Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Samir Şəfiyev:
Samir Şəfiyev:
Mədəniyyət

Samir Şəfiyev: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür

Xpress.az Redaksiyası 29.12.2025 16:57

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm ideoloji və siyasi hadisələrindən biridir. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş, həmin iclasda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Sonradan bu təşəbbüs ölkə parlamenti tərəfindən dəstəklənmiş və 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti 31 dekabrı rəsmi bayram günü elan etmişdir. Beləliklə, bu tarix dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ümummilli bayrama çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin və bərabərliyin dərin mənəvi-siyasi simvoludur. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, süni maneələrin aradan qaldırılması xalqımızın parçalanmış taleyinə etirazın və birləşmək iradəsinin açıq ifadəsi idi. Bu hadisələr bir daha sübut etdi ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq vahid millətdir. Həmrəylik Günü milli dirçəlişin, müstəqil dövlətçilik uğrunda səfərbərliyin və gələcəyə inamın təcəssümüdür.

Dünya azərbaycanlılarının həmrəyliyinin ideoloji əsaslarını yaradan və bu prosesi ardıcıl dövlət siyasətinə çevirən Ulu Öndər Heydər Əliyevin bu sahədə xidmətləri müstəsnadır. O, həmrəyliyin yalnız bir bayram çərçivəsində deyil, daimi və məqsədyönlü fəaliyyət kimi formalaşmasını vacib hesab edirdi. Xarici səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşən Ulu Öndər onların problemləri ilə yaxından maraqlanır, təşkilatlanmanın gücləndirilməsi üçün konkret tövsiyələr verirdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir… Mən fəxr edirəm ki, azərbaycanlıyam!” fikri bu gün də hər bir soydaşımız üçün milli qürur manifestidir.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri daim diqqət mərkəzində saxlayır, diasporun müstəqil dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu sahəsində mühüm institusional addımlar atılmış, 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2018-ci ildə Azərbaycan Diasporuna Dəstək Fondu təsis edilmiş, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə bu sahədə fəallıq stimullaşdırılmışdır. Bu tədbirlər dünya azərbaycanlılarının daha sıx və sistemli təşkilatlanmasına güclü təkan vermişdir.

Dünya Azərbaycanlılarının Qurultayları milli birliyin beynəlxalq miqyasda möhkəmlənməsində mühüm mərhələlərdir. 2001-ci ildə keçirilən I Qurultaydan başlayaraq bu proses ardıcıl şəkildə inkişaf etmiş, xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən V Qurultay – Zəfər Qurultayı tarixə qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin həmin Qurultaydakı çıxışı dünya azərbaycanlılarının Zəfər ruhu ətrafında birləşdiyini və müstəqil Azərbaycanın qalib dövlət kimi yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Vətən müharibəsi isə dünya azərbaycanlılarının həmrəyliyini real siyasi və mənəvi gücə çevirdi. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün yüksək fəallıq nümayiş etdirdilər, anti-Azərbaycan təbliğatına qarşı prinsipial mövqe ortaya qoydular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu fəaliyyət Qələbəmizin ayrılmaz tərkib hissəsinə çevrildi. “Dəmir yumruq” həm hərbi qələbənin, həm də milli birliyin rəmzi oldu.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayan on milyonlarla azərbaycanlını vahid ideya ətrafında birləşdirən güclü mənəvi platformadır. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Qələbə ilə möhkəmlənmiş bu birlik sübut edir ki, müstəqil Azərbaycan dünya azərbaycanlıları üçün təkcə Vətən deyil, həm də qürur, güc və ümid mənbəyidir.

Samir Şəfiyev
Sumqayıt Dövlət Dram Teatrının direktoru
Sumqayıtxeber.com

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək