“Sosial şəbəkələr ədəbiyyatın rəqibi deyil, onun yeni imkanlarıdır” – Nizami Cəfərov
Sosial şəbəkələrin sürətlə genişləndiyi dövrdə ədəbiyyatın cəmiyyətdəki rolu və gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Bəziləri sosial platformaların ədəbiyyatı arxa plana çəkdiyini iddia etsə də, digərləri bunun yeni imkanlar yaratdığını bildirir. Mövzu ilə bağlı Atatürk Mərkəzinin direktoru, akademik, Azərbaycanın tanınmış dilçi-alimi Nizami Cəfərov Xpress.az-a danışıb. Alim sosial şəbəkələrin ədəbiyyata təsirindən tutmuş, cəmiyyətin mənəvi inkişafına qədər bir çox məsələyə aydınlıq gətirib.
– Son illər sosial şəbəkələrin sürətli inkişafı ədəbi prosesin də istiqamətini dəyişib. Sizcə, bu platformaların yayılması ədəbiyyata zərər vurur, yoxsa əksinə yeni imkanlar yaradır?
– Sosial şəbəkələrin inkişafı və genişlənməsi artıq qaçılmaz prosesdir. Onu nə məhdudlaşdırmaq, nə də tam nəzarətdə saxlamaq mümkündür. Burada əsas məsələ ondan düzgün istifadə etməkdir. Əslində sosial şəbəkələr ədəbiyyat üçün yeni platforma yaradır: şairlər şeirlərini, yazarlar hekayə və esselərini paylaşır, ədəbi müzakirələr aparılır. Yəni bu mühit ədəbiyyatın əleyhinə yox, onun bir parçasıdır.
– Bəzən deyilir ki, sosial şəbəkələr ədəbiyyatı “korlayıb”. Keçmişdə vəziyyət daha yaxşı idimi?
– Bu fikir doğru deyil. Sosial şəbəkələr olmayan dövrdə də ədəbi proses tam problemsiz deyildi. Cəmiyyətin böyük bir hissəsi ədəbiyyatın mahiyyətini dərk etmirdi. Yazıçılar Birliyinə qədər gedib çıxan intriqalar, şəxsi qarşıdurmalar vardı. Yəni bu gün sosial şəbəkələrə aid edilən qarışıqlıq əslində tarixən mövcud olan ictimai problemin başqa formasıdır. Sadəcə indi bu problemlər görünən mühitdə baş verir.
– Sovet dövründə ədəbiyyata marağın daha güclü olduğu haqda fikirlər var. Buna münasibətiniz necədir?
– Bəli, o dövrdə ədəbiyyata maraq yüksək idi, amma bu həm keyfiyyətli, həm də keyfiyyətsiz əsərlərə aiddir. Bəzən dəb rol oynayırdı. İndi isə ədəbiyyat qarşısında qoyulan tələblər daha sərtdir. Sovet dövründə çox oxunan əsərlərin böyük qismi bu gün aktuallığını itirib. Biz indi yalnız nostalji ilə yox, real tələbatla danışmalıyıq.
– Yeni nəsildə ədəbiyyata marağın azaldığı fikirləri tez-tez səslənir. Siz belə düşünürsünüzmü?
– Xeyr. Mən hesab etmirəm ki, yeni nəsil ədəbiyyatdan uzaqlaşıb. Bəşəriyyət həmişə ədəbiyyata ehtiyac duyub və bundan sonra da duyacaq. Sadəcə dövr dəyişdikcə ədəbiyyatın mövzuları, prioritetləri də dəyişir. Bir vaxtlar sosial mövzular ön planda idisə, bu gün insanın daxili aləmi, mənəvi dilemması daha aktualdır.
– Sosial şəbəkələrdə şəxsi məsələlərin çox sərt şəkildə müzakirəsi cəmiyyətdə hansı dəyişikliklər yaradıb?
– Doğrudur, bəzi şəxsi məsələlər bəzən çox vulqar şəkildə gündəmə gətirilir və bu, münasibətlərin harmoniyasını pozur. Amma zamanla cəmiyyət bu tarazlığı tapacaq. Tarix boyu mənəviyyat, ictimai fikir və əxlaq mühitində həm irəli addımlar, həm də geri çəkilmələr olub. Bu, inkişaf prosesinin tərkib hissəsidir.
– Yazıçıların bu prosesdə rolu nədən ibarətdir?
– Yazıçı sadəcə ilhamla işləyən insan deyil. O, həm də mütəxəssisdir. Yazıçının işi nə alim, nə müğənni, nə də sadəcə yaxşı natiq olan biri tərəfindən əvəz oluna bilər. Çünki burada hissiyyatla intellektin sintezi var. Yazıçılıq çox mürəkkəb və özünəməxsus sahədir. Bu sahəyə bəzən keyfiyyətsiz düşüncə sahibləri də daxil olur və onların sayı adətən çox olur. Problem də buradan başlayır.
– Ədəbiyyatın inkişafında ziyalıların və dövlətin rolu necə olmalıdır?
– Dövlət yalnız şərait yarada bilər. Dövlət minlərlə kitab mağazası açsa belə, oxucu sayı avtomatik artmayacaq. Bu, cəmiyyətin öz düşüncə tərzi ilə bağlıdır. Mədəniyyət Nazirliyi bu istiqamətdə müəyyən layihələr həyata keçirir, Yazıçılar Birliyi öz işini görür. Lakin əsas yük ziyalıların üzərinə düşür. Keçmişdə Bəxtiyar Vahabzadənin ideyaları zamanla reallaşdı. Çünki cəmiyyət buna hazır idi.
– Sonda cəmiyyətin ədəbiyyata münasibətini necə qiymətləndirirsiniz?
– Mən inanmıram ki, cəmiyyət ədəbiyyata maraq göstərmək istəməsin. Çünki ədəbiyyat bu cəmiyyətin öz məhsuludur, başqa yerdən gəlməyib. Ədəbiyyat insan təfəkkürünün nəticəsidir. Sadəcə cəmiyyət bir qədər dəstək olmalıdır. İşlər tədricən qaydasına düşəcək, balans yaranacaq və biz uğurlu yolumuzu tapacağıq.
Afaq Qurbanzadə
Xpress.az