Unikal turizm potensialına malik MUZEY - FOTO
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Şəki rayonu ərazisində müxtəlif dövrlərə aid tarixi memarlıq abidələri ilə yanaşı arxeoloji irs nümunələri də özünəməxsusluğu ilə seçilir. Rayon ərazisində dövlət tərəfindən qeydiyyata alınmış bir dünya əhəmiyyətli, təqribən iyirmi ölkə əhəmiyyətli arxeoloji abidə mövcuddur. Qeydiyyata alınmış arxeoloji abidələrdən üçü - Şəkinin Fazıl kəndi ərazisində yerləşən Yoncalı və Söyüdlər nekropolları, Təpəbaşı nekropolu və yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydiyyata alınmışdır.
Müasir dövrdə Fazıl kəndi Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsinə daxil olan kiçik yaşayış məntəqəsidir. Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır.

Qafqaz əhalisinin ailə siyahılarından götürülmüş statistik məlumatların 1888 ci ildə dərc olunmuş toplusunda da kənd Fazil adlanır və Çolaxlı kənd icmasının tərkibinə daxil olan yeddi kənddən (Çolaxlı, Əhməd-bəyli, İbrahim-kənd, Ev-oğlu, Qaraməryən, Fazil, Qaraqobu) biri kimi təqdim olunur. Həmçinin eyni mənbədə sünni əhalisinin 34 kişi, 25 qadın, şiə əhalisinin isə 10 kişi, 5 qadından ibarət olduğu yazılır, kənddə olan evlərin sayı isə 16 olaraq göstərilir.
Fazıl kəndinin arxeoloji mirasa sahib olması haqqında ilk məlumata 1884 cü ildə dərc olunmuş Qafqaz Tarix və Arxeologiya Cəmiyyətinin Xəbərləri toplusunda rast gəlinir. Aleksandr Vissarionoviç Komarovun (24 avqust 1830 – 27 sentyabr 1904, Sankt-Peterburq) “1882-ci ildə Qafqaz diyarında tapılmış arxeoloji tapıntılar üzrə qısa icmal” başlıqlı yazısında Fazıl kəndi yaxınlığında yerləşən mülkədar Musa bəy Hacıxanovun mülkündə su arxı qazan fəhlələr tərəfindən qəbristanlıq aşkar edildiyini göstərir.

Qəbirdə, demək olar ki, tamamilə dağılmış insan sümükləri ilə yanaşı, xeyli sayda saxsı qablar tapıldığını yazan müəllif metal əşyaların fəhlələr tərəfindən gizlədildiyini düşünür. Musa bəy Hacıxanovla Yelizavetpol (indiki Gəncə) şəhərində görüşən Komarov öyrənir ki, qəbirlər torpağın içərisində, daş divarsız və başdaşısız qazılıb. Skeletlər o qədər dağılmış vəziyyətdədir ki, ölünün basdırılma mövqeyini müəyyənləşdirmək mümkün olmur. Qəbirlərin hərəsində ən azı 3 gil qab olub və bəzəkli mis əşyalar da tapıblar.
Komarov yazır: “Nuxadan (Z.R.Şəkidən) keçərkən mən bu qabların on nümunəsini görmək imkanına malik oldum. Onlar çox yaxşı vəziyyətdə qorunub saxlanılmışdı və nazik, sarımtıl-qırmızı, yaxşı bişmiş gildən hazırlanmışdı. Qabların formaları olduqca müxtəlif və zərif idi. Xüsusi diqqət çəkən nümunələrdən biri iki gözəl əyilmiş qulpdan ibarət, boğazı ətrafında naxışlar və hər iki tərəfində Roma rəqəmi V olan tamamilə yastı amfora idi.

Bundan başqa, üçü dərin boşqab formasında, üç ayaqlı və ayaqları şir pəncəsini xatırladan qablar tapılmışdır. Bir nümunədə bu ayaqlar yarı hündürlükdə birləşdirilmişdi. Digər qablar müxtəlif formalı küplərdən ibarət idi. Onlardan birinin ağzı hissəsində, gil materialından düzəldilmiş süzgəc vardı.
Bu qablar qəza rəisi tərəfindən Yelizavetpol (Z.R. indiki Gəncə) qubernatoru general-mayor knyaz Nakaşidzeyə təqdim olunmuşdur”.
Yazının davamında polkovnik Zazulevski sayəsində Fazil qəbiristanlığından dörd qab nümunəsi əldə edən Komarov həmin qabların ölçü və formalarını təsvir edir.
Şəki rayonunun arxeoloji cəhətdən tədqiqinə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha gec - 1980-ci illərin əvvəllərindən başlanıldığından Komarovdan sonrakı dövrdə də çox güman ki, təsadüfi və kortəbii qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət nümunələri müxtəlif maraqlı və səlahiyyətli şəxslər tərəfindən aparılmış, mənimsənilmişdir. Fazıl kəndi ərazisində ilk arxeoloji tədqiqatlara 1984 cü ildə Nəsib Muxtarovun (1951-2019) təşəbbüsü ilə başlanılmış, Təpəbaşı nekropolu qeydiyyata alınmışdır.

