Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bələdçinin qoruq auditoriyası ilə iş prinsipi -
Bələdçinin qoruq auditoriyası ilə iş prinsipi -
Ana səhifə

Bələdçinin qoruq auditoriyası ilə iş prinsipi - FOTO

Xpress.az Redaksiyası 23.03.2026 22:42

Turizm sahəsində fəaliyyət göstərən heç bir müəssisəni bələdçisiz təsəvvür etmək mümkün deyil. O, tur müddəti ərzində turistlərlə ünsiyyət quran, ölkənin tarix və mədəniyyətini geniş təbliğ edən  ən birinci vasitədir. Turistlərin yüksək səviyyədə qarşılanıb yola salınmasında bələdçilərin rolu əvəzsizdir. Bu baxımdan onlar peşəkar, dünyagörüşlü, insanlarla ünsiyyət qurmaq bacarığı olan şəxslər olmalıdır. Bələdçilərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı xidmət keyfiyyətinə təsir edən əsas amillərdir. Onların xarici dil bacarığı keyfiyyətin əsas göstəricisidir.

Bələdçilər nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərə və bacarıqlara malik olan, intellektual səviyyəli, məsuliyyətli, fəal həyat tərzinə alışmış şəxslər olmalıdır. Bələdçi nə qədər çox dil bilərsə, mütəxəssis kimi öz ölkəsinin nüfuzunu daha çox yüksəltmiş olar. Nə qədər məlumatlı olmağına baxmayaraq, o yalnız müəyyən məntiqi ardıcıllığa əməl etməklə, öz işində uğur qazana bilər. Turistlərin nəzərində onlara rəhbərlik edəcək bələdçinin imici başqa cür ola da bilməz.

Turizm müəssisələrinin, əsas da qoruqların, fəaliyyəti üçün onların ziyarətçilərinin olması əsas şərtdir. Qoruq - elm, mədəniyyət və təsərrüfat üçün vacib əhəmiyyət kəsb edən,  dövlət tərəfindən mühafizə olunan akvatoriyadır. Qoruq audutoriyası ilə işləmək isə qoruq əməkdaşları arasında birbaşa bələdçilərin üzərinə düşür. Bələdçi audutoriyaya uyğun olaraq öz iş metodunu müəyyən etməlidir.

Audutoriya ilə işləyərkən bələdçi aşağıdakı vəzifələri daşıyır:

Bələdçi həmsöhbətdir - O təqdimat zamanı yaranan situasiyaya uyğun olaraq turistlərin verdiyi reaksiyalara müvafiq surətdə onlarla fikir mübadiləsinə qoşular, sual və replikalarına cavab verə bilər.

Bələdçi emosional liderdir - O hadisə və obyektlə tanış olan turistlərə onlarda təəssürat yaradan emosiyaların doğruluğuna, inandırıcılığına şərait yaradır.

Bələdçi şərhçidir - O obyekt və ya hadisə, onu törədən səbəblər haqqında izah verir, bunların mahiyyətini çatdırmaq üçün geniş şərh aparır.

Təmiz, səliqəli və zövqlə geyinmiş bələdçi bir şəxsiyyət kimi turistləri cəlb edir, onun nüfuzunu artırır, ona hörmətlə yanaşılmasını təmin edir.

Bələdçi tur qrup üzvlərini onların fiziki imkanları, bacarıq və vərdişləri, texniki imkanlardan istifadə bacarıqları və habelə onların qrup üzvləri ilə psixoloji uyğunluğu əsasında tərtib etməyə, lazım gəldikdə qrup üzvlərini tibbi baxışdan keçirməyə borcludur.

Bələdçinin davamlı öyrənmə və uyğunlaşması - bələdçi daim öyrənir, yeni tendensiyalar, hadisə və proseslərlə ayaqlaşır. Bələdçi məlumat almaq üçün kurslar alır və ya konfranslara qatılır.

Trendlərə uyğunlaşma - Bələdçilər sağlam səyahət və ya macəra turizmi kimi tendensiyaları özündə cəmləşdirir.

Bu gün  bələdçilər yalnız qoruq auditoriyası ilə işləmir. Onlar ümumi olaraq öz turlarını apararkən turistlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün aşağıdakıları nəzərə alırlar.

Fərdi turlar: İndi bir çox bələdçilər turları turistlərin maraqlarına, ehtiyaclarına və üstünlüklərinə uyğun tərtib edirlər. Məsələn, bəziləri qrupun nə ilə maraqlandığından asılı olaraq diqqəti daha çox ona yönəldirlər; yemək, incəsənət, təbiət və ya tarix.

Texnoloji inteqrasiya - Proqramların və rəqəmsal alətlərin istifadəsi: Bəzi bələdçilər interaktiv təcrübələr üçün planşet və ya smartfon kimi cihazlardan istifadə edirlər. Məsələn, ekskursiya keçdikləri yerin necə göründüyünü göstərmək və ya virtual məlumat vermək üçün AR-dən (Artırılmış Reallıq) istifadə edirlər.

