Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Üç məşhur şəxsiyyətin
Üç məşhur şəxsiyyətin
Ana səhifə

Üç məşhur şəxsiyyətin XATİRƏSİNİ YAŞADAN ABİDƏ - FOTO

Xpress.az Redaksiyası 02.04.2026 10:53

“Qədim diyar” beynəlxalq elmi jurnalın xüsusi buraxılışı işıq üzü görüb. Jurnalda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın “Abdulla bəy Əfəndizadənin evi” adlı məqaləsi dərc olunub. Xpress.az məqaləni təqdim edir:

Şəki şəhərinin tarixi hissəsinin daxil olduğu Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində 83 tarixi-memarlıq abidəsi dövlət tərəfindən qeydiyyata götürülüb və mühafizə olunur. Ancaq nəzərə almaq lazımdır ki, bir çox tikili yalnızca tarixi və memarlıq xüsusiyyətlərinə görə deyil, həm də milli-mənəvi, ictimai-sosial dəyərinə görə abidə statusu almışdır. Qoruq ərazisində bəzi yaşayış  evləri də məhz həmin evdə doğulan, yaşayan tanınmış şəxsiyyətlərlə bağlılığına görə abidəyə çevrilmişdir. Bu məqalədə həmin evlərdən biri olan Abdulla bəy Əfəndizadənin evi haqqında söhbət açılacaq, onun abidə kimi dəyəri araşdırılacaq.

Abidə statusu - bir tikilinin və ya obyektin tarixi və mədəni irs kimi dövlət və ya beynəlxalq səviyyədə tanınması deməkdir. Bu status tikilinin qanunla qorunmasını, tədqiqini, mühafizəsini və gələcək nəsillər üçün saxlanmasını nəzərdə tutur. Belə status yalnız estetik deyil, həm də tarixi, milli-mənəvi və ictimai-sosial əhəmiyyətə malik obyektlərə verilir. Tarix və mədəniyyət abidələri xalqın keçmişini, milli kimliyini və mədəni yaddaşını özündə yaşadan mühüm irs nümunələridir. Bu baxımdan tikililərə abidə statusunun verilməsi yalnız onların fiziki mövcudluğunun qorunması deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və ictimai şüurun davamlılığının təmin edilməsidir.

Azərbaycan Respublikasında bu sahə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunla tənzimlənir və abidələrin statusu onların tarixi, memarlıq, milli-mənəvi və ictimai-sosial dəyərinə əsasən müəyyən olunur . Abidələr cəmiyyətdə memarlıq və tarixi əhəmiyyətə malik olduqları qədər sosial informasiya daşıyıcısıdırlar.

Onlar “mədəni yaddaş” ın saxlanc yerləridir.Hər bir tarixi-memarlıq abidəsi zahiri səciyyəsini-ölçü, üslub, rəng kimi xüsusiyyətlərini əhatə edən informasiya ilə yanaşı, həm də sosial məqamlar-mənəvi təcrübələr, müəllif, tikinti dövrü və sahibi haqqında da məlumata sahib olur. Abidənin daşıdığı informasiya isə onun mədəni dəyərini müəyyən edir. Mədəni irs obyektinin “abidə” satatusunu müəyyən edən əsas meyar isə məhz onun dəyər potensialıdır.

Azərbərbaycan SSR Nazirlər Soveti 24 noyabr 1967 ci il tarixində Şəki (Nuxa) şəhərində tarixi abidələrin qorunması və mühafizə olunması haqqında 594 №li qərar qəbul etmişdir. Bu qərarla bağlı Şəki İcraiyyə Komitəsinin iclas protokollarında qeyd olunur ki, Azərb.SSR Nazirlər Soveti Nuxa (Şəki red.) şəhərinin tarixən yaranmış memarlıq sifətini, mədəni abidələrini qoruyub saxlamaq məqsədilə şəhərin “Yuxarı baş” adlanan hissəsini dövlət tərəfindən qorunan memarlıq qoruq zonasına keçirməyi qərara almışdır.

Şəkinin tarixi hissəsində qoruq zonasının yaradılmasından bir il sonra isə ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısı tərtib olunur. Həmin siyahıya Şəkinin tarixi hissəsində yerləşən on tarixi memarlıq abidəsi və bir arxeoloji abidə daxil edilmişdir. Həmin abidələr arasında yaşayış evləri yox idi. 2001-ci ildə isə siyahı yeniləndikdə “Yuxarı Baş” ərazisində qeydiyyata alınan abidələrin sayı 25-ə çatdı və onlardan beşi yaşayış evi idi. Yerli əhəmiyyətli abidə kimi siyahıya alınmış Əlicanbəyovların evi, Fərhadbəyovların evi və Z.Əfəndiyevin evi sırf tarixi-memarlıq üslubu səbəbilə qeydiyyata götürülmüşdür.

M.F.Axundovun və R.Əfəndiyevin ev muzeylərinin yerləşdiyi binalar isə Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən yaşayış evləri olmaqla yanaşı, həm də milli-mənəvi, ictimai dəyərlərinə görə abidə statusuna layiq görülmüşdür. Bu gün isə Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən, qeydiyyata alınmış tarixi abidələrin sayı 83-dür.  Bu çoxsaylı abidələrin siyahısında isə yarıdan çoxu məhz yaşayış evləridir. Həmin yaşayış evlərinin bir çoxu əlbəttə ki, fasad və interyerində olan memarlıq detalllarına, tarixi tikinti üslubunu özündə yaşatdığına görə abidə kimi dəyərləndirilmiş və siyahıya əlavə edilmişdir.

2021-ci ildə yerli əhəmiyyətli abidə olaraq 4996-35 inventar nömrəsi ilə qeydiyyata alınmış yaşayış evlərindən biri də Abdulla bəy Əfəndizadənin evidir. Ümumi sahəsi 808,3 kv.metr olan ev Şəkinin tarixi məhəllələrindən birində, Otaq eşiyi 11 ünvanında yerləşir. Şəkinin XIX əsrdə inşa olunmuş bir çox yaşayış evləri kimi çay daşı və bişmiş kərpicin kombinasiyalı hörgüsü ilə tikilmiş ev iki mərtəbəlidir. Sadə plan quruluşuna malikdir. Birinci mərtəbənin qarşısında kərpic sütunlu səki var. Elə bu sütunlar üstündə də ikinci mərtəbənin şüşəbəndi qurulub. Şəki evlərinin əsas fərqləndirici xüsusiyyəti olan fasad elementləri bu binanın da nəzərə çarpan bəzək ünsürlərindəndir.

Evin küçəyə baxan fasadında pəncərəüstü və pəncərələrarası kərpic naxış elementlərindən istifadə olunub. Yaşayış evinin otaqlarında buxarı deyil, divar sobalarının olması onun tikinti dövrü – XIX əsrdə tikilməsi haqqında qəti fikir bildirməyə imkan verir. Belə metal divar sobaları məhz XIX-XX əsrlər üçün xarakterik idi. Evin içərisində heç bir dekorativ element, bədii tərtibat istifadə olunmayıb. Bununla belə binanın hörgüsünün mükəmməlliyi, ümumi tikilinin həcmi Şəki evlərinin özünəməxsusluğunu əks etdirir. Eyni zamanda ev sahibinin və sonralar həmin evdə yaşamış şəxslərin Azərbaycan tarixində oynadığı rol, ictimai-siyasi fəaliyyət evin dəyərini artırmış və onun yerli əhəmiyyətli abidə statusu almasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, Abdulla bəy Əfəndizadənin qardaşı, Azərbaycanın maarif xadimi, etnoqraf, pedoqoq, M.F.Axundovdan sonra ilk dramaturq hesab olunan Rəşid bəy Əfəndiyevin evi də “Yuxarı Baş” Milli Tarix Memarlıq Qruğu ərazisində yerləşir və 2001-ci ildə dövlət qeydiyyatına alınmış ilk beş evdən biri olub. Ev muzeyi kimi fəaliyyət göstərən Rəşid bəy Əfəndiyevin evi də memarlıq həlli baxımından Şəki evlərinin ən gözəl nümunələrindən biri hesab olunur. Rəşid bəy Əfəndiyevin evinin interyer tərtibatında dekorativ buxarının olması həmin binaya memarlıq dəyəri ilə bərabər bədii dəyər də qatır. Əlbəttə ki, evin Rəşid bəy Əfəndiyevin ev muzeyi olması özü də ayrıca bir dəyərdir ki, bu da onun milli-mənəvi, ictimai əhəmiyyəti ilə bağlıdır.

Abdulla bəy Əfəndizadənin evi kimi qeydiyyata alınmış yerli əhəmiyyətli abidə isə bir deyil Azərbaycanda tanınan üç məşhur şəxsiyyətin - Abdulla bəy Əfəndizadə, Hikmət Ziya və Rasim Ocaqovun  xatirəsini yaşadır.

Abdulla bəy Əfəndizadənin evinin tarixi-memarlıq dəyərindən deyil, milli-mənəvi, ictimai əhəmiyyətindən bəhs olunursa təbii ki, ilk öncə Abdulla bəyin kimliyi haqqında məlumat vermək lazımdır.

Fotoda Abdulla bəy Əfəndizadənin evi.

1872-ci ildə martın 3-də Şəkidə anadan olmuş Abdulla bəy Əfəndizadə “Azaqbəyli”, “Zövqi” imzasıyla əsərlər yazmış, bir neçə dərslik kitabının, şeir və tərcümə kitablarının müəllifi olmuşdur. Abdulla bəy Əfəndizadənin "Ya ölüm, ya Türkiyə" adlı məşhur mənzuməsi 1919-cı ildə Şəkidə “Mədəniyyət” mətbəəsində çap olunmuşdur. Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınan Abdulla bəy Əfəndizadə eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş, Şəkini təmsil etmişdir. Abdulla bəy, eyni zamanda Məclisi-Məbusanın bir neçə - "Məclisi-Müəssisan", "Ləvazim", "Maliyyə-Büdcə" komissiyalarının da üzvü idi. Cumhuriyyət dönəmində Abdulla bəy təcrübəli pedoqoq kimi əlifba komissiyasının da işində yaxından iştirak etmiş, onun hazırladığı əlifba layihəsi 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-nədək Bakıda keçirilmiş Azərbaycan Müəllimlərinin Qurultayında təsdiq olunduqdan sonra Parlamentin müzakirəsinə verilmişdir. Abdulla bəy Əfəndizadənin bu əlifba layihəsi əsasında yazdığı kitab “Son türk əlifbası” adı ilə 1919-cu ildə Bakıda “Hökumət” mətbəəsində çap olunmuşdur. Ancaq Azərbaycan Cümhuriyyətinin işğalı bu layihənin həyata keçirilməsinə mane olmuşdur.

“Azaqbəyli”, “Zövqi” imzasıyla əsərlər yazan Abdulla bəy bir neçə dərslik kitabının, şeir və tərcümə kitablarının müəllifidir. İstifadə etdiyi imza səbəbilə o, həm də Abdulla bəy Əfəndizadə Azaqbəyli kimi dəa tanınıb. Abdulla bəy Əfəndizadənin "Ya ölüm, ya Türkiyə" adlı məşhur mənzuməsi 1919-ctı ildə Şəkidə “Mədəniyyət” mətbəəsində çap olunmuşdur ki, bu da onun siyasi düşüncələrini açıqlayır.

Fotoda Abdulla bəy Əfəndizadənin evi.

XX əsrin əvvəllərində Nuxada (Şəkidə) ədəbi-mədəni mühitin inkişafında Abdulla bəy Əfəndizadə mühüm rol oynamışdır. Müxtəlif məzmunlu nəzm və nəsr əsərləri yazan Abdulla bəy Şəkidə teatrın da inkişafına mühüm töhfə vermişdir. Xalqın oyanışında teatrın rolunu yüksək qiymətləndirən Abdulla bəy Ömər Faiqlə əl-ələ verərək Mirzə Fətəlinin Molla İbrahimxəlil kimyagər, Müsyö Jordan və dərviş Məstəli Şah komediyalarını Şəkidə tamaşaya qoymuşdu.

Ümumiyyətlə, Abdulla bəy Əfəndizadənin fəaliyyəti yalnız şəxsi yaradıcılıq və pedaqoji xidmətlərlə məhdudlaşmır. O, bütövlükdə Azərbaycanın maarifçilik, ictimai-siyasi və mədəni inkişaf tarixinin mühüm simalarından biridir. Onun təhsil sahəsində gördüyü işlər, milli əlifba uğrunda apardığı mübarizə, ədəbi və teatr fəaliyyətləri xalqın milli şüurunun formalaşmasına mühüm töhfə vermişdir. Bu baxımdan Abdulla bəy Əfəndizadənin evi yalnız bir yaşayış məkanı deyil, həm də Azərbaycan milli-mənəvi düşüncəsinin, maarifçilik ideyalarının və ictimai yaddaşın daşıyıcısı kimi qiymətləndirilməlidir.

Oturanlar: Sağdan: Hacıbala bəy Nağıbəyov, Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Gəncə qubernatoru, Məmmədtağı bəy Nağıbəyov, Rəşid bəy Əfəndiyev, vəkil Mustafa bəy.

Hikmət Ziya. “Abdulla bəy Əfəndizadənin evi” abidəsi Şəkidə xalq arasında daha çox “Hikmət Ziyanın evi” olaraq tanınır. Bunun səbəbi isə əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın bu evdə doğulmasıdır. Bu isə təsadüfi deyildir, o Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin üzvü, “Son Türk əlifbası” layihəsinin müəllifi Abdulla bəy Əfəndizadənin doğma nəvəsi olmuşdur. Əfəndiyev Hikmət Ziya oğlu 13 may 1929-cu ildə Şəki şəhərində babası Abdulla bəyin evində doğulmuş, ömrünün məktəbəqədər hissəsini Şəkinin qədim Otaq eşiyi məhəlləsində keçirmiş, cəmi bircə ay bu şəhərdə təhsil almış, daha sonra ailəsi ilə birlikdə Ağdama köçmüşdür. Bununla belə onun doğulduğu ev Şəkidə məhz Hikmət Ziyanın evi kimi tanınır.

Hikmət Ziya babası Abdulla bəyin ölümündən bir il sonra dünyaya göz açmışdır. Hikmət Ziya öz doğma babasını görə bilməsə də, onun qardaşı Rəşid bəy Əfəndiyevi öz evlərində görmüş, onun ədəbiyyat, şeir-sənət haqqında söhbətlərini dinləmişdir. Bir dəfə balaca Hikmətin ifasında özünün məşhur "Ay havada uçan durna" şerini dinləyən Rəşid bəy Əfəndiyev qardaşı nəvəsininin başını sığallamış və ona belə demişdir: "Əzbərdən şeir deməyin yaxşıdır, istərdim ki, böyüyəndə yaxşı şeirlər də yazasan". Məhz bu sözlər Hikmətin gələcək həyat yolunun istiqamətini müəyyən etmişdir.

Fotoda Abdulla bəy Əfəndizadə, Hikmət Ziya və Rasim Ocaqov.

Beləliklə, bu ev təkcə bir ailənin yaşayış məkanı deyil, eyni zamanda Azərbaycanın maarifçilik və ədəbi-mədəni düşüncəsinin nəsildən-nəslə ötürüldüyü bir mühitin simvoludur. Bu evdə Abdulla bəy Əfəndizadə ilə başlanan milli-ideoloji və maarifçilik xətti onun nəvəsi Hikmət Ziyanın yaradıcılığında yeni mərhələdə davam etmişdir. Hikmət Ziya uşaqlıq illərinin ilk təəssüratlarını məhz bu evdə almış, ədəbiyyat, söz və sənət ruhu ilə formalaşmışdır.

