Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Kərbəlayı İsmayıl kimlərə qarşı DÖYÜŞÜB? -
Kərbəlayı İsmayıl kimlərə qarşı DÖYÜŞÜB? -
Ana səhifə

Kərbəlayı İsmayıl kimlərə qarşı DÖYÜŞÜB? - QOHUMUNDAN EKSKLÜZİV MÜSAHİBƏ + FOTO

Xpress.az Redaksiyası 17.02.2026 16:59

XX əsrdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı dəfələrlə soyqırımı və deportasiyalar törədilib. Etnik zəmində, dövlət səviyyəsində törədilən bu cinayətlər xalqımıza böyük faciələr yaşadıb.

Yazıçı Fərman Kərimzadənin 1971-ci ildə çap olunan “Qarlı aşırım” tarixi romanında, eləcə də həmin il bu əsər əsasında çəkilən “Axırıncı aşırım” filmində əsas qəhrəmanlardan sayılan Kərbəlayı İsmayılın qohumu, filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Dürdanə Hümbətovanın valideynləri də bu hadisələr zamanı əziyyət çəkib, zorla tarixi Vətənindən didərgin salınıblar. Xpress.az filoloq-alim D.Hümbətova ilə müsahibəni təqdim edir.

- Dürdanə xanım, deportasiyadan söz düşəndə, böyükləriniz sizə nələri danışıblar? O zaman məcburi köç prosesində nələr baş verib?

- Qərbi Azərbaycandan 1948-1953-cü illərdə deportasiya olunan minlərlə ailədən biri də mənim valideynlərimin ailələridir. O dövrdə böyüklərimiz ata-baba yurdumuzdan – Vedibasardan zorla köçürülüblər. Təəssüf ki, o yerləri görmək mənə nəsib olmayıb. Hər iki valideynim həmin dövrdə çox kiçik yaşlarında olub. Lakin nənələrim, babalarım, böyüklərim üzləşdikləri haqsızlıqlar barədə bizə ətraflı danışıblar. O dövrdə tarixi reallıq ondan ibarət idi ki, 1945-ci ildə sovet imperiyası faşizm üzərində tarixi qələbə əldə etmişdi. Bu qələbədə təbii ki, Sovet Azərbaycanının böyük payı var idi. Ölkəmizin neft kimi sərvəti, insanlarımızın istər arxa cəbhədə, istərsə də ön cəbhədə, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar buna misaldır. O illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın da Böyük Vətən müharibəsindəki xidmətləri danılmazdır. Lakin cəmi 3 il sonra erməniləri dəstəkləyən sovet rejimi dinc insanlarımızı onların tarixi, əzəli, əbədi torpaqlarından köçməyə məcbur etdi. “Mərkəzin” qərarları müzakirə olunmadan yerinə yetirilməli idi. Belə qərarlardan biri əsas gətirilərək, gecə vaxtı Qərbi Azərbaycandakı soydaşlarımız – Sovet Ermənistandakı azərbaycanlılar öz evlərindən məcburi şəkildə çıxarıldılar. O insanlara yığışmaq üçün vaxt belə verilmədi, əşyaları götürməyə icazə verilmədi. Nə qadınlara, nə yaşlılara, nə uşaqlara rəhm edildi. Hər kəsi yük qatarlarına, daha doğrusu heyvanlar üçün nəzərdə tutulan qatarlara doldurub göndərdilər Azərbaycana. Böyüklərimiz deyirdi ki, nə qədər insan şəraitsizliyə dözməyib yolda dünyasını dəyişdi. Gedəcəkləri ünvan bu insanların özünə də bəlli deyildi. Bütün bunlar bizlərə qarşı ermənilərin soyqırımı niyyətindən irəli gəlirdi.

- Həmyerliləriniz, qohumlarınız o dövrdə harada məskunlaşıblar?

- Bəllidir ki, soydaşlarımızın Qərbi Azərbaycanda yaşadığı ərazilər dağlıq və dağətəyi yerlər idi. Lakin bu insanları Azərbaycanın yarımsəhra və quru çöl iqlimi olan Aran rayonlarında yerləşdirirdilər. Məsələn, bizimkilər Aran Qarabağda, Beyləqan rayonunda məskunlaşdırılmışdı. Bu insanların evi olmadığı üçün yerli sakinlərin evlərinə məcburi şəkildə yerləşdirilmişdi. Sovet insanının firavan həyatı bütün hər yerdə tərənnüm edildiyi bir dövrdə xalqımız bu cür ciddi problemlər yaşayır, həyatla mücadilə aparırdılar. Nənələrim deyirdi ki, iqlim fərqinə dözməyib dünyasını çox adam dəyişmişdi. Sonra böyüklər iqlimi daha uyğun olan rayonların birində yerləşmək məqsədi ilə əvvəlki Qazax, hazırda isə Ağstafa rayonunun ərazisi olan kəndlərə köçüblər. Bütün bunları danışmaq, qeyd etmək hətta sözdə belə çox yorucu, ağır gəlir. Bunları real həyatda yaşamaq, etiraz hüququnun olmadığını anlayaraq reallıqla barışmaq məhkumluğu insanlara mənəvi, maddi, fiziki zərbələr vurub.

