, bölgə teatrlarının mərkəzdən uzaqlaşması deməkdir.
Rəhbərsiz teatrda yaradıcı kollektiv motivasiya itirir, planlar ləngiyir və nəticədə tamaşaçı da bu böhranın təsirini hiss edir.
Mədəniyyət sahəsi təsadüfləri sevmir. Teatr isə heç vaxt sevmir. Rəhbərsiz teatr — səhnədə işığı yandıran, tamaşanı yönləndirən və tamaşaçıya yol göstərən bir şəxsin olmaması deməkdir.
Bu gün teatrlarımızın qarşısında duran əsas məsələ budur: vakansiyaların gecikmədən, şəffaf şəkildə və peşəkar seçimlə doldurulması.
Teatr insanın ruhunu yaşadan sənətdirsə, o ruhun idarəçiləri də vaxtında yerini almalıdır.
Xpress.az