Neft bitir: Azərbaycan iqtisadiyyatı təhlükəli mərhələyə daxil olur
“Diş məcunu bitəndən sonra onu bərk sıxmaqla bir neçə gün də içindəkiləri çıxarıb istifadə etmək olur. Amma bir gün gəlir ki, nə qədər sıxılsa da, ondan heç nə çıxmır”.
Bu fikirləri Xpress.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın neft hasilatında müşahidə olunan azalma tendensiyasını izah edərkən səsləndirib.
2010-cu ildə 50 milyon ton həddini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu proses nə təsadüfi xarakter daşıyır, nə də adi dalğalanma kimi qiymətləndirilə bilər.
Son illərin statistikası da bunu aydın şəkildə göstərir. Belə ki, 2023-cü ildə neft hasilatı 30,2 milyon tona enib, 2024-cü ildə isə bu göstərici daha da azalaraq 29,2 milyon ton olub. 2025-ci il üçün 28,5 milyon ton, 2026-cı il üçün isə 27,6 milyon ton səviyyəsində açıqlanan proqnozlar da eyni istiqaməti təsdiqləyir və hasilatdakı enişin davam edəcəyini göstərir.
Qrafikdən də göründüyü kimi, son iki ilin proqnozlarında azalma tempi ildən-ilə sürətlənir. 2025-ci ildə hasilatdakı fərqin 0,6 milyon tona çatacağı, 2026-cı ildə isə artıq 0,9 milyon ton təşkil edəcəyi gözlənilir. Bu, mənfi 0,3 milyon ton fərqi olan adi riyazi ədədi silsilədir. Həmin silsilə ilə hesablama aparsaq, 2024-cü ildəki 29,2 milyon tonluq hasilatın təxminən 21 milyon ton səviyyəsinə enməsinin 2030-cu ilə təsadüf edəcəyini görmək olar.
Lakin burada bir məqam da var ki, bu sadə hesablamalarda digər mühüm faktorlar nəzərə alınmır. Məsələn, neft hasilatının qısa müddətdə kəskin enməsinin qarşısını almaq üçün investisiyalar hesabına yeni texnologiyalar tətbiq edilə bilər. Ancaq bu halda bir neçə il sonra lay ehtiyatlarının daha sürətli azalması səbəbindən eniş daha kəskin forma ala bilər. Digər tərəfdən, bəzi quyuların yenidən istismara qaytarılması, yaxud müəyyən yataqların daha iri investisiyalar və daha güclü texnologiyalar hesabına işlədilməsi azalma tempini müvəqqəti olaraq zəiflədə bilər. Bunlar artıq neft mühəndislərinin daha dərindən bildiyi və idarə etdiyi texniki məsələlərdir.
Bütün bu texnoloji dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var: neft tükənir və Azərbaycan üçün neft amili əvvəlki onilliklərdəki həlledici rolunu tədricən itirir. Bu mərhələdə hasilatın azalması artıq mühəndislik və texnologiya problemi deyil. Bu, iqtisadi modelin dəyişdirilməsi zərurətidir.
Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərdə daha aşağı hasilat reallığına əsaslanmalıdır. Neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduğu halda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Əsas məsələ isə bu siqnalların gecikmədən real və ardıcıl qərarlara çevrilməsidir.