- Stalin deportasiyası dövrü adlandırılan 1948-1953-cü illərdən sonra valideynlərinizin ailəsi Qərbi Azərbaycana qayıda bilmişdimi?

- Mənim əslim Vedibasarın Çimən kəndindəndir. Bu kəndin taleyi daha ağır olub. Çünki bildiyimiz kimi sovetlərə, əslində isə ermənilərə qarşı sona kimi mübarizə aparan el ağsaqqalı, böyük nüfuz, şan-şöhrət, kəsərli söz sahibi Kərbəlayi İsmayıl bu kənddən olub. Çimənlilər cəsurluğu ilə ermənilərin nifrətinə səbəb olmuşdu. Ona görə də Stalin deportasiyası dövründə, eləcə də müxtəlif vaxtlarda ermənilər Çimən kəndinin sakinlərindən çox ağır şəkildə qisas alıblar. 1948-1953-cü illərin deportasiyasından sonra ermənilər o ərazilərdə elə şərait yaratdılar, elə inzibati dəyişikliklər etdilər ki, azərbaycanlıların bu yaşayış məntəqəsinə təkrar qayıtması mümkün olmadı. Ona görə də bizim böyüklərimiz bir daha o yerlərə qayıda bilmədilər.

- Deportasiya sizin böyüklərinizin, valideynlərinizin həyatında nələri dəyişdi?

- Deportasiya bütün Qərbi azərbaycanlılara, o cümlədən mənim böyüklərimin də həyatında silinməz izlər buraxmış, çox ağır mənəvi yaraları vurmuşdu. Mən gözümü açandan böyüklərimdən bu sözləri eşitmişəm: qəribçilik, həsrət, Vətənsizlik və s. Bu sözlər insanın acısını, ağrısını, nisgilini ifadə edirdi. Həmişə bunu deyirdilər ki, bizim yerlər orada qaldı, biz qərib düşdük. Təsəvvür edin ki, insanlar qurulu evini, təsərrüfatını, böyüdüyü yerləri, qəbiristanlıqlarını məcburən tərk edib, Azərbaycana zorla köçürülüb, burada həyatlarını yenidən qurub, hər şeyi sıfırdan başlayıblar. Özü də bu insanlar daxilən həsrət, ümidsizlik, barışmazlıq kimi yükləri daşıyıblar. Belə ağır mənəvi-psixoloji durumda yenidən ev tikib özlərinə şərait yaradıb, məşğulluq üçün iş yerləri arayıb-axtarıblar. Bu kimi çoxsaylı qayğılarla yaşamağa məhkum olunublar. Bu insanlarda yurd həsrəti o qədər böyük idi ki, nənələrim televizorda bir gözəl, səfalı təbiət görən kimi tarixi Vətənlərini xatırlayırdılar. Deyirdilər ki, bax bura bizim yerlərə necə də oxşayır. Onlar üçün bütün gözəlliklər Qərbi Azərbaycanda qalmışdı. Vaxtilə özləri qaçqınlıq, deportasiya ilə üzləşmişdilər deyə, 1988-ci ildə növbəti deportasiya dalğasında məcburən Qərbi Azərbaycanı tərk edən soydaşlarımıza bacardıqları səviyyədə sahib çıxmağa, dəstək olmağa çalışırdılar. Böyüklərimiz deyirdilər ki, biz bu cür vəziyyətin necə ağır olduğunu gözəl bilirik. O an böyüklərimizin, valideynlərimizin gözləri dolar, qəhərlənərdi. Vətən nisgili o səviyyədə idi ki, hətta deportasiya olunan soydaşlarımızla söhbət zamanı da ata-baba yurdlarını soruşar, sonuncu dəfə orada nə iş görüldüyünü, təbiətinin necə olduğunu, bulaqların, dağların, çayların son halının necə göründüyünü öyrənmək istəyərdilər.

- Yazıçı Fərman Kərimzadənin 1971-ci ildə çap olunan “Qarlı aşırım” tarixi romanında, eləcə də həmin il bu əsər əsasında çəkilən “Axırıncı aşırım” filmində əsas qəhrəmanlardan sayılan Kərbəlayı İsmayılın nəslindən olduğunuzu bir qədər əvvəl vurğuladınız. Belə başa düşdüm ki, o, sizin ulu babanızdır. Onun həyatı, qohumluq şəcərəniz barədə nələri qeyd edə bilərsiniz?

- Bəli, bir az əvvəl qismən bu məsələyə toxundum. Birinci onu qeyd edim ki, bizim böyüklərimiz həmişə Fərman Kərimzadəyə bu əsərə görə alqış ediblər. Çünki təhriflər olsa da, yazıçı bu əsərində o ellərin insanlarının əyilməzliyini, barışmazlığını, döyüşkən ruhunu, kişilik kodekslərini çox real şəkildə təsvir edib. Kərbəlayının təbii ki, övladlarını, qardaşlarını sürgün ediblər. Özü isə bildiyimiz kimi, Türkiyənin İğdır vilayətinin Taşburun kəndində yaşayıb. Onun şəcərəsindən olan insanlar çox savadlı, bacarıqlı olublar. Buna görə tutarlı vəzifələrdə, işlərdə çalışıblar. Onlar elə Kərbəlayı İsmayılın özü kimi elin hörmətini, rəğbətini qazanıblar. Hər biri çox təəssübkeş, qayğıkeş, qürurlu insanlar olublar. Bu cəhətləri öz övladlarına da həm qanla, həm də tərbiyə ilə ötürüblər. Onların hər birinin Vətən, millət qarşısında xidmətləri olub. Qohumluq şəcərəsinə gəlincə isə, mənim ulu nənəm Kərbəlayı İsmayılın qızı olub.

- Siz təhriflərə toxundunuz. Həm romanda, həm də ekran əsərində Kərbəlayı İsmayıl o dövrün konyunkturasına, ideoloji xəttinə uyğun olaraq, daha çox mənfi obraz kimi tanıdılıb, Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biri olaraq təqdim edilib. Romanda və filmdə, eləcə də real həyatda Kərbəlayı İsmayılın üst-üstə düşən, yaxud ziddiyyət təşkil edən cəhətləri hansılardır?

- Təbii ki, Kərbəlayı İsmayıl digər Vedibasar kişiləri kimi bizim əbədi düşmənimiz olan ermənilərə qarşı mübarizə aparıb. Filmdə bu məqam göstərilməyib, əslində o dövrdə bunu göstərə də bilməzdilər. Belə olsaydı film ekran üzü görməzdi. Kərbəlayı İsmayıl və ətrafında toplaşan mərd insanlar ermənilərin bizim tarixi torpaqlarımızda azərbaycanlılara qarşı çıxmaları ilə barışmayıblar. Buna görə də mübarizə aparıblar. Filmdə göstərilir ki, guya Kərbəlayı İsmayıl taxılı, ərzaqı və sairi camaatdan gizlədib, bir növ aclığa səbəb olub və sair. Halbuki real həyatda Kərbəlayı İsmayıl çox əliaçıq, imkansızlara əl tutan bir insan olub. O, öz malını da, mülkünü də insanlarla bölüşməyi bacarıb. Belə olmasaydı, xalq onu tez unudardı. Bütün qadağalara baxmayaraq, Kərbəlayı İsmayıl bir el təəssübkeşi kimi daim insanlar tərəfindən xatırlanıb, unudulmayıb. O, mərdliyinə, vətənpərvərliyinə, cəsarətinə, səxavətinə, əsl kişi xarakterinə görə, əbədi olaraq xalqımızın yaddaşına həkk olunub. Bəllidir ki, mərhum yazıçımız Fərman Kərimzadə “Qarlı aşırım” romanını yazarkən əsərdə cərəyan edən hadisələrin şahidləri ilə çox ünsiyyətdə olub. Onların xatirələrindən bəhrələnib. Bu xatirələrdə Kərbəlayı İsmayılın nüfuzu, el-oba arasında hörməti mütləq mənada tərənnüm edilib. Elə əsərin ana xəttini də məhz bu məqam təşkil edib. Sovetlər dönəminin ideoloji təsiri nə qədər sərt olsa da Kərbəlayı İsmayılın mənfi obrazını yaratmaq, mən deyərdim ki, mümkün olmayıb. O, hər kəs üçün bir kişilik, mərdlik, mübarizlik rəmzinə çevrilib.  

- “Qarlı aşırım” tarixi romanında Kərbəlayı İsmayıl ailə üzvlərinin və özünün həyatını xilas etmək üçün qan düşməni Usuboğulunun qapısına pənah gətirir. Usuboğlu düşmən də olsa Kərbəlayı İsmayıla qarşı mərd davranır. Filmdə bu hissə yoxdur. Əsl gerçəkilikdə bu hadisə də baş veribmi? Əgər doğrudursa, ümumiyyətlə, Usuboğlu ilə Kərbəlayı İsmayıl nə üçün düşmənçilik ediblər? Onların xalaoğlu olması düz məlumatdırmı?

- Bəli, bu hadisə olubdur. Həqiqətən də Usuboğlu İsmayıl və Kərbəlayı İsmayıl çox yaxın qohum olublar. Lakin sonradan aralarına qan düşmənçiliyi düşüb. Ailə üzvlərini də çətin məqamda bir-birinə əmanət etməsi haqda mən elə lap uşaq yaşlarında eşitmişdim. Sonradan bu fakt haqda mətbuatda yazılar, məqalələr nəşr olundu. Düzdür, filmdə bu haqda heç nə göstərilmir. Təəssüf ki, bunun səbəbi barədə heç nə deyə bilmərəm, məlumatım yoxdur.

- Kərbəlayı İsmayıl nə zaman, harada dünyasını dəyişib?

- Sovet rejimi Kərbəlayı İsmayılın ailəsinin başına böyük müsibətlər açıb. O, övladlarını itirdikdən sonra doğma Vətənini tərk etmək məcburiyyətində qalıb. Əvvəl də söylədiyim kimi, Türkiyəyə köç edib. Ömrünün sonuna kimi İğdırda, Taşburun kəndində yaşayıb. Kərbəlayı İsmayıl doğma Çimən kəndinin adını özünə soyad kimi götürüb. O, yol kənarında dəfn olunmasını vəsiyyət edib. Bunun da səbəbi var idi. Kərbəlayı İsmayıl inanırdı ki, nə zamansa iki qardaş ölkə arasındakı sərhədlər aradan götürüləcək və soydaşları Vətən torpaqlarından ona salam gətirəcək, məzarını ziyarət edəcəklər. Təbii ki, bütün bunlar böyük tarixi faciələrimizin izləridir, xalqımızın başına gətirilən müsibətlərin acı nəticələridir. Ellərimiz tarixin müxtəlif dövrlərində pərən-pərən düşüb, həsrət qəlblərdə qübar bağlayıb.

- Tarixi Qarabağ zəfərindən sonra keçmiş məcburi köçkünlərin öz yurdlarına, tamamilə yenidən qurulan evlərinə qayıtması prosesinə başlanılıb. Bununla paralel olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq ən müxtəlif tədbirlər həyata keçirilir. Bütün bu hadisələr Sizdə də tarixi Vətənə qayıtmaq ümidini artırıbmı?

- Əlbəttə! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əzəli Qarabağ torpaqlarımız yağı tapdağından azad olundu və Böyük Qayıdış başlandı. Hazırda bu proses mərhələli şəkildə davam edir. Biz keçmiş məcburi köçkünlərin Şuşa, Laçın, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Ağdam, Xankəndi və sair yaşayış məntəqələrinə sevinərək qayıtmalarını müşahidə edirik. Onların timsalında Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır. Halbuki vaxtilə bu qayıdışa ümid az idi. Uzun sürən sülh danışıqları heç bir nəticə vermirdi və bu, o yerləri bir daha görmək ümidini azaldırdı. Lakin Cənab Prezidentin rəhbərliyi altında əldə olunan Tarixi Zəfər bütün məcburi köçkünlərin 30 illik yurd həsrətinə son qoydu. Bəlkə bu gün də Qərbi Azərbaycana Qayıdışa kimlərsə inamsız, ümidsiz yanaşır. Lakin bütün dünya bunu bilir ki, Prezident İlham Əliyev çox qətiyyətli, iradəli Lider olaraq dediyi fikri, başlanan işi mütləq sona çatdırır. O, öz vədinə daim sadiq sərkərdədir. Dəfələrlə çıxışlarında vurğulayıb ki, gün gələcək soydaşlarımız dinc yolla Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıdacaq. Əlbəttə ki, bütün bunlar yurddaşlarımızın, şəxsən mənim də Qərbi Azərbaycana savaşsız qayıda biləcəyimizə ümidi artırıb.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək