Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Toy müğənnilərinə fəxri ad, əsl sənətçilərə susqun...
Toy müğənnilərinə fəxri ad, əsl sənətçilərə susqunluq
Mədəniyyət

Toy müğənnilərinə fəxri ad, əsl sənətçilərə susqunluq – mədəniyyətdə nə baş verir?

Xpress.az Redaksiyası 18.12.2025 20:46

Son vaxtlar sosial şəbəkələrdə bir sıra mədəniyyət xadimləri Mədəniyyət Nazirliyi ilə bağlı iradlarını açıq şəkildə ifadə edirlər. Xüsusilə mükafatların və fəxri adların verilməsində ədalətsizliklə bağlı narazılıqlar diqqət çəkir.

Mövzu ilə əlaqədar Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov Xpress.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti artıq 30–40 il əvvəlki cəmiyyət deyil:

Azərbaycan cəmiyyəti getdikcə inkişaf edir, ictimaiyyət daha ayıqdır və dünyada baş verən tendensiyalara uyğun sosial fəallıq nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə sosial, ictimai və digər sahələrdə problemlər yarandıqda ictimai nəzarətin vacibliyini vurğulayıb və bu məsələlərə diqqət çəkib. Bu baxımdan son illər mədəniyyət sahəsində də ciddi ictimai nəzarət mövcuddur.

Aydın Xan Əbilov qeyd edib ki, Mədəniyyət Nazirliyi ilə bağlı narazılıqlar yazı-pozu adamları, mədəniyyət və incəsənət xadimləri, eləcə də mədəniyyət yönümlü QHT-lər tərəfindən geniş şəkildə səsləndirilir. Onun sözlərinə görə, faktlar rəsmi şəkildə sübuta yetirilməsə də, son illər toy müğənniləri səviyyəsində olan şəxslərə fəxri adların və mükafatların verilməsi ictimaiyyətdə ciddi narazılıq yaradıb.

Müsahib bildirib ki, Mədəniyyət Nazirliyinin ayrı-ayrı məmurları ilə bağlı ictimai və mədəniyyət xadimləri dəfələrlə mətbuatda, mediada və sosial şəbəkələrdə tənqidi mövqe sərgiləsələr də, bu iradlar çox zaman qulaqardına vurulub və nəticədə sistemdə problemlər dərinləşib.

A.Əbilov son dövrdə iki əsas narazılığın xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bunlardan biri Mədəniyyət Nazirliyinin alış-satış müsabiqəsində qalib elan edilən yazıçılar və kitab müəllifləri ilə bağlıdır. Digər ciddi narazılıq isə mədəniyyət sahəsində QHT-lər üçün keçirilən layihə müsabiqəsinin nəticələri ilə əlaqədardır. Onun sözlərinə görə, bu müsabiqələrdə mədəniyyətə heç bir aidiyyəti olmayan, tanınmayan təşkilatlara qrantlar ayrılıb və qrantların məbləği açıqlanmadığı üçün ictimai narazılıqlar daha da artıb.

Aydın Xan Əbilov Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın da effektiv fəaliyyət göstərmədiyini deyib. O bildirib ki, şura ictimai nəzarəti təmin etmək əvəzinə, əsasən özünə yaxın təşkilatlara qrant ayrılması ilə məşğul olur. Halbuki şuranın tərkibində dəyərli şəxslər olsa da, onların səsi eşidilmir və real ictimai nəzarət həyata keçirilmir.

Onun sözlərinə görə, İctimai Şura formalaşdırılarkən mədəniyyətlə əlaqəsi olmayan şəxslər QHT şəbəkələri vasitəsilə manipulyasiyalar edərək şuraya seçiliblər, real mədəniyyət təşkilatları isə prosesdən kənarda qalıb. Bu da mövcud vəziyyətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Müsahib vurğulayıb ki, mükafatların və fəxri adların verilməsi ilə bağlı ictimai etirazlar hələ də davam edir. Dövlət tədbirlərinə sənətçilərin dəvətindən tutmuş rəsmi adların təqdim olunmasına qədər bir çox məsələdə müəyyən təsir mexanizmlərinin mövcud olduğu iddia edilir. Onun sözlərinə görə, sənəti və səsi olmayan şəxslərə rəsmi adların verilməsi cəmiyyətdə ciddi narazılıq doğurur.

Aydın Xan Əbilov qeyd edib ki, rəsmi adlar və dövlət mükafatları ali səviyyədə təsdiqlənsə də, siyahıların hazırlanması və icrası aidiyyəti qurum – Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Son illər Nazirlikdə baş verən həbslər, işdən çıxarılmalar və ictimai ifşalar bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir və gələcəkdə də bu prosesin davam edəcəyi istisna edilmir.

O əlavə edib ki, bu cür hadisələr mədəniyyət sahəsi üçün olduqca ağrılıdır, çünki mədəniyyət Azərbaycan xalqının kimliyini və özünəməxsusluğunu ifadə edən əsas dəyərdir. Azərbaycan sənəti, musiqisi, muğamı, ədəbiyyatı və poeziyası beynəlxalq səviyyədə tanınır və dəfələrlə UNESCO tərəfindən təsdiqlənmiş uğurlarla sübut olunub.

Aydın Xan Əbilov vurğulayıb ki, Azərbaycanın mədəniyyət siyasəti dövlət səviyyəsində güclü və nümunəvidir. Ölkəmizin beynəlxalq platformalarda, UNESCO və BMT qurumlarında təmsil olunması, multikulturalizm sahəsində təşəbbüsləri bunu bir daha sübut edir. Belə bir şəraitdə mədəniyyət xadimlərinə və mədəniyyət yönümlü QHT-lərə qarşı məmur laqeydliyi qəbuledilməzdir.

Sonda müsahib bildirib ki, yaxın gələcəkdə mədəniyyət sahəsində mövcud problemlərlə bağlı ciddi tədbirlərin görüləcəyinə ümid edir.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək