Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan mədəni irsinin XƏZİNƏSİ:
Azərbaycan mədəni irsinin XƏZİNƏSİ:
Ana səhifə

Azərbaycan mədəni irsinin XƏZİNƏSİ: “BASQAL” QORUĞU - FOTO

Xpress.az Redaksiyası 20.02.2026 11:14

Basqal - Azərbaycan tarixinin ən qədim və özünəməxsus izlər daşıyan yaşayış məskənlərindən biridir. İsmayıllı rayonunda, ölkənin mərkəzi hissəsində, Bakıdan təxminən 150 km məsafədə yerləşən bu qəsəbə dəniz səviyyəsindən 1081 metr yüksəklikdə yerləşir. Onun coğrafi mövqeyi Basqala həm təbii gözəllik, həm də strateji əhəmiyyət qazandırır: qəsəbənin ətrafı əsasən təpəliklərlə əhatə olunsa da, şimal-şərq hissəsi dağlıq, cənub tərəfi isə alçaq çökəkliklərlə səciyyələnir.

Basqalın tarixi orta əsrlərə dayanır və uzun əsrlər boyunca Şirvan bölgəsinin mühüm mədəni və iqtisadi mərkəzlərindən biri olmuşdur. Burada inkişaf etmiş ipəkçilik, xüsusilə də kəlağayı istehsalı Basqalın adını təkcə Azərbaycanda deyil, regionda da məşhurlaşdırmışdır. Zərif ipək parçaların toxunması, onların ənənəvi üsullarla naxışlanması və rənglənməsi Basqalın qədim sənətkarlıq məktəbinin əsasını təşkil edir.

Böyük Qafqazın cənub yamaclarında, Niyaldağ silsiləsinin ətəklərində yerləşən Basqalın adı tədqiqatçıların fikrincə “bas” və “qal” sözlərinin birləşməsindən yaranmışdır və “baş qala”, “qala qur”, “qala ucald” kimi mənalar daşıyır. Basqal qəbiristanlığında XVII–XVIII əsrlərə aid qəbirlər və sənduqə tipli qəbirüstü abidələr qəsəbənin çox qədim yaşayış yeri olduğunu sübut edir. Şeyx Məhəmməd məscidinin həyətində 1563-cü ildə əkilmiş “Pir Çinar” adlı qədim çinar ağacı da Basqalda orta əsrlərdən etibarən intensiv yaşayışın mövcudluğunu göstərən nadir nümunələrdəndir.

Aparılan arxeoloji tədqiqatlar Basqalın cənub-şərqində yerləşən və “Qalalar” adlanan ərazinin antik dövrlərdən orta əsrlərə qədər uzanan qədim insan məskəni olduğunu üzə çıxarmışdır. Oradakı tikili qalıqları və arxeoloji materiallar Basqalın çox qədim tarixi köklərə sahib olduğunu bir daha təsdiqləyir.

Tarixi mənbələrə əsasən, Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. Qəsəbənin “Qalabaşı” məhəlləsində bu gün də qalınlığı bir neçə metrə çatan qədim qala divarlarının qalıqları qorunub saxlanır. Bu divarlar Basqalın qədim qala-məskən kimi formalaşdığını təsdiqləyən ən qiymətli abidələrdəndir.

“Basqal” Tarix-Mədəniyyət Qoruğunun ərazisində XVII əsrə aid hamam, məscid və digər mühüm memarlıq nümunələri yerləşir. Qəsəbə Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilmişdir. Daha sonra, 25 may 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Basqal kəndinə şəhər tipli qəsəbə statusu verilmiş və Basqal qəsəbə Soveti yaradılmışdır. Bütün bu qərarlar Basqalın tarixi-mədəni əhəmiyyətinin dövlət səviyyəsində tanındığını göstərir.

Basqal yalnız tarixi faktlarla deyil, həm də özünün mühəndislik və memarlıq quruluşu ilə seçilir. Qəsəbə daş döşənmiş küçələri, tarixi memarlıq planı və orijinal məhəllə quruluşunu bu günə qədər qoruyub saxlamışdır. Şirvan ərazisi güclü seysmik zona olduğundan, Basqalda tikilən evlər zəlzələyə davamlı şəkildə inşa edilirdi. Bunun üçün tikililərdə hər 4–5 daş hörgüsündən bir araya taxta qurşaqlar — kətil qoyulur, beləliklə, divarların elastikliyi artırılırdı. Küçələrdən keçən nəqliyyat vasitələrinin tikililərə zərər verməməsi üçün evlərin tinləri düzbucaqlı deyil, kəsik formada tikilirdi.

Basqal memarlığının maraqlı elementlərindən biri də “təqqülbab” adlanan qapı qurğusudur. Bu element darvazaların üzərində iki müxtəlif tip qapı zəngi ilə birlikdə quraşdırılırdı. Zənglərdən hansının çalınmasına görə, qapını evdəki qadın və ya kişi açmalı olduğu bilinirdi. Bu, həm məişət, həm də etiket qaydalarının qədim Basqalda necə incəliklə qorunduğunu göstərən nümunədir.

Qəsəbədə yerləşən XVII əsr memarlıq abidəsi olan Basqal hamamı klassik Şərq memarlığı üslubunda inşa olunmuşdur. Hamamın tağları, üzərindəki nəbati naxışlar, sütun elementlərinin simmetriyası xalq memarlığı ənənələrinin yüksəkliyini əks etdirir. Bu abidə yerli əhəmiyyətli memarlıq nümunəsi kimi dövlət mühafizəsinə götürülmüş və 2021-ci ildə tam bərpa edilərək muzeyə çevrilmişdir. Hazırda hamam muzeyində Azərbaycan hamam mədəniyyətinin tarixi, inkişaf mərhələləri, xalq adətləri və xüsusilə hamamın “külxana” adlanan döşəməaltı istilik sistemi haqqında zəngin məlumatlarla tanış olmaq mümkündür.

Basqal orta əsr şəhərsalmasının ən maraqlı nümunələrindən biri olan kürəbənd kanalizasiya sistemi ilə də tanınır. XIII əsrin əvvəllərindən fəaliyyət göstərən bu sistem öz dövrünün unikal mühəndislik tapıntısı idi. Əvvəlcə dərin quyular qazılır, daha sonra üstüörtülü kanallar çəkilirdi. Saxsı borular vasitəsilə qurulan kürəbənd şəbəkəsi qəsəbənin bir neçə bulağını birləşdirir və tullantı suların təhlükəsiz şəkildə kənarlaşdırılmasını təmin edirdi. Bu sistem Basqalın yalnız sənətkarlıq deyil, həm də şəhərsalma mədəniyyətində nə qədər inkişaf etmiş bir məkan olduğunu göstərir.

2019-2021-ci illərdə Basqalda aparılan arxeoloji qazıntılar nəticəsində Şeyx Məhəmməd məscidinin qarşısındakı meydanda iki kürəbənd aşkar olunub. Son dövrlərə qədər ticarət və sənətkarlıq mərkəzi kimi öz aktuallığını qoruyub saxlayan Bazar meydanı tarixən regional ticarətin ürəyinin döyündüyü mərkəz olub. Qəsəbənin bütün küçələri, məhəllələri, evlərdən başlayan cığırları məhz bu meydanda birləşirdi. Məhz buna görə də bu meydan Basqalın mərkəzi hesab olunurdu. Həftənin müəyyən günləri meydanda kənd təsərrüfatı və sənətkarlıq məhsulları da satılırdı.

Bazar meydanı həmçinin əhalinin ictimai və məişət həyatına dair bütün məsələləri müzakirə etdikləri ən rahat yer olmuşdur. Bazar meydanının yuxarı hissəsində inşa edilən Şeyx Məhəmməd məscidi XVI əsrin tarixi nümunələrindəndir. Vaxtilə məsciddə fəaliyyət göstərən tarixi mədrəsəyə aid əlyazma kitablar hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş etdirilir. Məscidin mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılarkən onun dəqiq yaşı tam şəkildə təyin edilib, maddi mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Basqal iki əsas hissədən ibarətdir: qədim Basqal və son 70–80-ci illərdə Basqal çayının sağ sahilində salınmış “O tay”, yəni müasir Basqal. “O tay” adlanan bu yeni yaşayış hissəsi bir tərəfdən Həsənxan bağına, digər tərəfdən Əmrəki dağının ətəyinə, üçüncü istiqamətdə isə qədim “Qalalar” ərazisinə doğru uzanır. Bu ərazidə son illərdə çoxsaylı, bir-birindən gözəl evlər tikilərək müasir yaşayış məkanı yaradılmışdır.

Basqal çayının sol sahilində yerləşən qədim Basqal isə öz planı və memarlıq xüsusiyyətlərinə görə Lahıcı xatırladır. Qədim Basqalın əsas küçəsi Bazar meydanından başlayaraq Kəlfərəc yoluna qədər uzanır və qəsəbənin əsas həyat xəttini təşkil edir. Ən maraqlı cəhətlərdən biri də odur ki, orta əsrlər dövründən qalan mükəmməl kürəbəndi-kanalizasiya sistemi bu gün də Basqalın məişətində istifadə olunur və qəsəbənin tarixi şəhərsalma mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərir.

Basqal tarixi abidələri ilə yanaşı, sənətkarlıq emalatxanaları ilə də məşhur olmuşdur. Bir zamanlar qəsəbənin hər məhəlləsində kəlağayı toxunan ipək dəzgahlarının səsi eşidilər, bu səs Basqalın gündəlik həyatının ayrılmaz bir parçası sayılardı. Sovet dövründə isə Basqalın bu zəngin sənətkarlıq ənənələri mühüm dəyişikliklərlə üzləşdi. Mərkəzləşdirilmiş iqtisadi siyasət nəticəsində kiçik ailə emalatxanaları bir çox hallarda fəaliyyətini dayandırdı və sənətkarların sayı azalmağa başladı. İpəkçilik və kəlağayı istehsalı əvvəlki kimi geniş yayılmasa da, müəyyən dövrlərdə dövlət tərəfindən yaradılan artellər və kooperativlər vasitəsilə bu ənənə qismən qorunub saxlanıldı.

Lakin Sovet sənaye məhsullarının bazara çıxması, xüsusilə də fabrik istehsalı olan ucuz parçalar və şallar kəlağayıya olan tələbatı azaltdı. Nəticədə, Basqalın yüzilliklər boyu formalaşmış ipəkçilik ənənəsi əvvəlki gücünü itirdi. Bütün bunlara baxmayaraq, sənətkar ailələri – nəsildən-nəslə keçən bilik və ustalığı qorumağa çalışan şəxslər – bu unudulmaz sənəti yaşatmağı davam etdirdilər və Basqalın mədəni kimliyinin itməsinə imkan vermədilər.

Müstəqillik dövründə isə Basqal kəlağayı sənətinin dirçəlişi üçün yeni imkanlar yarandı; bu qədim sənət yenidən öz şöhrətini qazanmağa başladı və bu gün artıq UNESCO səviyyəsində tanınan milli irs nümunəsinə çevrilmişdir.

Birinci Dünya müharibəsi ərəfəsində Basqal ipəkçilik və kəlağayı istehsalının əsas mərkəzlərindən biri idi. Həmin dövrdə qəsəbədə 1500 dəzgahı olan təxminən 900 kustar şərbafxana fəaliyyət göstərirdi və burada il ərzində 1 milyon 800 mindən çox kəlağayı hazırlanırdı. Bu qədər məhsulu boyamaq üçün Basqalın yerli boyaqxanalarının gücü bəs etmədiyindən, kəlağayıların böyük bir hissəsi rənglənmək üçün Şamaxıya, Gəncəyə və Bakıya göndərilirdi.

1902-ci ildə Tiflisdə keçirilən Qafqaz kustar sənayesi işçilərinin 1-ci qurultayına aid sənədlərdə Basqal ustaları haqqında olduqca maraqlı və dəyərli fikirlər qeyd olunmuşdu. Həmin sənəddə belə yazılırdı: “Ustaların hamısı savadsız olsalar da, sənətkarlıq baxımından avropalı həmkarlarını belə geridə qoyurlar. Onların hazırladığı məmulat yüksək bədii dəyəri və gözəlliyi ilə insanı heyran edir. Avropada istifadə olunan maşınlar və xüsusi dəzgahlar burada yoxdur. Bu məhsullar tamamilə ustaların əllərinin qüdrəti, zəhməti və ustalığının nəticəsidir”.

Bu sözlər Basqal sənətkarlarının istedadını, zəhmətini və əsrlər boyu formalaşmış ənənələrinin dəyərini bir daha ortaya qoyur.

Basqal daha çox sənətkarlıq nümunələri ilə şöhrət qazansa da, bu yerlərin özünəməxsus mətbəxinin müxtəlifliyi də turistləri heyran edir. “Pip” (“fıstıq”) dolması Basqal mətbəxinin nümunələri arasında xüsusilə qeyd olunmalıdır. Dolmanın Azərbaycan mətbəxində xüsusi yeri var və bu yemək ölkəmizin bütün regionlarında hazırlanır.

Basqalda hazırlanan pip dolması isə fərqlidir. Vələs yarpaqları yaz aylarında qəsəbədən təxminən 2 km aralıda yerləşən Əmrəki meşəsindən yığılır. Dolmanın içliyi - çəkilmiş ət adi üzüm yarpaqlarına deyil, vələs yarpaqlarına bükülür. Bu dolmaların fərqliliyi ondadır ki, yarpaqlar incə olduğundan bəzən iki yarpaq uzunsov birləşdirilərək bir dolma bükülür.

“Səməni” halvası kimi də tanınan Basqal halvasının maraqlı və zəhmət tələb edən bişirilmə texnologiyası var. Səkkiz gün cücərdilən buğdalar yuyulub ət maşınından çəkildikdən sonra suyu tənziflə sıxılır və unla qarışdırılaraq yoğrulur. Halva ocaq üzərində növbəli şəkildə qarışdırılaraq təxminən səkkiz saat bişirilir. Rəngi qaralmağa başladıqda ədviyyatlar (razyana, darçın, hil, sarıkök və s.), bal və ya bəkməz əlavə edilir. Ən sonda üstünə qoz ləpəsi səpilir.

Yaxşı bişmiş Basqal halvası həmçinin qan dövranını və əhvali-ruhiyyəni yaxşılaşdırır. Basqala məxsus bu şirniyyat növünün xəmiri su, süd və xama ilə hazırlanır. Xəmir kündələri oxlavla yayılır və üst-üstə yığılır, aralarına qoz ləpəsi və bal əlavə edilir. Kəsildikdən sonra qaynayan yağda qızardılır. Ballıbadı, adətən, şənliklər üçün hazırlanır. Basqala yolu düşənlər bu şirniyyat növünü mütləq dadmalıdır.

Basqal qəsəbəsi həm tarixi, həm mədəni, həm də memarlıq baxımından Azərbaycan üçün əvəzsiz dəyərlərdən biridir. Burada qorunub saxlanmış qədim qala divarları, məscid və hamam abidələri, orta əsr şəhərsalma nümunələri, həmçinin zəngin sənətkarlıq ənənələri Basqalın Azərbaycan mədəni irsində xüsusi yer tutduğunu göstərir.

Qəsəbə yalnız keçmişin yaddaşı deyil, eyni zamanda bu gün turistlər və tədqiqatçılar üçün canlı tarix və sənət məktəbidir. Basqal həm yerli sakinlərin gündəlik həyatında, həm də ölkəmizin mədəni turizm xəritəsində öz əvəzsiz rolunu qoruyaraq, Azərbaycan mədəniyyətinin canlı nümunəsi kimi gələcək nəsillərə ötürülür.

Günay RZAYEVA

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

İsmayıllı Regional Turizm İdarəsinin rəisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək