700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyalarda iştirak edib – Araz Paşayev
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu barədə rəsmi “Facebook” səhifəsində paylaşım edərək yanvar ayına dair statistik məlumatları açıqlayıb.
Paylaşımda qeyd olunub ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə Quba, Qusar, Qəbələ, Şamaxı və Astara rayonlarına təşkil edilən bir neçə günlük turlarda iştirak edərək istirahət edib.
Bildirilib ki, əlavə olaraq 168 nəfər təhsil işçisi “İçərişəhər” Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya edib.
Araz Paşayev vurğulayıb ki, bu cür maarifləndirici və istirahət xarakterli tədbirlərin gələcəkdə də mütəmadi şəkildə təşkili nəzərdə tutulur.