Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Gülər Coşqunsoy:
Gülər Coşqunsoy:
Mədəniyyət

Gülər Coşqunsoy: Ədəbiyyat və idman sahəsində nümunəvi fəaliyyət

Xpress.az Redaksiyası 11.12.2025 12:46

Gülər Coşqunsoy 15 noyabr 1994-cü ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qəbələdə tamamlayan Gülər xanım, ali təhsilini Azərbaycanda maliyyə ixtisası üzrə almışdır. Daha sonra o, Türkiyədə təhsilini davam etdirərək Sakarya Universitetində bakalavr, Marmara Universitetində isə magistratura pilləsini bitirmişdir.

Müəllifin ədəbi fəaliyyəti 2019-cu ildə başlanmışdır. Həmin il onun iki əsəri — “Lider” dərgisi və “Böyük Türkün Dastanı” kitabı işıq üzü görmüşdür. “Böyük Türkün Dastanı” kitabı Türkiyə Mədəniyyət Nazirliyi vasitəsilə ölkənin bütün milli kitabxanalarına təqdim edilmiş, eləcə də Üsküdar Bələdiyyəsinin təşkilatçılığı ilə imza günü keçirilmişdir. Bu tədbirlərdən birində Gülər xanım əsərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmiş və əsər yüksək qiymətləndirilərək təşəkkürə layiq görülmüşdür.

2022-ci ildə Gülər Coşqunsoy Ümumtürk dünyasının ənənəvi Poeziya Şöləninə Bursa ev sahibliyi etdiyi tədbirdə türk respublikaları arasında ilk xanım yazar olaraq xüsusi mükafata layiq görülmüşdür. Şölən üçün müəllif türkün soyağacını 50 səhifəlik poeziya əsəri ilə əks etdirmişdir.

2023-cü ildə Gülər xanım dombra musiqisi üzərində “Milli Xilaskar” şeirini yazaraq səsləndirmiş, həmin il keçirilən Azərbaycan prezident seçkilərində İlham Əliyevə dəstəyini açıqlamışdır.

2025-ci ildə müəllifin iki yeni əsəri — “Milli Xilaskar” və “Ulu Röya Yolunda” nəşr olunmuşdur. “Milli Xilaskar” Azərbaycan dövlətçilik tarixi və Prezident İlham Əliyevin fəaliyyətini əhatə edən ilk iri həcmli poema və pyesdən ibarət əsərdir. “Ulu Röya Yolunda” isə 2023-cü ilə qədər elan edilmiş bütün Azərbaycan Milli Qəhrəmanlarından və şəhid general Polad Həşimovdan bəhs edən geniş həcmli poemadır. Hər iki əsər Azərbaycan Zəfər tarixinin ideya xəttini əks etdirən dəyərli mənbə kimi qiymətləndirilir. Kitabların ilk təqdimatı 6 noyabr tarixində Atatürk Mərkəzində keçirilmişdir.

Gülər Coşqunsoy ədəbiyyat sahəsindəki fəaliyyətindən əlavə idmanla da məşğuldur. O, paraolimpiya idman növü olan Goalball üzrə Azərbaycan üzrə yeganə beynəlxalq sertifikatlı məşqçi statusuna malikdir. Türkiyə Görmə Əngəllilər Federasiyası ilə əməkdaşlıq edən müəllif, bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi üçün Gənclər və İdman Nazirliyinə layihə təqdim etmişdir. Layihə təsdiq olunduğu halda fəaliyyətin Vətən müharibəsi zamanı görmə qabiliyyətini itirmiş qazilər üçün də həyata keçiriləcəyi nəzərdə tutulur.

Gülər Coşqunsoy Türkiyə Silahlı Qüvvələrinin qazi komandasının məşqçisi Kamal Hasgür ilə evlidir.

Gülər xanımın fəaliyyəti ədəbiyyat və idman sahələrində fərqlənərək, həm milli dəyərlərin təbliği, həm də cəmiyyətin müxtəlif sahələrinə töhfə vermək baxımından diqqətəlayiqdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək