KinoBox.az – Azərbaycan kinosunun rəqəmsal gələcəyini müəyyən edən yeni platforma
Azərbaycanın kino sahəsində rəqəmsal transformasiyanın növbəti mərhələsi hesab olunan KinoBox.az platforması İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcılıq Həftəsi 2025 çərçivəsində geniş ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimi milli kino mühitinin tanınmış simalarının, rejissorların, aktyorların və yaradıcı sənaye nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə çıxış edən layihənin yaradıcısı, rejissoru və prodüseri Elvin Abdulla bildirib ki, KinoBox.az müxtəlif dövrlərə aid Azərbaycan filmlərini vahid platformada birləşdirməklə həm yerli, həm də xarici tamaşaçıların milli kinoya çıxış imkanını genişləndirməyi hədəfləyir. Onun sözlərinə görə, platforma yalnız film izləmə xidməti deyil, eyni zamanda Azərbaycan kino irsinin rəqəmsal arxivinin formalaşdırılması istiqamətində mühüm layihədir.
İştirakçılara KinoBox-un interfeysi, funksional bölmələri və texniki üstünlükləri nümayiş etdirilib. Buraya rahat axtarış sistemi, yüksək görüntü keyfiyyəti, çevik kontentə çıxış modeli və beynəlxalq inteqrasiya imkanları daxildir.
Platformanın təqdim olunmuş kataloqunda: Azərbaycan kino klassikləri, son illərin ən çox müzakirə olunan ekran işləri, qısametrajlı filmlər, sənədli layihələr, eləcə də yeni orijinal kontent yer alır. Bu da KinoBox-u həm nostalji kino sevərlərin, həm də müasir trendləri izləyən tamaşaçıların seçiminə çevirir.
Tədbirdə nümayiş olunan film parçaları və sınaq baxışları qonaqlar tərəfindən maraqla qarşılanıb. İştirakçılar platformanın istifadədə rahatlığı və təqdim etdiyi funksionallığın milli kino sənayesinin inkişafı üçün yeni imkanlar açdığını vurğulayıblar.
Mütəxəssislərin fikrincə, KinoBox.az Azərbaycan kinosunun rəqəmsal mühitdə davamlı inkişafı üçün vacib infrastruktur yaradır. Layihə həm də ölkənin yaradıcı sənaye sektorunu dəstəkləyən qurumların iştirakı ilə həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə platformanın kataloqunun genişləndirilməsi və daha çox orijinal kontentin təqdim olunması planlaşdırılır.
Tədbirin sonunda layihədə iştirak edən yaradıcı komanda üzvlərinə və milli kino sahəsinin görkəmli nümayəndələrinə fəxri diplomlar təqdim edilib. Tədbir tanınmış aktyor Azər Aydəmirin aparıcılığı ilə baş tutub.
KinoBox.az-ın təqdimatı Azərbaycan kino sənayesinin rəqəmsallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilir. Platforma milli kino irsinin qorunması, təbliği və qlobal auditoriyaya çatdırılması üçün yeni imkanlar açır. Gözləntilərə görə, KinoBox.az yaxın illərdə ölkənin ən böyük rəqəmsal kino mərkəzlərindən birinə çevriləcək.