Madrid Vaşinqtona “yox” dedi – Trampın təhdidlərinə sərt cavab
İspaniya, mümkün cavab tədbirləri ilə hədələnsə belə, sülhə zərərli hesab etdiyi addımları dəstəkləmək niyyətində deyil. Bu barədə ölkənin Baş naziri Pedro Sánchez Yaxın Şərqdə artan gərginliyi şərh edərkən bildirib.
Baş nazir vurğulayıb ki, İspaniya qisas qorxusu ilə öz dəyərlərinə və milli maraqlarına zidd qərarlar qəbul etməyəcək:
“Sözsüz ki, qisas qorxusundan sülhə zərərli və dəyərlərimizə, maraqlarımıza zidd olan heç bir addıma ortaq olmayacağıq”.
O, həmçinin rəsmi Madridin Yaxın Şərqdə münaqişənin genişlənməsini qəbuledilməz saydığını və diplomatik-siyasi həll yoluna üstünlük verdiyini bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Trump İspaniya ilə bütün ticarət əlaqələrini kəsə biləcəyini istisna etməmişdi. O, Madridi hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmamaqda ittiham edərək bu mövqeni “dəhşətli” adlandırmışdı.
Bundan əlavə, Tramp İspaniyanın öz ərazisində yerləşən hərbi bazalardan İrana qarşı mümkün əməliyyatlar üçün istifadəyə icazə verməməsinə də etiraz etmişdi. ABŞ lideri daha əvvəl NATO çərçivəsində müdafiə xərclərini artırmaqdan imtina etdiyi təqdirdə Madridi sanksiyalarla hədələmişdi.
Xpress.az