"Məsafəyə görə gedişhaqqı ödənilməsi sərnişinlər üçün ədalətlidir" - Xalid Kərimli
Son günlər ictimai nəqliyyatda məsafəyə görə gediş haqqının tətbiqi məsələsi gündəmdə müzakirə olunur. Xüsusilə metro və avtobuslarda bu modelə keçidin mümkünlüyü sərnişinlər arasında fərqli mövqelər yaradıb.
İqtisadi baxımdan isə əsas sual açıq qalır: məsafəyə görə tarif sistemi doğrudanmı sərnişinlər üçün daha sərfəlidir?
İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirir ki, məsafəyə görə tariflərin tətbiqi daha ədalətlidir:
“Hazırda metroda gediş haqqı standartdır: bir stansiya üçün də, on beş stansiya üçün də 60 qəpik ödənilir. Bu isə ədalətli sayılmır. Məsafəyə görə tariflərin tətbiqi daha ədalətlidir, çünki qısa məsafəyə gedən daha az, uzun məsafəyə gedən isə daha çox pul ödəməlidir. Təbii olaraq, dünyanın əksər ölkələrində bu sistem mövcuddur. Məsafəyə görə tariflənmə normal və ədalətli bir praktikadır. Belə hallarda, adətən mövcud sabit qiymət minimal hədd kimi qəbul olunur: az gedən az, çox gedən isə daha çox ödəniş edir”.