Bir neçə dil biliyi: Qloballaşan dünyamızda müasir bələdçilər bir çox dildə danışır və təcrübələrini beynəlxalq səviyyədə daha əlçatan edirlər.

Maraqlı hekayələr: Bu gün ən yaxşı bələdçilər əla hekayəçilərdir. Onlar maraqlı lətifələr danışaraq, zarafatlar edərək, tarixi və mədəniyyəti canlandıraraq gün ərzində turistləri əyləndirirlər.

İnsayder tövsiyyələri: Bələdçilər yerli insayder kimi davranaraq rəsmi tur bitdikdən sonra turistlərə harada yemək, alış-veriş etmək, araşdırma edə biləcəkləri barədə məsləhətlər verirlər.

İmmersiv turlar: Müasir bələdçilər səyahətçilərə sadəcə görməli yerləri gəzməkdən daha çox şey təqdim etməyi hədəfləyirlər. Bunlar arasında yemək dərsləri, ənənəvi sənətkarlıq, yerli festivallarda iştirak etmək ola bilər.

Turizm insan kütləsini özündə birləşdirən bir sahə olduğu üçün burada insanların mədəni ünsiyyətinin və onların maarifləndirilməsinin də böyük ictimai-siyasi və kulturoloji əhəmiyyəti vardır. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, turizm təkcə insanların səyahətlərinin təşkilinə, onların mənəvi həzzinə xidmət etmir, eyni zamanda turizm insanları müxtəlif bilgilərlə maarifləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir. Təbii ki, turistin maarifləndirilməsinin məzmunu ekskursiyaların predmet və məzmunundan daha çox asılı olur.

Elə buna görə də turizmin ekskursiya marşrutları əsasən tarixi, coğrafi və s. informasiyalarla zəngin olur. Bu informasiyaların çox hissəsi həm də mədəniyyət bazasının inkişaf etməsinə şərait yaradır. İnsanların mədəniyyət bazasını inkişaf etdirmədən onlara çatdırılan informasiyaların düzgün qavranılması da mümkün deyildir. Belə ki, mədəniyyət bazasının zənginləşməsi hər bir fərdin informasiyanı düzgün qavramaq qabiliyyətinin inkişafına kifayət qədər müsbət təsir göstərir.

Bələdçinin işini ekskursiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Ekskursiya latınca”excursion” - səfər mənası verir. Ekskursiya əvəllcədən seçilmiş obyektə bu və ya digər mövzu ətrafında insanların dünyagörüşünün artırılması məqsədi daşıyan bir prosesdir. İlk olaraq ekskursiya elmi olmalıdır. Verilən məlumat həqiqətə uyğun, tez qavranılan, inandırıcı olmalıdır. Və bu prosesi düzgün icra etmək bələdçinin nə qədər peşəkar olmasından xəbər verir.

Qeyd edək ki, Azərbaycan zəngin mədəni irsə və inkişaf edən turizm sənayesinə malik ölkədir. Son illərə nəzər salsaq bu gün Azərbaycan turizmi öz inkişafının ən yüksək nöqtəsini yaşayır.  Azərbaycanın turizm profilli ölkəyə çevrilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Odlar ölkəsində turizmin inkişaf etdirilməsinin perspektivlərindən bəhs edərkən istər-istəməz onun bu istiqamətdə mövcud tarixi təcrübəsinin nəzərdən keçirilməsinə də ehtiyac duyulur.

Belə ki, tarixin müxtəlif çağlarında Azərbaycanı seyr etmiş əcnəbi coğrafiyaşünaslar, səyyahlar bu ölkənin gəzməli, istirahət üçün əliverişliliyini daim qabarıq şəkildə təsvir etmişlər. Antik çağların görkəmli zəka sahibləri Plini, Plutarx, Heradot, Ptolomey, Strabon, sonrakı tarix mərhələlərində Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbara, Ambrocco Kontraini, Antoni Cenkinson, Vincensi Aleksandri ölkənin qədimi adət-ənənələri, təbiət gözəlliklərini, ən əsası isə qonaqpərvər azərbaycanlıların səmimiliyi, insanpərvərliyindən cəsarətlə fikir söyləmişlər.

Ölkəmizdə bir çox turizm müəssisələri mövcuddur ki bunlar arasında ən çox ziyarətçi sayı və müxtəlif auditoriyası ilə fərqlənən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu xüsusilə qeyd etmək lazımdır. Yanardağ- Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan təbiət hadisəsidir.

Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.  2018-ci ildən Qoruq Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərir. İl ərzində Qoruğu yüz minlərlə turist ziyarət edir. Bu turistlər müxtəlif millətdən olan və fərqli yaş kateqoriyalarına malik insanlardır. Qoruq əməkdaşları arasında ziyarətçilərlə iş əsas olaraq bələdçilərin üzərinə düşür. Qoruq auditoriası ilə işləyərkən bələdçilər ilk növbədə onların hansı yaş qrupuna aid olmasını, milliyətini, dil biliklərini və fiziki məhdudiyyətli olmalarını nəzərə alırlar.

