“Baş rejissor yoxdursa, teatr da yoxdur” – Mahmudovdan Mədəniyyət Nazirliyinə MESAJ
“Baş rejissor yoxdur, yaradıcılıq təhdid altında" – Şeyx Əbdül Mahmudov xəbərdarlıq edir
Son zamanlar telekanallarda Azərbaycan xalqının ailə dəyərlərinə və milli mədəniyyətinə zidd olan qeyri-etik verilişlərin yayımlanması, bəzi teatrlarda müşahidə edilən özbaşınalıqlar, eləcə də baş rejissor vəzifəsinin ləğvi cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Bütün bunların fonunda mədəniyyət nazirliyinin fəaliyyəti ilə bağlı da suallar yaranıb.
Mövzu ilə bağlı Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov Xpress.az-a danışıb.
Teatrlarda baş rejissor vəzifəsinin ləğvi ilə bağlı qərarı necə qiymətləndirirsiniz?
– Bu sahədə əsas fiqur rejissordur. Digər vəzifələr – üzr istəyirəm, yaxşı mənada – vasitədir, alətdir. Əgər baş rejissor vəzifəsinin funksiyasını yerinə yetirəcək yeni struktur yaradılırsa, buna etirazım yoxdur. Amma səbəbsiz, “kefim belə istəyir” prinsipi ilə bu vəzifə ləğv edilirsə, bu artıq sonun başlanğıcıdır. Azərbaycandakı hər teatrın öz dəsti-xətti, öz yaradıcılıq prinsipi var: Uşaq Teatrı, Musiqili Komediya Teatrı, Dövlət Dram Teatrı, Rus Akademik Dram Teatrı, Opera və Balet Teatrı – janr və üslub baxımından tam fərqlidir. Teatr bütün xalqlarda və bütün ictimai-siyasi quruluşlarda milli mədəniyyətin daşıyıcısı olub. Əgər bu gün teatr belə qiymətləndirilirsə, sabah elm və təhsil də artıq olacaq.
Gələcəkdə bir neçə teatrın birləşdirilməsi ilə bağlı təkliflər səslənir. Buna münasibətiniz necədir?
– Məqsəd nədir? Niyyət nədir? Bununla bağlı izahat varmı, yoxsa sadəcə “pul yoxdur, dolandıra bilmirik” məntiqidir? Bu, düşünülməmiş, tələsik qərardır. Prinsipi, mahiyyəti açıqlanmasa, normal münasibət bildirmək mümkün deyil.
– Bəzi fikirlərə görə, artıq yaxşı müəllif yoxdur və teatrla kino köhnə əsərlərə müraciət edir. Siz bu fikirlə razısınızmı?
– Qətiyyən razı deyiləm. Hər dövrün öz tələbi var və buna cavab verən yazıçılarımız, şairlərimiz də mövcuddur. Problem ondadır ki, kinostudiya artıq 30 ilə yaxındır bərbad vəziyyətdədir. Bu xalq birdən-birə istedadsızlaşmayıb. Ona tarixi, dəyərləri, savadı əlindən alıblar. Teatr yox, kino yox – bəs nə qalıb? Şişirdilmiş dodaqlar, baldır nümayişi və tv-lərdə xaric oxuyanlardan ibarət mədəniyyətmi?
– Bu vəziyyət sizcə bəladırmı yoxsa sadəcə dəb? Günah kimdədir?
– Bu, açıq-aşkar əxlaqsız tendensiyadır. Burada cəmiyyətin də günahı var, amma əsas məsuliyyət Azərbaycan televiziyalarının üzərindədir. Ciddi nəzarətsizlik var, şəxsi maraqlar əsasında baş alıb gedən özbaşınalıq hökm sürür. Çıxış yolu yalnız sistemli islahatlardır. Kino, televiziya və mədəniyyət sahəsində ciddi qərarlar qəbul edilməli, peşəkar seçim aparılmalıdır. Bir neçə gün bundan öncə təkər qaraldanla rastlaşdım. Mənə deyir ki, “mən artistəm”. Soruşuram: harada çəkilmisən? Deyir bir filmdə, onu da zorla xatırlayır. Amma özünü artist hesab edir. Bu eybəcər ənənələr təhsildən, tərbiyədən, ideologiyadan başlayır. Hər şeyi yenidən daramaq, peşəkarlıq səviyyəsində oturtmaq lazımdır, yoxsa nəticə daha da ağır olacaq.
Təhsillə bağlı da tez-tez fikirlər səsləndirirsiz. Sizcə bunların kökü təhsillə əlaqəsi varmı?
-Mən həmişə demişəm ki, Azərbaycanda mənasız institutlar var, o cümlədən Azərbaycan İncəsənət Universitetidə bunlardan biridir. İncəsənət Universiteti olan yerdə konservatoriyalara nə ehtiyac var? Bir konservatoriya, bir incəsənət universiteti; orada zurna-qaval çalanlar təhsil alır, kütləvi şəkildə artist istehsal olunur. Amma hara baxırsan, universitet bitirən tələbələr küçələrdə, meydanlarda avara-avara alver edirlər. İlk növbədə təhsili formalaşdırmaq, müəyyənləşdirmək vacibdir. Xalqa böyük mədəniyyət, böyük sənət, böyük ideologiya və peşə lazımdır. Millət sənət və ideologiya sahibi olmalıdır. Bunun üçün ciddi nəzarət, ciddi tədris sistemi və dövlətin xüsusi diqqəti vacibdir.
Peşə məktəbləri açılmalıdır.
Afaq Qurbanzadə