Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Gözlə görünməyən sehr:
Gözlə görünməyən sehr:
Mədəniyyət

Gözlə görünməyən sehr: Reallıq nə qədər gerçəkdir?

Xpress.az Redaksiyası 16.02.2026 10:00

Bakı Dövlət Sirkinin artisti, illüziyaçı Şəhadət Bağırov (1986, Şamaxı) tamaşaçıları yalnız vizual heyrətləndirmə ilə deyil, insan düşüncəsi və qavrayışının sirrləri ilə də tanış edir. Onun sözlərinə görə, illüziya sənəti sadəcə gözəldatma deyil; bu, diqqətin yönləndirilməsi, psixologiya və riyazi hesablamaların vəhdətidir.


“Uşaqlıqdan məni düşündürürdü ki, insan nəyi niyə görür və nəyin fərqinə varmır,” – deyə Bağırov bildirir. – “Bu maraq məni səhnəyə gətirdi. İndi məqsədim yalnız təəccüb yaratmaq deyil, tamaşaçını düşünməyə sövq etməkdir.”
Onun sözlərinə görə, illüziya nömrələrində tamaşaçının diqqəti bir istiqamətə yönəldildiyi halda, əsas hadisə başqa məkanda baş verir. Bağırov bunu “psixoloji yönləndirmə” adlandırır və vurğulayır ki, hər hərəkət, pauza və baxış əvvəlcədən dəqiq planlaşdırılır. “Bəzən saniyənin bir hissəsi, məsafə və bucaq belə riyazi dəqiqliklə hesablanır,” – deyə o əlavə edir.
İllüziya sənətinin kökləri qədim dövrlərə gedib çıxır. Dini rəvayətlərdə Musa peyğəmbərin Fironun sehrbazları ilə qarşılaşması zamanı onların əsalarının ilan kimi görünməsi diqqət yönləndirmə və qavrayışın erkən nümunələrindən biri kimi təqdim olunur.
Dünya illüziya tarixində xüsusi yer tutan simalardan biri isə Harry Houdinidir (1874–1926). O, qandallardan, kilidli sandıqlardan və su ilə doldurulmuş şüşə akvariumlardan xilasolma nömrələri ilə məşhurlaşıb. Xüsusilə zəncirlərlə bağlanaraq su dolu şüşə akvariuma salınması tamaşaçılar üçün həm həyəcanlı, həm də təhlükəli bir performans idi. Vaxtında azad ola bilməmək ciddi faciə ilə nəticələnə bilərdi.
Məhz bu texnikadan ilhamlanan Şəhadət Bağırov da Bakı Dövlət Sirki üçün xüsusi “Houdini” nömrəsi hazırlayıb. Bu performans tamaşaçılara həm gərginlik, həm də heyrət hissi yaşadır.
Bağırov vurğulayır ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, canlı səhnə performansının yaratdığı emosiyanı heç bir ekran əvəz edə bilməz. Onun üçün ən böyük mükafat tamaşaçı reaksiyasıdır: “İnsan səhnədən ayrılarkən yalnız gördüyü nömrələri deyil, reallığın nə qədər nisbi olduğunu da düşünür".

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək