Antalya Belek Universitetindən tarixi kəşf!
Antalyanın Kumluca rayonunda yerləşən Olympos Antik Şəhərində aparılan qazıntı və bərpa işləri zamanı yeni mozaika sahələri və yazıtlar aşkar edilib. Ortaya çıxarılan bu tapıntıların sənədləşdirilməsi və qorunması istiqamətində Antalya Belek Universitetinin akademik və praktiki fəaliyyəti xüsusi diqqət çəkib.
Antalya Belek Universitetinin Memarlıq Restavrasiyası Proqramının rəhbəri, dosent Halil Mert Erdoğan yay təcrübələrini Olympos Antik Şəhərində keçirən tələbələr Serdar Uçar, Efe Atan və Sevgi Çetin ilə birlikdə 1 nömrəli kilsədə aşkar edilən döşəmə mozaikasının bərpa işlərində iştirak edib. Universitet komandası mozaikanın yazıtlı hissəsinin qorunması üçün son dərəcə diqqətli və elmi əsaslara söykənən iş aparıb.

Mozaika yazıtının replikası hazırlandı
Universitetin Memarlıq Bəzək Texnikaları fənni çərçivəsində kilsədə tapılan yazıtlı döşəmə mozaikasının birebir replikası hazırlanıb. Akademik təhsillə sahə təcrübəsini birləşdirən bu iş elmi sənədləşdirmə və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm nailiyyət kimi qiymətləndirilib.
Olymposda elmi tədqiqatlar davam edir
Bu günədək Olympos Antik Şəhərində 1 və 3 nömrəli kilsələr, giriş kompleksi, Yepiskop Sarayı, körpü, Likya İttifaqının üzvü Mark Avreli Arkhepolisə aid abidə məzarı, mozaikalı tikili, Antimakhos lahdi və limandakı monumental məzarlar müəyyən edilib. Qazıntı və bərpa işləri hazırda da davam etdirilir.
Antalya Belek Universiteti tələbələrin fəal iştirakı ilə həyata keçirilən bu cür layihələr vasitəsilə tarixi-mədəni irsin qorunmasında mühüm rol oynamağı davam etdirir.
