Yeni tarix yazılır
Elşad Heydərov yazır...
2022-ci il dekabrın 12-də başlayan və 138 gün – təxminən 5 ay davam edən **“EKO AKSİYA”**da mənim də özünəməxsus payım, məsuliyyətim oldu. Dekabrın 13-dən etibarən qısa fasilələrlə, 100 gündən artıq müddətdə Xankəndi–Laçın yolunun Şuşadan keçən hissəsində keçirilən bu haqlı mübarizədə AzTV-nin operatoru kimi fəaliyyət göstərdim.
Qışın ən sərt günlərində başlayan aksiya nə yaşlı, nə də gənc könüllü eko-aktivistləri qorxutdu. Onlar bütün çətinliklərə baxmayaraq əzmlə, inamla mübarizəni davam etdirirdilər.
Biz media nümayəndələrinin əsas vəzifəsi aksiyanın gedişatını, iştirakçıların tələblərini ölkə və dünya ictimaiyyətinə operativ və dolğun şəkildə çatdırmaq idi. Saatlar günlərə, günlər aylara çevrilirdi – zaman isə demək olar ki, hiss olunmurdu. O günlər qürurlu olduğu qədər də ağır idi. Xoş anlarla yanaşı, çətin sınaqlarımız da az olmadı.
Dekabrın 12-də başlayan aksiyaya mən və müxbir yoldaşım Ruslan Həsənov bir gün sonra – ayın 13-də qoşulduq. Aksiyanın ilk günlərində müəyyən texniki və təşkilati çətinliklər mövcud idi, lakin qısa müddətdə bütün problemlər aradan qaldırıldı və yüksək səviyyədə şərait yaradıldı.
Əsas çətinlik isə operatorların üzərinə düşürdü. Bizim öhdəliyimiz aksiya iştirakçılarının yanında olmaq, baş verənləri anbaan izləmək, çəkilişləri həyata keçirərək materialları kanal mərkəzinə vaxtında ötürmək idi. İştirakçılar gün ərzində müəyyən olunmuş qrafik üzrə növbələşirdilər. Amma operatorlar üçün belə bir rahatlıq yox idi.
İlk günlərdə cəmi iki operatorla işləyirdik. Birimiz səhər saat 08:00-dan gecə 00:00-a qədər, digəri isə 00:00-dan 08:00-a qədər növbədə olurdu. Bu qrafiki də özümüz tənzimləyirdik. Gecə saat 12-də gəlməli olan operator yoldaşım Zaur Dadaşova tez-tez zəng edib deyirdim: “Gəlmə, mən deyən vaxt gələrsən.” Fiziki gücüm çatsaydı, 24 saat fasiləsiz işləyərdim.
Bilirsiniz niyə?
Çünki o anların hər saniyəsinə şahid olmaq, tarixə çevrilən bu prosesin bir parçası olmaq istəyirdim. Buna mane olan tək şey yuxu idi. Gecə saat 2-3 radələrində artıq gücüm tükənəndə Zauru çağırırdım.
Səhər tezdən isə yenidən aksiya yerində olurdum. Həmin günlərdə bir çox telekanal iki kamera ilə işləyirdi: biri YouTube üzərindən 24 saat canlı yayıma, digəri isə xəbər buraxılışları, reportajlar və canlı bağlantılar üçün ayrılmışdı. İki kameraya eyni anda nəzarət etməyin nə qədər çətin olduğunu bu sahənin içində olanlar çox yaxşı bilirlər.
Bütün bu çətinliklərə baxmayaraq, bütün KİV nümayəndələri – mən də daxil olmaqla – işimizi böyük həvəslə görürdük. Yorulurduqmu? Əlbəttə. Amma yorğunluq hissi gələndə oradakı gənc iştirakçılara baxmaq kifayət edirdi. Düşünürdün ki, artıq müəyyən yaşın var, soyuğa da, aclığa da, yorğunluğa da dözə bilərsən. Bəs onlar? Onlar dözürsə, sən də dözməlisən.
Bu düşüncə insana qəribə bir güc verirdi. Elə bilirdin ki, yorulmamısan və yorula da bilməzsən. Sadəcə işləməlisən.
Günlər belə-belə keçirdi. Təqvim dəyişdikcə hiss edirdim ki, müqavimətim azalır, immunitetim zəifləyir. Amma bunu kimsəyə demir, hiss etdirmirdim. Qorxurdum ki, desəm, məni geri qaytararlar. Qayıtmaq da istəmirdim, xəstələnmək də.
Lakin bədən işin ağırlığına tab gətirə bilmədi. Əvvəl baş ağrıları, başgicəllənmə başladı, daha sonra burun qanamaları… Burnumdan qan açılan kimi kimsəyə görünmədən bir kənara çəkilir, qan dayanmasını gözləyirdim. Bu hal bir neçə dəfə təkrarlandı.
Tez-tez yoxa çıxdığımı görən Ruslan Həsənov məni axtara-axtara tapdı. Vəziyyəti görən kimi qoluma girib, demək olar ki, zorla məni çadırda yerləşən tibb məntəqəsinə apardı. Başda Oqtay həkim olmaqla, bütün tibbi personal dərhal səfərbər oldu. Onların bu diqqəti təkcə mənə deyil, müraciət edən hər kəsə eyni həssaslıqla göstərilirdi.
Bir tibb bacısı təzyiqimi ölçür, digəri alnıma soyuq su butulkası qoyurdu. Oqtay həkim isə əlində dərmanlı uzun bint hazırlayırdı. Bu mənzərəni izlədikcə nəyinsə qaydasında getmədiyini anlayırdım. Bir qədər sonra bint burnuma yerləşdirildi və qanaxmanın dayanması üçün uzanmalı olduğum bildirildi.
Məcbur uzandım. Tibb bacısı başımın üstündə dayanmışdı. Bu vaxt kənardan biri şəkil çəkirdi. Oqtay həkim zarafatla dedi: “Gəlin, kollektiv şəkil də çəkdirək.” Mən uzanıqlı vəziyyətdə, ətrafıma yığışıb şəkil çəkdirdilər. Zarafatla dedim:
— Elşad can hayındadır, həkimlər isə şəkil çəkdirir.
Cəmi 5–10 dəqiqə uzana bildim. Xəbər buraxılışının vaxtı yaxınlaşırdı, canlı efirə çıxmalı idik. Ruslanla birlikdə işimizin başına qayıtdıq və efiri başa vurduq.
Məni o vəziyyətdə görən digər kanalların operatorları hamısı bir ağızdan:
— Get otelə, biz sənin yerinə də işləyərik, — dedilər.
Hamısına təşəkkür edib bunun mümkün olmadığını bildirdim.
Burnumdakı bint məni narahat edirdi. Həkimlərin “hələ tezdir” demələrinə baxmayaraq, çıxarılmasını istədim. Qısa müddət sonra qanaxma yenidən başladı. Ruslan bu dəfə də məni utandığıma baxmayaraq yenidən həkimə apardı. İkinci dəfə eyni prosedur tətbiq olundu…
ARDI VAR…