Qoruqda fziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün hər cür şərait yaradılıb ki, bu da ekskursiya müddətində həm bələdçinin həm də ziyarətçinin işini asanlaşdırır. Həmçinin  ekskursiyanın əyləncəli keçirilməsi üçün  Qoruqda interaktiv muzey mövcuddur. Bu isə öz növbəsində istənilən yaş qrupundan olan ziyarətçilərə xoş təəssürat bağışlayır və ekskursiya arasında dincəlməyə şərait yaradır.

Turistlər üçün interaktiv təcrübələr sürətlə müasir səyahətin əsas məqamına çevrilir. Turizmi daha immersiv, yaddaqalan və əyləncəli edən populyar və yeni yaranan interaktiv təcrübələrdir. Müasir texnologiyalar həm turistlərin təcrübələrini, həm də bələdçilərin fəaliyyət tərzini artıraraq turizm bələdçiliyi sənayesində təsiredici qüvvəyə malikdir. Bu texnoloji irəliləyişlər bütün turizm sistemini yenidən formalaşdırır, daha fərdiləşdirilmiş, səmərəli və immersiv təcrübələr yaradır.

Bu gün ağıllı eynəklər, portativ audio sistemlər kimi ağıllı cihazlar həm turizmin təşkilini həm də bələdçiliyi daha qüsursuz edir. Dünyanın bir çox məşhur muzeyləri ziyarətçilərə daha interaktiv təcrübə təqdim etmək üçün audio bələdçilərdən  istifadə edir. Bu texnologiya, həmçinin dil fərqlərini aradan  qaldırmağa və hər bir ziyarətçiyə öz sürətində məlumat əldə etməyə imkan tanıyır.

Audio bələdçilər görmə qabiliyyəti olmayan fiziki məhdudiyyətli insanlar üçün muzey təcrübəsini təkmilləşdirməyə imkan verir. Bu gün dünyanın müxtəlif muzeylərində audio bələdçilərin  müxtəlif növlərindən - rəqəmsal blokları olan audio bələdçilər,  sensorlu ekran və yaxud nömrə paneli vasitəsilə istifadə olunan PDA-lar, obyektin şəklini çəkərək bir neçə dəqiqə sonra onun haqqında animasiyalar, səslər və mətnlər əldə edə biləcəkləri mobil telefonlardan geniş istifadə olunur (məsələn, Parisdə, Liqal Muzeyində keçirilmiş eksperimentlər).

Fransanın Luvr, Amerikanın Metropoliten, həmçinin Britaniya və Vatikan muzeylərində ziyarətçilərə audio bələdçi xidmətləri təklif edilir. Həmçinin adıçəkilən muzeylərdə fiziki məhdudiyyətli ziyarətçilər nəzərə alınaraq müxtəlif tərtibatlarda Brayl əlifbasından istifadə olunur. Azərbaycanın Milli Xalça muzeyi, Milli Tarix muzeyi, Milli İncəsənət Muzeyi görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbalı təqdimatlar təklif edir. Müxtəlif etnoqrafik eksponatlar bu yolla təqdim edilir. Muzeylərdə bu əlifbadan istifadə sayəsində ziyarətçilər muzeydəki eksponatların  təsvirlərini, məlumat  lövhələrini və digər məlumatları oxuya bilirlər. Bu da muzeylərdə inkluzivliyi artırır.

Muzeylərdə Brayl əlifbasının tətbiqi aşağıdakı üsullarla mümkündür:

Mətnlərin Brayl əlifbasına çevrilməsi - Muzeylərdəki məlumat lövhələri, eksponat təsvirləri və digər yazılı məlumatlar Brayl əlifbasına çevrilərək görmə qabiliyyəti zəif olan ziyarətçilərə təqdim edilə bilər. Bu eksponatlar haqqında ətraflı məlumatın əlçatan olmasını təmin edir.

Səsli bələdçilər və interaktiv stendlər - Əlifba ilə yanaşı, səsli bələdçilər və interaktiv stendlər də görmə qabiliyyəti zəif olan ziyarətçilər üçün faydalı ola bilər. Bu texnologiyalar eksponatlar haqqında ətraflı məlumatı səsli şəkildə təqdim edir.

Muzey əməkdaşlarının maarifləndirilməsi - Muzey əməkdaşlarının Brayl əlifbası və görmə qabiliyyəti zəif olan insanlar üçün xidmət göstərmə bacarıqları üzrə maarifləndirilməsi vacibdir. Bu tədbirlər sayəsində muzeylər daha inkluziv hala gələcək və bütün ziyarətçilər üçün mədəniyyət və incəsənətdən bərabər şəkildə faydalanmaq imkanı yaranacaqdır.

Dünyanın müxtəlif muzeylərində istifadə edilən bu növ avadanlıqları  muzey bələdçisi adlandırmaq olar. Bu cür bələdçilər muzeylərdə böyük potensiala malikdirlər. Onlar gözlə qəbul ediləni şifahi şərhə çevirməklə mədəni vasitəçi rolunu yerinə yetirirlər və bu da məlumatların əlçatanlığının artırılmasına gətirib çıxarır.

İradə MEHDİYEVA

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək