Melodiyalara köçən ömür: Elza İbrahimovanın SƏNƏT YOLU - FOTO
"Elmi iş" Beynəlxalq Elmi Jurnalın xüsusi buraxılışı işıq üzü görüb. Jurnalda Günay Rzayevanın "Melodiyalara köçən ömür: Elza İbrahimovanın sənət yolu" məqaləsi dərc olunub. Xpress.az məqaləni təqdim edir:
Azərbaycan qadınları musiqi mədəniyyətimizin formalaşmasında mühüm rol oynamış, xüsusilə bəstəkarlıq sahəsində yeni yaradıcılıq istiqamətlərinin inkişafına töhfə vermişlər. Onlar klassik musiqi, xalq musiqisi və müasir janrları sintez edərək milli musiqi irsinin zənginləşməsinə xidmət etmişlər. Azərbaycan musiqi mədəniyyəti tarixində qadın bəstəkarların xüsusi yeri olan sənətkarlar sırasında Elza İbrahimovanın adı böyük hörmətlə çəkilir. O, zəngin yaradıcılığı, melodik duyumu və milli musiqiyə gətirdiyi yeniliklərlə Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm töhfələr vermişdir.

Elza İbrahimova 1938-ci ildə Hacıqabul (o vaxtkı Qazıməmməd) şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən Elzanın bu istedadı valideynləri tərəfindən dəstəklənmiş və o, Bakıda 8 saylı musiqi məktəbinə yazdırılmışdır. Sonralar A. Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfində, daha sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) təhsil almışdır. Bu təhsil yolu onun peşəkar bəstəkar kimi formalaşmasında mühüm rol oynamışdır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələmişdir. Məmməd Rahimin sözlərinə yazdığı “Yalan ha deyil” mahnısı məşhur müğənni Şövkət Ələkbərovanın ifasında geniş dinləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanmışdır. O, Azərbaycan estrada musiqisinə tanqo ritmini gətirən ilk bəstəkarlardan biri olmuşdur. Rəfiq Zəkanın sözlərinə yazdığı “Qurban verərdim” mahnısı əvvəlcə sovet dövrünün bədii şurası tərəfindən birmənalı qarşılanmasa da, sonradan böyük populyarlıq qazanmışdır.

“Sən mənə lazımsan”, “Bağçadan keçmisən” və digər tanqo üslublu mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Elza İbrahimovanın yaradıcılığı yalnız estrada musiqisi ilə məhdudlaşmamışdır. O, fortepiano və orkestr üçün konsertlər, operalar, romanslar, sonatalar və kamera musiqisi nümunələri də bəstələmişdir. Bəstəkarın “Ey Vətən” mahnısı Rəşid Behbudovun ifasında bütün dünyada Azərbaycanı tərənnüm edən məşhur əsərlərdən birinə çevrilmişdir.
Elza xanım özü müsahibələrinin birində belə söyləmişdir:“Mənim əsərlərim ifa olunan konsertlərin birindən sonra mənə Rəşid Məcidoviç zəng etdi. Mən özümü itirdim, çünki onun istedadına pərəstiş edirdim. O, hansı əsər üzərində işlədiyimlə maraqlandı. Həmin dövrdə ‘Ey Vətən’ mahnısını yeni tamamlamışdım və onu Rəşid müəllimə təqdim etməyə qərar verdim. Bu və bir neçə digər yeni lirik mahnımın notlarını qardaşım Çingiz apardı. Rəşid Behbudovla əməkdaşlığımız o gündən başladı. Rəşid müəllim ‘Ey Vətən’ mahnısını çox gözəl ifa etdi və bu əsər Odlar diyarının bir çox qitədə təqdim olunan musiqi vizit kartına çevrildi”.

O, Azərbaycan və rus dillərində yazılmış çoxsaylı şeirlərə musiqi bəstələyərək zəngin yaradıcılıq irsi qoymuşdur. Onların arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri və bir sıra tamaşalara yazdığı musiqilər xüsusi yer tutur. “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə dinləyici yaralarına bir məlhəm kimi səslənir.
Elza İbrahimova yaradıcılığına görə dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2008-ci ildə isə xalq artisti fəxri adına layiq görülmüşdür. Uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edən bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti və əməkdar incəsənət xadimi Elza İbrahimovanın anadan olmasının 80 illiyi tamam olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı imzalanmışdır. Bu da onu göstərir ki, Elza İbrahimova dövlət tərəfindən yüksək qiymətləndirilən, yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoymuş görkəmli bəstəkarlardan biri olmuşdur.
Qusar Rayon Uşaq İncəsənət Məktəbinin qarşısında görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın büstünün açılışı olub. Elə həmin məktəbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli qərarına əsasən Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verildi.

Nəticə olaraq qeyd etmək olar ki, Elza İbrahimova Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış, qadın bəstəkarlar arasında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən görkəmli sənətkarlardan biridir. O, milli melodiyaları klassik və müasir musiqi üslubları ilə sintez edərək Azərbaycan musiqisinin zənginləşməsinə böyük töhfələr vermişdir. Bəstələdiyi mahnılar, opera və instrumental əsərlər onun geniş yaradıcılıq diapazonunu və yüksək peşəkarlığını nümayiş etdirir. Elza İbrahimovanın irsi bu gün də aktual olaraq qalır, onun əsərləri müxtəlif nəsillərin ifasında səslənir və musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı, onun adına məktəbin verilməsi və büstünün ucaldılması böyük bəstəkarın Azərbaycan mədəniyyətində tutduğu əvəzsiz yerin bariz göstəricisidir. Elza İbrahimova öz yaradıcılığı ilə Azərbaycan musiqi tarixində silinməz iz qoymuş, gələcək nəsillər üçün zəngin və dəyərli musiqi irsi miras qoymuşdur.
Günay RZAYEVA
