Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Basqaldan Qubadlıya uzanan ad:
Basqaldan Qubadlıya uzanan ad:
Ana səhifə

Basqaldan Qubadlıya uzanan ad: HACI BƏDƏL - FOTO

Xpress.az Redaksiyası 24.02.2026 11:15

"Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk".

Heydər ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycanın müxtəlif bölgələrində eyni və ya oxşar adlara, toponimlərə rast gəlmək bəzən sadəcə bir təsadüf kimi görünür. Lakin bu adların arxasında çox vaxt tarixdən gələn bağlar, insanların köç yolları, sənət və inanc izləri gizlənir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim Dəmirçibazar məhəlləsində yerləşən Hacı Bədəl məscidi və Qubadlının Dəmirçilər kəndində salınmış Hacı Bədəl körpüsü də belə maraqlı oxşarlıqlardan biridir. Eyni adın iki fərqli bölgədə, iki fərqli tikilidə yaşaması diqqətəlayiqdir. Görəsən, bu bənzərliklər sadəcə təsadüfdürmü, yoxsa hər iki məkan ortaq bir tarixi yaddaşın parçalarıdır? Bu sual bizi həm toponimlərin mənşəyinə, həm də xalq yaddaşında qorunub qalan hekayələrə doğru aparır.

Hacı Bədəl məscidi (İNV №4467) Basqalın tarixi-memarlıq abidələrindən biri sayılır. Bu məscid 1854-cü ildə qəsəbənin imkanlı şəxslərindən  olan tacir Bədəl kişi tərəfindən tikilmişdir. Onun bir neçə ticarət dükanı vardı, həmçinin qəsəbədə iki bulaq təmir etdirmiş, ətrafını abadlaşdırmışdı. Həcc ziyarətinə getməzdən əvvəl Bədəl kişi niyyət edir ki, ziyarətdən sağ-salamat qayıtdıqdan sonra yeganə qızı Sitarənin xatirəsinə bir məscid tikdirəcək. Bu məqsədlə Bazar meydanının aşağı tinində, Dəmirçibazar məhəlləsinin başlanğıcında yerləşən köhnə ev yerini alır və həyətini hasara salır. İki ildən sonra məscid tikilib tamamlanır və el arasında tikdirənin adı ilə adlandırılır. Məscidin həyətində iki əlavə yardımçı otaq inşa edilir, su quyusu qazılır və qəsəbə camaatının müqəddəs ziyarətgahlarından biri olan Seyid Ümmülbanu türbəsi tikilir (1897–1898).

Sovet dövründə digər dini ocaqlar kimi, bu məscid də bağlanmış, qapısına qıfıl vurulmuşdu. Hökumət orqanları insanların məscidə getməsini qadağan etmiş və bina əvvəlcə kəlağayı sexi, sonralar isə istehlak cəmiyyəti anbarı kimi istifadə olunmuşdur. Nəhayət, 1957-ci ildə yerli sakinlər böyük zəhmət və vəsait hesabına məscidin təmirinə nail olurlar.  

Daha sonra 1985-ci ildə əslən Basqallı olan, İtaliyada faşizmə qarşı vuruşmuş Məmməd Bağırov məscidin əsaslı təmiri üçün hökumət orqanlarına müraciətlər edir. Onun təşəbbüsü ilə 1985–1986-cı illərdə Mədəniyyət Nazirliyinin Tarixi Abidələri Bərpa İdarəsi tərəfindən geniş bərpa işləri aparılırdı. 1991-ci ildə Məmməd Bağırovun təkidi ilə məscidin rəsmi açılışı həyata keçirilir. Yerli camaatın köməyi ilə dam örtüyü ağ dəmirdən yenilənir, yaraşıqlı minarə tikilir və eyni zamanda burada yerləşən türbə də əsaslı təmir olunur.

Məscidin memarlıq quruluşu sadə olsa da, elementlərinin uyğunluğu ona bədii ifadəlilik verir. Çatma tağ-tavanla örtülmüş ibadət salonunun cənub divarında oyma ornamentlərlə bəzədilmiş taxta mehrab yerləşir. Məscidin daxilində qadınların ibadəti üçün ikinci mərtəbə düzəldilmişdir.

Məscidin xarici görünüşü sadə olsa da, daxili bəzəklər, rəngarəng boyanmış kitabələr və memarlıq elementləri onun kompozisiyasını zənginləşdirmişdir. Mehrabın portalının kənarları çoxləçəkli çobanyastığı (ağkirpik, mollabaşı) gülü formasında işlənmişdir. Basqal memarlığında çobanyastığı ləçəyi tez-tez rast gəlinən nəbati təsvirlərdəndir və bu gül həmin məkanın rəmzlərindən biri hesab olunur. Mehrabın haşiyəsinin əvvəlində və sonunda - yəni birinci tərəfində Qurani-Kərimin “Maidə” surəsinin 55-ci ayəsinin başlanğıc hissəsi, ikinci tərəfində isə iri süls elementli nəsx xətti ilə ərəb dilində qabarıq formada ayənin sonuna qədər mətni həkk olunmuşdur.

Prezident İlham Əliyev digər bölgələrimiz kimi, İsmayıllı və Basqal qəsəbəsini də daim diqqət mərkəzində saxlamış, bu qədim diyarın tarixi irsinin qorunmasına və turizmin inkişafına xüsusi qayğı göstərmişdir. Hazırda Hacı Bədəl məscidində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə aparılan bərpa işləri də bu diqqət və qayğının bariz nümunəsidir.

Eyni aynı daşıyan Hacı Bədəl körpüsü (İNV № 4705) isə Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşir.  Bu körpü tağsız körpü tipinə aiddir. XIX əsrə aid edilən bu körpü  Dəmirçilər kənd sakini, mötəbər şəxs və şeir yazmaqda fitri istedada malik olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində inşa edilmişdir. Körpünün tikintisində put daşından (xüsusi bəzək vurulmaqla), əhəngdən və yumurta sarısından istifadə olunmuşdur.

Bu körpü 15 kəndin Qubadlı rayon mərkəzi ilə əlaqəsini təmin etmişdir. Abidənin memarlıq quruluşu son dərəcə maraqlıdır. Belə ki, körpü yaz aylarında coşaraq daşan, kükrəyən dağ çayı - Ağa çayı üzərində salınmışdır. Heç vaxt ram olmayan bu dəlisov dağ çayının üzərində inşa olunduğuna görə, körpü tağbənd formasında tikilmiş, onun ortasında dayaqlar qoyulmamışdır. Bu həllin məqsədi coşub-daşan çayın axınının maneəsiz keçməsini təmin etmək idi.

Bu tarixi abidə 31 avqust 1993-cü ilədək öz ilkin vəziyyətini qoruyub saxlamışdır. Bu kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilsə də, 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Körpü Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hazırda körpünün vəziyyəti qənaətbəxşdir.

Basqalın Hacı Bədəl məscidi və Qubadlının Hacı Bədəl körpüsü bir-birindən uzaq coğrafi məkanlarda yerləşsələr də, bu iki abidə arasında mənəvi və mədəni bir bağ hiss olunur. Hər iki tikili həm xalq memarlığının incəliklərini, həm də xeyirxah insanların yaddaşlarda yaşayan adlarını yaşadır. Onlar təkcə memarlıq nümunəsi deyil, həm də xalqın imanını, zəhmətini və yaradıcılıq duyğusunu əks etdirən tarixi irs nümunələridir.

Bu adların hər iki bölgədə qorunub yaşaması xalq yaddaşının gücünü və ortaq mədəni yaddaşın davamlılığını göstərir. Hacı Bədəl adı həm Basqalda, həm də Qubadlıda sanki tarix və inam körpüsü rolunu oynayır - bir tərəfdə ibadət evi, digər tərəfdə insanların bir-birinə qovuşmasını təmin edən körpü.

Bu abidələr Azərbaycan xalqının əsrlərlə formalaşmış mənəvi dəyərlərinin, ustalıq ənənələrinin və tarixə olan ehtiramının canlı şahidləridir. Onların qorunması və gələcək nəsillərə çatdırılması milli yaddaşın yaşadılması baxımından böyük əhəmiyyət kəsb edir.

Günay RZAYEVA

Dövlət Turizm Agentliyinin İsmayıllı Regional Turizm İdarəsinin rəisi

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək