Murad Arif efirləri sərt tənqid etdi: “Bu qədər bacarıqsız kanal nəyə xidmət edir?”
“Müasir dövrdə özünə hörmət edən insan bir dəqiqə belə televiziya qarşısında oturub şou xarakterli, ssenarili ailə-məişət mövzulu verilişlərə baxmaz.
Efirlər sanki pusqudadır: haradasa davranışı, danışığı, tərbiyəsi problemli biri varsa, dərhal tapılıb “musiqili-əyləncəli” adı ilə xalqa təqdim olunur”.
Xpress.az xəbər verir ki, bu sözləri ifaçı Murad Arif bildirib.
“Ümumiyyətlə, niyə bu qədər çirkin və səviyyəsiz əyləncənin həddi aşmasına göz yumulur? Niyə hər özəl kanal gün ərzində 12–15 saat canlı yayımda eyni mövzuları, eyni simaları dövriyyəyə buraxır? Doğrudanmı müğənnidən başqa danışmağa, göstərməyə, çəkməyə mövzu yoxdur?
Bu qədər zəif və iddiasız kanalın çoxluğu nəyə xidmət edir? Televiziyaçılıq, jurnalistika və media məzmunu deyəndə doğrudanmı ağla yalnız səviyyəsiz söhbətlər gəlməlidir?
Məqsəd nədir?
Musiqili-əyləncəli saatlar azaldılmalıdır. Hər yerini azan aparıcı və ya müğənni efirə çıxarılmamalıdır. Klip saatları bərpa olunmalı, yaradıcı insanlar öz işləri ilə məşğul olmalıdır.
Əgər efirin maliyyəsi zəifdirsə, bu, onun səviyyədən düşməsi üçün əsas ola bilməz. “Kanal dolanmalıdır” düşüncəsi ilə efiri bu hala salmaq doğru deyil. Bu çoxluq nəyi artırır – keyfiyyəti, yoxsa bayağılığı?
Bu vəziyyət zəngin mədəni irsimizə, ölkəmizin beynəlxalq arenadakı mövqeyinə, şəhərlərimizin ev sahibliyi etdiyi tədbirlərə yaraşırmı?
Normal estrada müğənnisi efirdə klip saatı tapmır ki, öz musiqisini təqdim etsin. Qonşu ölkələrin peyk kanallarında yayımlanan klip kanallarına baxıb təəssüflənirik. Niyə ölkəmizin keyfiyyətli pop-musiqi kanalı olmasın?
Sənətçilər səviyyəsiz çıxışların fonunda qonaq olmaq istəmirlər. Bu cür verilişlərdə iştirak etmək normal sənətçi üçün qəbulolunmazdır.
Mən 20 il televiziya sahəsində çalışmışam. Radio proqramlarımda milli pop musiqini təqdim etmiş, müxtəlif layihələrdə sənət və musiqi haqqında danışmışam. Seçim, meyar, məsuliyyət vardı. Hətta kommersiya yönümlü ifaçılar belə efirə çıxarılarkən danışığına, səhnə mədəniyyətinə, musiqi keyfiyyətinə diqqət edilirdi.
Bəs indi haradadır o seçicilik? Haradadır qırmızı xətt? Kanalların bədii şuraları niyə fəaliyyət göstərmir? Bu özbaşınalığa kim nəzarət edir?”.