Epşteyn işi genişlənir: Kölgədə qalan adlar kimlərdir?
“The Times” qəzetinin məlumatına görə, amerikalı maliyyəçi Ceffri Epşteyn Londonun “Harrods” univermağının keçmiş sahibi, misirli milyarder Məhəmməd Əl-Fayed üçün cinsi istismar qurbanları təqdim etmiş ola bilər. Bu barədə “RIA Novosti” agentliyi yazır.
Qəzet bildirir ki, qurbanların ifadələri iki yüksək səviyyəli qalmaqalda iştirak edən şəxslər arasında mümkün əlaqəni göstərir.
Məlumata görə, Epşteyn qurbanlardan birini 17 yaşı olanda öz şəbəkəsinə cəlb edib və 1997-ci ildə modellik karyerasına kömək edəcəyi vədi ilə onu Fransanın Sent-Tropez şəhərindəki yaxtada Əl-Fayedlə görüşməyə məcbur edib.
Zərərçəkmiş qadının sözlərinə görə, Əl-Fayed əvvəlcə nalayiq ifadələr işlədib, daha sonra isə ona hücum edib. Qadın bildirib ki, yaxta sahilə qayıdana qədər gəmini tərk edə bilməyib.
Əl-Fayedin qurbanlarına dəstək verən “No One Above” qrupunun nümayəndələri iki şəxsin fəaliyyət metodları arasında narahatedici oxşarlıqlar olduğunu qeyd ediblər. Onların sözlərinə görə, gənc qadınların cəlb olunması, manipulyasiya və məcbur etmə üsulları, eləcə də eyni VIP hava limanı terminallarından istifadə kimi detallar diqqət çəkir.
Mənbələrin bildirdiyinə görə, iki iş adamı 1980-ci illərdə Epşteynin işlədiyi səudiyyəli silah alverçisi Adnan Xaşoqqi vasitəsilə tanış olmuş ola bilər.
Əl-Fayedin 2023-cü ildə ölümündən sonra 400-dən çox qadın Britaniya polisinə onun tərəfindən törədildiyi iddia olunan cinsi zorakılıq barədə müraciət edib. Beş qadının yaşadıqlarını açıq şəkildə danışdığı sənədli film yayımlandıqdan sonra şikayətlərin sayı kəskin artıb.
Vəkillər bildirirlər ki, iş adamının yaxın çevrəsindən olan bəzi şəxslər də bu cinayətlərdə iştirak etmiş ola bilər. Məhəmməd Əl-Fayed həmçinin Fulham FC futbol klubunun keçmiş sahibi kimi də tanınır. O, 1960-cı illərdə Londona köçmüşdü.
Xpress.az