Daha sonralar kəndin ərazisində müxtəlif illərdə mərhələlərlə arxeoloji tədqiqatlar aparılıb və beş yaşayış məskəni – arxeoloji abidə müəyyən edilib. Onlardan üçü – antik dövrə aid Yoncalı nekropolu (inv N 1731), Söyüdlər nekropolu (inv N 1732), Təpəbaşı nekropolu və yaşayış yeri (inv N 1733) - ölkə əhəmiyyətli arxeoloji abidədir.
Bu abidələr içərisində Təpəbaşı nekropolu xüsusilə diqqət çəkir. Təpəbaşı nekropolunda aşkar olunmuş maddi mədəniyyət nümunələri onun ilk antik dövrdən ilk orta əsrlərə qədərki, təqribən min illik bir dövrü əhatə etdiyini deməyə imkan verir. Azərbaycanda Qafqaz Albaniyası dövrünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edən abidələrdən biridir. Abidə Fazıl kəndi ərazisində cənubdan Böyük düz düzənliyi ilə, cənub-qərbdən Əyriçay çayı ilə sərhədlənən kiçik təpə üzərində yerləşir.
1984-cü ildə qeydə alınan Təpəbaşı nekropolunda aparılan xilasetmə və genişmiqyaslı qazıntılar nəticəsində 20-yə qədər qəbir abidəsi tədqiq edilmişdir. Nekropol ərazisi aşkarlanmadan öncə kənd əhalisi tərəfindən təsərrüfat məqsədli istifadə olunduğundan ətrafda dağıntıya məruz qalmış qəbirlər də az olmayıb. Məhz bu səbəbdən arxeoloji tədqiqatlar zamanı xilasetmə işləri də aparılmışdır. Buradakı qəbrləri zəngin məzar avadanlığı birləşdirsə də fərqli dəfn şəkilləri ilə bir-birindən ayırır.

Təpəbaşı nekropolunda insanların əsasən şimal (qərbə meylli) istiqamətində dəfn olunduğu müşahidə olunur. Bununla belə, tədqiq olunmuş 1 saylı qəbirdə skelet tam bükülü – ana bətnində fetusun olduğu vəziyyətdə, əlləri çənəsinə tərəf, üzü gənuba dəfn olunub. 2 saylı qəbrdə insan arxası üstə, 3 saylı qəbirdə isə sol böyrü üstə dəfn olunub. 4 saylı qəbir isə dəfn xüsusiyyəti ilə tamamilə fərqlənir. Belə ki, bu qəbirdə insan parçalanaraq dəfn olunub. 8 saylı qəbir isə 90x125 sm ölçüsündə tabut formasında olması ilə seçilir.
9 saylı qəbir isə kütləvi dəfn adəti ilə bağlı olub burada 20 insanın, 4 iribuynuzlu heyvanın, 2 itin kəllə sümüyü və insana məxsus fərqli sümüklərin olması ilə təəccüb doğurur. Ümumiyytlə Təpəbaşı nekropolunda tədqiq olunmuş qəbir abidələrinin müxtəlif dəfn formaları bölgədə qədim cəmiyyətin dini inancları, dəfn adətləri və sosial strukturu haqqında mühüm məlumatlar verir. Belə ki, dəfn istiqamətinin müxtəlifliyini mütəxəssislər dəfn olunanın cinsi mənsubiyyəti, günəş və zülmətlə əlaqələndirirlər.
Qəbirlərdə aşkar olunmuş müxtəlif heyvanlara məxsus sümüklərlə yanaşı bəzək əşyası kimi istifadə olunmuş, deşilmiş qaban dişinə də təsadüf olunur ki, M.Hüseynova bunu qabana sitayişlə əlaqələndirir.

Arxeoloji tədqiqatlar zamanı aşkarlanan bütün bu torpaq qəbirlərdən fərqli sayda maddi mədəniyyət nümunələri, gil qablar, bəzilərində insan skeletindən başqa heyvan və quş sümükləri də aşkarlanmışdır. Nümunə üçün, nekropolun cənub-şərqində yerləşən 1 saylı qəbir tədqiq olunarkən 10 qabdan ibarət qəbir avadanlığı aşkar olunmuşdur. Onların arasında 2 ədəd tayqulp dopu, kiçik qulplu nimçə formalı qırmızı qab, qırmızı rəngli kasa, qırmızımtıl rəngli qulplu cam, qırmızı rəngli cüt qulplu ağzı ləçək formalı qab, açıq sarı rəngdə qulp əvəzi iki tərəfdənşaquli deşiyi olan dopu var.
Tədqiq olunmuş digər qəbirlərdə ördəkburun formalı qab, deşikli məməciyi olan nehrə, üçayaqlı qab, misdən hazırlanmış aypara formalı sırğa və bir çox müxtəlif forma və ölçüyə malik maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Nekropolda aşkarlanmış qab nümunələri Komarovun təsvirləri ilə oxşarlıq təşkil etməklə qalmır, öz unikallığı, estetikliyi, bədii tərtibatı və vizuallığı ilə də mütəxəssisləri təəccübləndirir. Qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin əksəriyyəti aşkar olunduğu yerdə sərgilənir. Bəzi nümunələr isə şəhərin mərkəzində arxeoloqların iş otağında mühafizə olunurlar.
Təpəbaşı nekropolunda aşkar olunmuş ən unikal maddi-mədəniyyət nümunələri sırasında gildən hazırlanmış bütlər, antropomorf fiqurlar da var. Bu bütlər üçün qol və baş-boyun hissəsində çoxsaylı halqalar xarakterikdir. Qadın və kişi cinsinə aid bütlər omba və bud nahiyyələri, qadınlarda döş və göbək hissəsinin xüsusi olaraq vurğulanması ilə seçilirlər. Fazıldan tapılmış gil büt nümunəsini Milli İncəsənət Muzeyinin ekspozisiyasında da görmək mümkündür.

Bu arxeoloji abidədə tapılan qırmızı, boz, mixəyi və qara rəngli dulus qablarının, maddi mədəniyyət nümunələrinin unikallığı onların tarixi və forması ilə deyil, üzərlərində olan kosmoqonik inanc işarələri, ay, günəş, xaç təsvirləri ilə bağlıdır. Bütün qəbrlərdə dulus qablarının və maddi mədəniyyət nümunələrinin mövcudluğu axirətə inam, insanların dünyagörüşü haqqında məlumat verir.
Təpəbaşı nekropolu ərazisində 2006-cı ildə arxeoloqlar Nəsib Muxtarov və İntizar Bədəlovanın əməyi nəticəsində “Əbədi sükut dünyası” adlanan yeraltı muzey – “Labirint” praktik arxeologiya muzeyi yaradılıb. Muzey əsasən arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qəbir abidələrinin orijinal vəziyyətdə yerindəcə qorunması və nümayiş etdirilməsi ilə seçilir.
Tapıntılar on‑on beşə qədər ekspozisiyada, əsasən qorunmuş qəbirlər şəklində ziyarətçilərə təqdim olunur. Ekspozisya Qafqaz Albaniyası ilə əlaqəsi olan Yaloylutəpə mədəniyyəti artefaktlarını, qadın formasında gil bütləri, silah və zinət əşyalarını, heyvan və insan ostoloji qalıqlarını öz yerində müşahidə etməyə imkan verir.
Bütövlükdə bu tapıntılar qədim sivilizasiyaların gündəlik həyatını, din və mifologiyasını, sosial‑iqtisadi sistemini əyani şəkildə göstərir. Unikal turizm potensialına malik bu muzey Azərbaycan tarixinin öyrənilməsi və tanıdılmasına böyük töhfə verə biləcək potensila malikdir. Lakin muzeyin daim açıq olmaması, onu ziyarət etmıyin yalnız arxeoloq İntizar Bədəlovanın muzeydə olduğu zamanlarda, onun müşaiyəti ilə mümkün olması arxeoloji irsin daha geniş ictimaiyyətə təqdim olunmasına müəyyən mənada maneçilik yaradır. Ümid etmək olar ki, yaxın gələcəkdə muzeyin rəsmi olaraq fəaliyyətə başlaması ölkə ərazisində unikal bir turizm obyektini ziyarət etməyə imkan yaradacaq.

Şəkinin Fazıl kəndi ərazisində ilk arxeoloji maddi-mədəniyyət nümunələri XIX əsrin 80-cı illərində aşkar olunub. İlk arxeoloji tədqiqatlara isə XX əsrin 80-cı illərindən başlanılıb. Kənd ərazisində arxeoloji qazıntılar, tədqiqat və xilasetmə işləri mərhələlərlə aparılıb və bu günə qədər davam etməkdədir. Rəsmi olaraq qeydiyyata alınmış ilk arxeoloji abidə olan Təpəbaşı nekropolu günümüzdə ölkə əhəmiyyətli abidə olaraq qorunur və muzey şəklinə salınıb.
Arxeoloq İntizar Bədəlova ilə əlaqə saxlayaraq praktik arxeologiya muzeyini ziyarət etmək və aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə yerində tanış olmaq mümkündür. Nekropolda aşkarlanan qəbirlər və maddi mədəniyyət nümunələri ilk antik dövrdən ilk orta əsrlərə qədər olan min illik bir dövrü əhatə edir və dövrün sənətkarlığı, dini dünyagörüşü, dəfn adətləri haqqında geniş təsəvvür yaradır.
Zəminə RƏSULOVA
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi
