Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Molla Nəsrəddin”in güzgüsündə Naxçıvan:
“Molla Nəsrəddin”in güzgüsündə Naxçıvan:
Mədəniyyət

“Molla Nəsrəddin”in güzgüsündə Naxçıvan: “Şərq qapısı” ilə əlaqələr

Xpress.az Redaksiyası 07.01.2026 22:47

Məşhur “Molla Nəsrəddin” jurnalının nəşrə başladığı 1906-cı ildən qapandığı 1931-ci ilədək çap olunan nömrələrində Naxçıvan mövzusu çox geniş şəkildə öz əksini tapıb. Həm çar Rusiyası, həm də sovet dönəmində Naxçıvana dair jurnalda dərc olunan materiallar vasitəsilə  XX  əsrin ilk 30 ilində bu qədim diyarda baş verən bir çox neqativ halların ifşası ilə yanaşı, onun ictimai-siyasi və mədəni mühiti ilə də tanış olmaq mümkündür. Jurnalın “Şərq qapısı” qəzetinə münasibəti və həmin qəzetin fəaliyyətini həmişə  diqqətdə saxlamasının isə özünəməxsus tarixçəsi vardır. “Molla Nəsrəddin”in  1923-1930-cu il nömrələrində “Şərq qapısı” ilə bağlı 10-dək yazı dərc olunub. “Şərq qapısı”nın adına ilk dəfə jurnalın 18 fevral 1923-cü il tarixli 13-cü nömrəsində rast gəlirik. Həmin nömrədə “CIRCIRAMA” imzası ilə dərc olunan “Əslinə mütabiqdir. Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində” sərlövhəli yazı belə başlayır: “Maarif komissarı HƏMİD BƏY MAHMUDOV bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər dərsləri saat doqquzdan yarım saat gec başladılar. Bunu gördükdə komissar müəllimləri nəinki bir töhmət verməklə qurtarır, hələ bəlkə bunları haman günkü zəhmət maaşlarından məhrum edir. Bunnan işimiz yoxdur. Amma bunu edəndən sonra haman verdiyi hökmü “Şərq qapısı” qəzetində də çapa verdirir. Bunilə də işimiz yoxdur. Ancaq haman hökmün axırında yazılıb “əslinə mütabiqdir”.
Sonra müəllif rişxənd obyektinə çevirdiyi “əslinə mütabiqdir” ifadəsinə belə bir izah verir ki, çar Rusiyası dövründə müfəttişlər müəllimləri “zəhmət maaşından məhrum qılarmış”, bu vaxt “maarif vəzirlərinin belə-belə çürükmürük hökmləri doxsan doqquz kitaba girərdi və rəsmi cəridələrdə nomerli və təfsilli dərc olunardı”,  bəzən isə “müəllimlərdə tənbəllik görəndə bunları atalıq nəsihəti ilə düzənə salıb gedərdilər”.
Müəllif yazını bu sözlərlə bitirir: “Biz müntəzir idik ki, indi gərək işlər köhnə işlərə bənzəməyə və azad məmləkətdə azad maarifin komissarı müəllim yoldaşları tənbəl gördükdə onları yoldaşlıq nəsihəti ilə düzəldəydi, nəinki töhmət və cərimə ilə”.
Yazıda tənqid olunan HƏMİD MAHMUDOV Naxçıvanın xalq maarif komissarı olmaqla yanaşı, həm də “Şərq qapısı” qəzetinin ilk redaktoru idi. “Molla Nəsrəddin”nin onu müəllimləri kiçik bir nöqsana görə töhmətləndirməsi üçün tənqid etməsi haqlı görünür. Lakin aşağısında “əslinə mütabiqdir” yazmaqla həmin töhməti qəzetdə dərc etdirməsində H.MAHMUDOVUN günahı yox idi. Çünki sovet hakimiyyətinin ilk illərində kommunist ideologiyasını əhalinin beyninə yeritmək üçün hər vasitədən istifadə olunurdu. “Əslinə mütabiqdir” tipli yazıların qəzetlərdə dərc olunmasına yuxarılardan verilən göstərişlər də belə təsiredici vasitələrdən biri idi. Ona görə təsadüfi deyil ki, “Şərq qapısı” “Molla Nəsrəddin”in bu istiqamətdəki tənqidini qəbul edə bilməmişdir.
Əslində o vaxt “Molla Nəsrəddin”in özü də müəyyən hallarda yuxarı dairələrin təsirindən yaxa qurtara bilmirdi.
“Molla Nəsrəddin” “Şərq qapısı”na mötəbər bir mətbuat orqanı kimi baxdığından ara-sıra onun səhifələrində dərc olunan məqalələrə istinadlar edir və bu yazılardan sitatlar gətirməyə də diqqət yetirirdi. Məsələn, jurnalın  1926-cı il 18-ci nömrəsində “LAĞLAĞI” imzalı müəllifin “Əmmalar” adlı yazısında belə bir yer vardır: “Deyirlər ki, Eçmiyadzin qəzasının Hacı Bayram kəndində bir nəfər yaxşı molla var ki, adı Molla Səfərəlidir və çox böyük kitablar oxuyubdur... Amma, amma bunun bircə eybi budur ki, arvadlara yalandan dua yazır ki, uşağı olsun və belə duaya 15 manat pul alır “Şərq qapısı”.
Jurnalın 1927-ci il 27-ci nömrəsində isə “XƏSTƏ” imzalı müəllif “Şərq qapısı”na istinadən yazır ki, 1927-ci ilin iyun ayının 14-də Naxçıvanda “Əsli və Kərəm” operasının tamaşası zamanı “sabiq müəllimlərdən biri arvadlar oturan tərəfə hücum edib arvadını və bacısını teatr salonundan çıxarıb “Mənim arvadım və bacım teatra gəlməz”,- deyə bar-bar bağırıb söyüşlərə başlar... Milislər tərəfindən böyük bir çalışmadan sonra teatr salonundan çıxarılıb milis idarəsinə aparırlar”.
“YAZAN DEYİLƏM” imzalı müəllifin “Noraşendən” başlıqlı yazısında da “Şərq qapısı”na istinad olunur. Jurnalın 11 avqust 1927-ci il tarixli 33-cü nömrəsində dərc olunan həmin yazı  belə başlayır: “Ay Molla Əmi! Noraşen poçta xidmətçiləri gündə gəlib mənə deyirlər ki, nə üçün poçta müdirini “Molla Nəsrəddin” jurnalına yazmayırsan ki, posta xidmətçilərilə yaxşı rəftar etməyir?” Sonra müəllif müxtəlif yaramazlıqlar haqqında yazan müxbirlərin təqib olunduğundan həyəcanlandığını bildirir və fikrini belə yekunlaşdırır: “O gün posta xidmətçilərindən birini “Şərq qapısı”na vermişdilər. O saat qəzeti götürüb müxbirlərin adını-zadını bilmiş, məhkəməyə verdi. Mən də gördüyümdən qorxuram, ona görə yazmayacağam”.
Yazıda müxbirlərin təqib edilməsi haqqıdakı məlumat həqiqətə uyğun idi. Tənqid hədəfləri olan adi şəxslərdən tutmuş vəzifə sahiblərinədək bütün mənfi tiplər müxbirlərə qarşı səlib yürüşünə keçməsi haqqında keçən əsrin 30-cu illərində fəaliyyət göstərən mətbuat orqanlarında istənilən qədər fakt və məlumatlara rast gəlmək olur. Qəzetin ilk müxbirlərindən olan və yazılarını “Gənc pioner”, “Kəndin balası”, “Sələsüzlü”, “Asim” kimi gizli  imzalarla dərc etdirən, sonralar şair kimi məşhurlaşan MÜZƏFFƏR NƏSİRLİNİN bir xatırlaması da bu baxımdan maraq doğurur: “Mən 1929-cu ildə pedaqoji məktəbi bitirdikdən sonra Ordubad rayonunun Vənənd kəndinə müəllim təyin olundum. Kənddəki özbaşınalığı “Şərq qapısı”nda tənqid etdiyimdən, guya kənd soveti sədrini təhqir etmişəm, deyə məni məhkəməyə verdilər. Lakin məhkəmə mənə bəraət verdi. Kənd sovetinin sədri isə cəzalandırıldı. Bütün bunlara görə də biz tənqidi məqalələrin altında gizli imza qoyurduq. Lakin yenə yazının müəllifinin kim olduğunu öyrənib təqib edirdilər, hətta ölümlə qorxudurdular (M.Nəsirli. Keçmişi xatırlarkən. “Şərq qapısı” qəz., 1971, 16 noyabr.).
Vaxtilə “Şərq qapısı”na redaktorluq edən MƏMMƏDƏLİ TARVERDİYEVİN bizə yazdığı (Fərman Xəlilov – 60. Ömür yolu. Tərtib edən S.İbrahimov. Naxçıvan; “Əcəmi” NPB, 2013, s. 137-138) 8 aprel 1985-cı il tarixli məktubunda da müxbirlərin təqibi ilə bağlı maraqlı qeydlər vardır: “Yaşlı və gənclərdən ibarət ən fəal müxbirlərdən MƏMMƏDƏLİ ƏSƏDULLAZADƏ, ƏKBƏR ABBASOV, RƏHİM BABAYEV, ZİYAD və SULTAN QOÇƏLİYEVLƏR, ABBAS ABBASOV, İBN YƏMİN, MƏMMƏDƏLİ TARVERDİYEV, HÜSEYN ƏZİMOV, ƏBDÜL KAZIMOV, HÜSEYN və RAFİQ İMANOVLAR, MƏMMƏD ƏSGƏROV, YAQUB QASIMOV, XƏLİL MƏHƏRRƏMOV, MUSA MƏMMƏDOV, QƏDİM QƏDİMOV və başqalarını göstərmək olar. Onlar çoxlu tənqidi məqalə yazardılar, zəhmətkeşlərlə sıx əlaqə saxlar, təşkilatlara gedər və kolxozlarda olar, yazacaqları məqalələrin faktlarını düzgün dəqiqləşdirərdilər.
Bəzi müxbirlər tənqidi yazılarına görə ciddi təqib olunurdular. Bunlardan XƏLİL MƏHƏRRƏMOVU, MUSA MƏMMƏDOVU, QƏDİM QƏDİMOVU Noraşen rayonundan; MƏMMƏDƏLİ ƏSƏDULLAZADƏNİ, ƏKBƏR ABBASOVU, MƏMMƏD ƏKBƏROVU Naxçıvan şəhərindən və başqalarını misal göstərmək olar.
Bu təqiblər müxbirləri ehtiyatlı olmağa, gizli imzalarla çıxış etməyə məcbur edirdi. Məsələn ƏKBƏR ABBASOV -“Bisavad”, XƏLİL ABBASOV - “Fikirli”, MƏMMƏD ƏKBƏROV – “Zəki”, MƏMMƏDƏLİ TARVERDİYEV – “İstedadlı”, “Hüseynoğlu”, QƏDİM QƏDİMOV – “Sədərəkli”, MUSA MƏMMƏDOV – “Kəndli” kimi gizli imzalarla çıxış edirdilər”.
Müxbirlərin təqib edilməsi haqqında 5-7 oktyabr 1930-cu ildə keçirilən IV Naxçıvan ölkə müxbirlər konfransına aid “Şərq qapısı”nda dərc olunan materiallarda daha ətraflı və dəqiq məlumatlar vardır. Konfransda çıxış edən müxbirlər və mətbuat sahəsində çalışan vəzifəli şəxslər yekdilliklə belə bir fikir ifadə etmişlər: “Müxbirlərə canlı rəhbərlik olmaması üzündən onlar çox təqiblərə uğrayırlar... şəxsi tənqidi boğan və müxbirləri həyasızcasına təqib edən məsul işçilər vardır”.
Müxbirləri təqib edənlər özlərini müdafiə etmək üçün o qədər saxtakarlıqlara əl atırdılar ki, kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək bəzən çox çətin olurdu. “Molla Nəsrəddin”in redaktoru C.MƏMMƏDQULUZADƏNİN ilk dəfə bizim tərəfimizdən aşkara çıxarılan bir məktubu göstərir ki, o da belə bir çətinliklə rastlaşmışdır. Həmin məktub “Şərq qapısı”nın 30 oktyabr 1930-cu il tarixli 57-ci nömrəsində dərc edilmişdir. Bu, C.MƏMMƏDQULUZADƏNİN “Şərq qapısı”nda çap olunan ilk və son yazısıdır. Məktubun tam mətni belədir: “Sizin teleqrammanın məzmununa bütünlülə şərikəm. Jurnalımızda sizin haqqınızda dərc olunmuş məqalənin haqsız və mənasızlığına hər kəsdən artıq mən özüm mütəəssüf oluram. Redaksiya namından ən səmimi qəlbdən olaraq sizdən üzr istəyərək təmin edirəm ki, bu işi hər hansı orqana göndərmiş olsanız belə, bizim öhdəmizə düşən yalnız öz əfvedilməz günahımızı boynumuza almaqdır. Redaktor CƏLİL MƏMMƏDQULUYEV”.
Araşdırmalar nəticəsində C.Məmmədquluzadənin bu üzrxahlıq məktubunu məhz “Şərq qapısı” qəzeti vasitəsilə lazımi ünvanına çatdırmasının səbəbini aydınlaşdırmaq mümkün olmuşdur. Məsələnin təfsilatı belədir: “Şərq qapısı”nın “Bisavad” imzası ilə yazan müxbirinin “Molla Nəsrəddin”in 1930-cu il tarixli 28-ci nömrəsində dərc olunan “Xəstə müdir” adlı kiçik həcmli yazısında Naxçıvan Firqə Komitəsi təşkilat şöbə müdirinin (o vaxt bu vəzifədə milliyyətcə erməni olan Danelyan işləyirdi) 12 gün işə getməyərək evində eyş-işrət məclisi qurması tənqid olunur. Jurnalın növbəti nömrəsində isə DANELYANIN eyş-işrət məclisində karikaturası verilir (“Molla Nəsrəddin” jur., 1930, № 29, s. 8). İki nömrə sonra jurnalda dərc olunan “Təhqiqat nəticəsi” başlıqlı məlumatda gözlənilmədən “Xəstə müdir” yazısındakı faktlar və bu faktlar əsasında çəkilən karikaturanın doğru olmadığı bildirilir (“Molla Nəsrəddin” jur., 1930, № 30, s. 7).
Heç vaxt ağa qara deməyən “Molla Nəsrəddin”in bu məsələyə münasibətindəki “ehtiyyatsızlığının” səbəbini müəyyən etmək üçün digər mənbələrə də müraciət etdik. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan C.MƏMMƏDQULUZADƏNİN şəxsi arxivindən tapdığımız “Şərq qapısı” qəzetinin müxbirləri M.Ə.ƏSƏDULLAZADƏ, R.BABAYEV, N.ƏLİZADƏ, M.Ə.SEYİDOV, X.ABBASOV, K.TAĞIYEV, İ.İMANZADƏ VƏ N.HACILININ C.MƏMMƏDQULUZADƏYƏ ünvanladığı bir məktub kimin haqlı, kimin haqsız olduğunu aşkara çıxardı. Məktubda həyəcanla bildirilir  ki, Naxçıvanda müxbirləri təqib etmək işləri sizə aşkardır, bunu Zaqafqaziya Kontrol Komisyonu da təsdiq etmişdir. Xüsusi komissiya ayrılmışdır ki, ali idarələr vasitəsi ilə “Xəstə müdir” yazısının müəllifini müəyyən etsinlər. “Xahiş edirik onun imzasını heç bir təşkilata verməməli və gizlin saxlamalı. Çünki məqaləni yalana çıxarmağa çalışırlar” (“Molla Nəsrəddin” idarəsinə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, C.Məmmədquluzadənin arxivi 6, Q-9 (315).).
Deyilənlərdən belə nəticə çıxarmaq olar: “BİSAVAD” imzalı müəllif vəzifəsinə məhəl qoymadan Danelyanı tənqid etdiyi üçün təqibə məruz qalmışdır; Səkkiz nəfər müxbirin imzaladığı 7 oktyabr 1930-cu il tarixli məktubla vaxtında tanış ola bilməyən C.MƏMMƏDQULUZADƏ DANELYANIN daha əvvəl göndərdiyi və indi mətni əlimizdə olmayan teleqramına inanmış və redaksiya adından ondan üzr istəmişdir.
Vaxtilə baş vermiş bu əhvalat “Molla Nəsrəddin”lə “Şərq qapısı”nın münasibətlərinə heç bir xələl gətirməmişdir.
Araşdırmalardan aydın olur ki, “Molla Nəsrəddin” həmişə “Şərq qapısı”nı izləmiş, onun səhifələrində dərc olunan materiallarla yaxından tanış olmuşdur. Zəngin təcrübəyə malik olan bu jurnal yeri gəldikcə “Şərq qapısı”nın daha mükəmməl tərtibatla çap olunması üçün ona bəzi məsləhətlər verməyi də məqsədəuyğun hesab etmişdir. Bu baxımdan jurnalın 1925-ci il 4-cü nömrəsində dərc olunan və bir qədər yumoristik xarakter daşıyan yazıya diqqət etmək kifayətdir: “Ordubadda bir komissiyon təyin olunubdur ki, gedib “Şərq qapısı” qəzetəsinin 3-cü sayında Ordubaddan yazılan doqquz məktubları bir sərlövhə altına toplasın”.
“Şərq qapısı” qəzetinin 1925-ci il tarixli 3-cü nömrəsini nəzərdən keçirərkən “Molla Nəsrəddin”in haqlı olduğu aşkara çıxır. Yəni qəzetin həmin nömrəsinnin 2, 3 və 4-cü səhifələrində 8 dəfə “Ordubaddan”, 1 dəfə isə “Əylisdən” sərlövhəsi ilə  müxtəlif başlıqlı yazılar dərc olunmuşdur
Əvvəla, qəzetin bir nömrəsində respublikanın eyni regionu haqqında bu sayda yazının verilməsi nöqsanlı idi, ikincisi “Molla Nəsrəddin”in tövsiyə etdiyi kimi bunlar bir sərlövhə ─ “Ordubaddan” sərlövhəsi altında verilsə idi, tərtibat baxımından daha mükəmməl olardı.
“Molla Nəsrəddin” jurnalı “Şərq qapısı”na abunə kompaniyasının təşkili və onun  vaxtlı-vaxtında oxuculara çatdırılması məsələlərinə də qayğı ilə yanaşırdı. Məsələn, jurnalın 1928-ci il 6-cı nömrəsində belə bir elan verilmişdir: “Naxçıvan şəhərində nəşr olunan “Şərq qapısı” qəzetinə abunə dəftəri açıqdır...”
Jurnalın 1928-ci il 14-cü nömrəsində isə “CÜCƏ” imzalı müəllif yazır: “Naxçıvanda yanvarın 12-də çıxan “Şərq qapısı” qəzeti Ordubada yanvarın 22-də ancaq gəlib çıxır. Bakıda çıxan “Molla Nəsrəddin” jurnalı ayın 12-də Bakıda çap olunur, ayın 16-da Ordubadda olur. O, yaxında, bu, uzaqda, bəs bunun səbəbi nədir?”
Onu da qeyd edək ki, Naxçıvanda “Molla Nəsrəddin”ə abunə yazdırılması və onun yayılması işlərində də “Şərq qapısı”nın müxbirləri fəallıq göstərirdilər. Bu işlərdə Azərbaycanın Naxçıvandakı mətbuat müvəkkili və “Şərq qapısı”nın ən fəal müxbiri MƏHƏMMƏDƏLİ ƏSƏDULLAZADƏNİN xüsusi xidməti olmuşdur. Bu barədə “Molla Nəsrəddin”in 1930-cu il tarixli 7-ci nömrəsindən də məlumat almaq olar: “Çağırış. “Molla Nəsrəddin” məcmuəsini geniş kütlə içərisinə, ələlxüsus qəza və dairə mərkəzindən uzaq kəndlərinə yaymaq məqsədi ilə üç ayda bir ilə qədər yüz nüsxə abunə (yüz nəfərə) toplayaraq aşağıdakı yoldaşları da dəvət edirəm: Gəncədən ABBAS RƏCƏBLİNİ, Qubadan MÜNƏVVƏR MİRZƏYEVANI, Naxçıvandan ABBAS ƏLİYEVİ. Naxçıvan mətbuat müvəkkili M.Ə.ƏSƏDULLAZADƏ”.
“Molla Nəsrəddin” jurnalı yaradıcılıq təcrübəsi keçməkdə şərqqapısıçılar üçün həm də bir məktəb idi. Yuxarıda qeyd eydiyimiz kimi onların qəzetdə çap olunan  “Balaca felyeton”larında “Molla Nəsrəddin”in təsiri açıq-aşkar hiss olunur. Bu təsir həmin felyetonların nəzm və nəsrin növbələşməsi ilə yazılması, ifadə tərzi, birinci şəxsin dilindən xüsusi əda və ironiya ilə təhkiyə olunması, tənqid və gülüş hədəflərinin ifşa üsullarında daha çox özünü büruza verirdi. “Şərq qapısı”nın yazarları mollanəsrəddinçilərin müxtəlif gizli imza tapmaq təcrübəsindən də faydalanırdılar. Qəzetin səhifələrində rast gəlinən “Kefli”, “Dəvəçi”, “Ətcə bülbül”, “Bitərəf”, “Tazə müxbir”, “Əliqabarlı”, “Bacadan baxan”, “Şəyatin”, “Məhkəməçi”, “Xəbərçi” “Tiryəkxana çubuğu”, “Sərçə”, “Laməzhəb”, “Sərsəri”, “Hövlnak”, “İttifaqı sevən”, “İnqilabçı”, “Köhnə rövzəxan”, “Həkimbaşı”, “Arıx”, “A.N.”, “E.Y.”, “N.”, “İ.B.”, “Ə.H.”, “Ş.”, “S.D.”, “T.Ş.”, “Q.G.” və başqa gizli imzalar bunun əyani nümunələridir.
“Şərq qapısı” “Molla Nəsrəddin”in “Poçta qutusu” rubrikasının ənənələrindən də məharətlə istifadə etmişdir. Bir neçə nümunəyə diqqət edək.
“Molla Nəsrəddin” - “Şair”ə: Mətləbini nəsr ilə yazmış olsaydın, daha da məsləhət olardı (1922, № 5).
“Şərq qapısı” - “Əli qabarlı”ya: nəsr yazmağınız nəzmdən gözəldir (1924, № 50).
“Molla Nəsrəddin” - “Hərdəmfikir”ə: Yazdığınız şeir getmədi. Hələ bir az da fikirləşməlisən (1924, № 15).
“Şərq qapısı” - “Xəbərçi müxbir” imzalıya: Yazanda yaxşı fikir elə (1924, № 46).
“Şərq qapısı”nda dərc olunan aşağıdakı poçt qutu”larında da “Molla Nəsrəddin”in təsiri hiss olunur.
“Vahid”ə: Yazırsınız ki, məqalələr vaxtlı-vaxtında getmir. Düzdür, əhəmiyyətsiz məqalələrə qəzetəmizdə yer vermirik.
Ordubadda “Əkbər”ə: Sairlik yaxşı çeydir, lakin bu tezlikdə yox (1925, № 3).​
“Şərq qapısı” qəzet olduğu üçün “Molla Nəsrəddin” qədər imkanı yox idi ki, öz səhifələrində karikaturalara geniş yer versin. Lakin buna baxmayaraq o, “Molla Nəsrəddin”in bu ənənəsindən istifadəyə də biganə qalmamışdır. Qəzetin təkcə 1925-ci il nömrələrində 13 karikatura dərc olunmuşdur ki, bunları “Molla Nəsrəddin”in karikaturalarından ayırmaq çox çətindir.
“Molla Nəsrəddin” jurnalının məşhur rəssamı OSKAR İVANOVİÇ ŞMERLİNQİN ilk dəfə olaraq aşkara çıxardığımız “Şərq qapısı”nda çap olunan iki karikaturası isə mətbuat tariximizdə maraqlı faktlardan biri hesab oluna bilər. Karikaruralardan biri qəzetin 1925-ci il 25-ci, digəri isə 33-cü nömrəsində çap olunmuşdur. Hər iki karikaturanın aşağısından sol küncdə O.ŞMERLİNQİN ənənəvi imzası – “O.Şlinq” qoyulub. Karikaturanın biri “Əhya gecəsi” adlanır. İkinci karikaturanın altında isə yazılıb: “Naxçıvanın Tunbul kəndində Seyid Xəlil şahtaxtılı kəndliləri dua yazmaqla və qeyri mövhumat ilə aldadıb ciblərini soyur”.
O.ŞMERLİNQİN bu karikaturalarının heç biri “Molla Nəsrəddin” jurnalında yoxdur. 1925-ci ildə o, Tiflisdə çıxan “Yeni fikir” qəzetinin rəssamı vəzifəsində işləyirdi. Həmin karikaturaların “Yeni fikir”də çap olunub-olunmamasını hələlik müəyyənləşdirə bilməmişik. Çox ehtimal ki, “Şərq qapısı” bu karikaturaları ya “Yeni fikir”dən  götürmüş, ya da sifariş yolu ilə O.ŞMERLİNQİN özündən almışdır. Bu ehtimalların hansının həqiqət olub-olmamasından asılı olmayaraq hər halda qəzet həmin karikaturalara öz səhifələrində yer verməklə “Molla Nəsrəddın” ənənlərinə bağlılığını bir daha nümayiş etdirmişdir.
Nəticə olaraq belə qənaətə gəlmək  olar ki, “Molla Nəsrəddin” jurnalının  Azərbaycan və bəzi Yaxın Şərq ölkələrinin mətbuatına müsbət təsiri Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti üzərində də özünü göstərir.

Fərman Xəlilov
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək