Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə görüş keçirilib
Bu gün Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən layihə çərçivəsində 1 və 2-ci kurslarda təhsil alan tələbələrlə görüşlər təşkil olunub. Görüşlərin əsas məqsədi mərkəzdə Tələbə Gənclər Təşkilatının yaradılması və tələbələrin potensial imkanlarının üzə çıxarılmasıdır.
Keçirilən görüşlər zamanı tələbələr öz fikir, bacarıq və maraqlarını sərbəst şəkildə ifadə ediblər. Aparılan müşahidələr nəticəsində musiqi, dərzilik, idman, rəssamlıq, aktyorluq, heykəltəraşlıq sahələrində bacarığı olan, həmçinin gözəl səsə malik, şeir deyən və digər yaradıcılıq qabiliyyətləri ilə seçilən istedadlı gənclər müəyyən edilərək siyahıya alınıb.
Layihə çərçivəsində aparılan müşahidələr gözlənilməz və sevindirici nəticələr verib. Məlum olub ki, demək olar hər bir tələbə öz daxilində müəyyən istedad daşıyır. Tələbələrə bu bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılacağı bildirildikdə, onlar daha böyük həvəs və maraq göstərərək öz üzərlərində çalışmağa və inkişaf etməyə hazır olduqlarını ifadə ediblər.
Qeyd edilib ki, layihənin uğurla həyata keçirilməsi tələbələrin təhsilə və ictimai fəaliyyətə marağını artıracaq, onların asudə vaxtının səmərəli təşkilinə və zərərli vərdişlərdən uzaq qalmasına müsbət təsir göstərəcək. Tələbə Gənclər Təşkilatının yaradılması peşə təhsilinin inkişafına töhfə verəcək, tələbələr müxtəlif tədbirlərdə fəal iştirak edərək öz potensiallarını nümayiş etdirmək imkanı əldə edəcəklər.
Bu cür fəaliyyətlər tələbələr üçün əlavə stimul yaradacaq, onların şəxsi inkişafına, yeni nailiyyətlər əldə etməsinə və gələcək peşəkar kadrların formalaşmasına şərait yaradacaq. Layihənin əsas hədəflərindən biri tələbələrdə məqsədyönlü düşüncə tərzinin formalaşdırılması və gələcək uğurları üçün motivasiyanın artırılmasıdır.
Layihənin ideyası və həyata keçirilməsi Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Tural Məmmədov, mərkəzin psixoloqu Ülkər Lətifova və müəllim, qrup rəhbəri Elçin Ağasiyev tərəfindən reallaşdırılıb.
Xpress.az
