Şuşada Ekoloji Aksiya və Vətən Ruhunun Təntənəsi
2022-ci ilə əlvida deyib, böyük ümidlərlə 2023-cü ili Xankəndi–Laçın yolunun Şuşadan keçən hissəsində keçirilən **“EKO AKSİYA”**da qarşılayırdıq. Yeni ili Şuşada keçirməyin əvəzolunmaz bir duyğu olduğunu sözlə ifadə etmək çətindir. Üstəlik, bunu Vətən üçün önəmli bir missiyanı yerinə yetirərkən yaşamaq bu hissləri daha da dərinləşdirirdi.
Soyuq, şaxtalı havanın hökm sürdüyü o günlərdə üşümürdük. Çünki Şuşada olduğumuzu və bu torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ruhlarının yanımızda olduğunu hiss edirdik.
Eko-aktivistlərin Qətiyyətli Mövqeyi
İlk növbədə eko-aktivistlərdən danışmaq istəyirəm. Onlar əli silahlı Rusiya sülhməramlı kontingentinin qarşısında sipər kimi dayanaraq, haqq və ədalət tələb edirdilər. Müsahibə aldığımız hər bir iştirakçı demək olar ki, eyni fikri səsləndirirdi:
“Separatçı rejim Qarabağdakı faydalı qazıntıları talamaqdan əl çəkənədək bu dinc aksiyamız davam edəcək".

Fərqli dillərdə səsləndirilən şüarlar isə olduqca konkret və qəti idi:
Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!
Ekoloji cinayətlərə son!
Azərbaycan milləti sərvətini qoruyacaq!
Ekoçidə YOX, monitorinqə HƏ!
Stop ecocide!
Tələbələrin Könüllü İştirakı
Bu aksiya ölkəmiz üçün böyük əhəmiyyət daşıdığına görə, könüllü iştirak etmək istəyən tələbələrin də sayı az deyildi. Onlar Azərbaycanımızın sərvətlərinin talanmasına “DUR” demək üçün fasiləsiz şəkildə Şuşaya gəlirdilər.

Könüllü tələbələrin gəldiyi günlərin birində avtobus aksiya ərazisinə çatanda biz operatorlar onları lentə alırdıq. Elə bu zaman qulağıma utancaq bir səslə deyilən “ATA” sözü gəldi. İlk anda bunun darıxdığım qızımın səsinə bənzədiyini düşündüm və işimə davam etdim. Lakin səs yenidən eşidildi.
Bu dəfə səsə tərəf döndüm və gördüm ki, Milli Aviasiya Akademiyasının tələbəsi olan qızım Dilşad Heydərzadədir. Bir anlıq nə gözlərimə, nə də qulaqlarıma inana bildim. Qısa bir kövrəklikdən sonra bunun gerçək olduğunu anladım.
Təəccüblə soruşdum:
— Qızım, sənin burada nə işin var?
O isə gülümsəyərək cavab verdi:
— Ata, günlərdir bu soyuqda burada dayanan uşaqlardan mənim nə əksiyim var? Bir də səni görmüş oldum. Nəyi pisdir?
Sonradan anladım ki, bu sualı verməməli idim. Biz övladlarımızı hər zaman vətənpərvər ruhda böyütmüşük və Dilşadın burada olması tam təbii idi.
Birliyin və Ruhun Gücü
Dilşad cəmi 24 saat aksiya ərazisində qaldı. Lakin aksiyanın əvvəlindən sonuna qədər orada olan, adlarını bu gün xatırlamasam da, fədakarlıqlarını nə mən, nə media nümayəndələri, nə də Vətən unudacaq insanlar var idi.

Bir çoxu ailəsindən ilk dəfə uzaq qalan bu gənclər darıxdıqlarını hiss etdirmədən, gecə-gündüz şüarlarını səsləndirir, mübarizələrini davam etdirirdilər.
Onlara əlavə ruh verən amillərdən biri də polis və Daxili Qoşun əməkdaşlarının yüksək peşəkarlıqla xidmətdə olmaları idi. Eyni zamanda Fövqəladə Hallar və Səhiyyə Nazirliyinin əməkdaşları da ərazidə fasiləsiz xidmət göstərirdilər.
Soyuq Gecədə İsti Ürəklər
Axşam düşdükcə hava daha da soyuyur, çəlləklərdə yanan odunlar isə daha gur alışırdı. İştirakçılar həmin çəlləklərin ətrafına yığışaraq söhbət edir, bir-birini daha yaxından tanıyırdı.
Bu vaxt müxbirlərim Ruslan Həsənov və Elnur Tofiq iştirakçılara yaxınlaşaraq fikirlərini öyrənirdilər. Müsahibələr əsasən aksiya ilə bağlı olsa da, bəzən mövzudan kənara çıxan, yadda qalan anlar da yaşanırdı.
Şeir səsləndirənlər, musiqi alətlərində ifa edənlər, vətənpərvər mahnılar oxuyanlar aksiyaya xüsusi bir ab-hava qatır, soyuq gecələri unudulmaz edirdilər.