Rasim Ocaqov. Uşaqlıq illəri Abdulla bəy Əfəndizadənin evində keçən daha bir Azərbaycanlı məşhur kinorejissor, kinooperator, ssenarist, xalq artisti Rasim Ocaqovdur. Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. Rasim Ocaqovun atası əslən Lənkəranlı olan Mirqasım Ocaqov Tibb İnstitutunu bitirdikdən sonra təyinatla Şəkiyə gəlib eyni taleni yaşayan Səmayə xanımla ailə qurub. Gənc ailə əvvəlcə Ağvanlar məhəlləsində Həsən Qazıyevin evində kirayə yaşayıb. Rasim Ocaqov da elə bu evdə dünyaya göz açıb. Daha sonra isə ailə Otaq eşiyi məhəlləsində yerləşən Abdulla bəy Əfəndizadənin evinə - Hikmət Ziyanın doğulduğu evə köçüblər. (Həmin dövrdə artıq Hikmət Ziyanın ailəsi atasının işi ilə əlaqədar Ağdamda məskunlaşmışdı) Beləliklə, bir evin taleyinə üçüncü bir məşhura yuva olmaq yazılıb. Abdulla bəy Əfəndizadənin evində Ocaqovlar ailəsi on iki il yaşayıblar. Bu on iki il də kifayət edib ki, ev həm də “Ocaqovların evi” kimi tanınsın. 

Bu gün isə həmin evdə Abdulla bəy Əfəndizadənin varisləri, Hikmət Ziyanın qohumları yaşayırlar.

Fotoda Abdulla Əfəndizadənin qardaşı Hüseyn əfəndi Əfəndizadə uşaqları ilə.

Aparılan araşdırmaların yuxarıda təqdim olunan nəticələri əsasında aydın olur ki, Abdulla bəy Əfəndizadənin evi yalnız tarixi bir memarlıq abidəsi kimi deyil, eyni zamanda Azərbaycan xalqının milli-mənəvi və ictimai yaddaşında xüsusi yer tutan mühüm mədəni məkan olaraq da dəyərləndirilməlidir. Bu ev bir şəxsiyyətin deyil, bütöv bir ideya xəttinin - maarifçilik, milli düşüncə, ədəbiyyat və sənət ənənəsinin formalaşıb nəsildən-nəslə ötürüldüyü bir mühitin əvəzsiz nümunəsidir.

Abdulla bəy Əfəndizadənin pedaqoji, ictimai-siyasi və mədəni fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ideoloji əsasları ilə sıx bağlı olmuş, onun milli əlifba uğrunda mübarizəsi, təhsil sahəsində gördüyü işlər və ədəbi fəaliyyəti xalqın intellektual inkişafına mühüm təsir göstərmişdir. Bu ideyalar sonradan həmin evdə dünyaya göz açmış Hikmət Ziyanın yaradıcılığında davam etmiş, söz və sənət mühiti yeni bədii-estetik mərhələyə yüksəlmişdir. Eyni zamanda gələcəkdə Azərbaycan kinosunun görkəmli simalarından birinə çevriləcək Rasim Ocaqovun uşaqlıq illərinin də bu evlə bağlı olması, məkanın mədəni yaddaşdakı rolunu daha da gücləndirmişdir.

Fotoda Abdulla Əfəndizadənin anası Fəxri (Şirin) xanım Əfəndizadə. 1906-cı il, Şəki.

Beləliklə, Abdulla bəy Əfəndizadənin evi müxtəlif dövrlərdə üç görkəmli şəxsiyyətin - maarifçi, şair və pedaqoqun, söz adamının və kino sənətkarının həyat yolu ilə kəsişən nadir mədəni məkan kimi çıxış edir. Bu baxımdan abidənin əhəmiyyəti onun memarlıq xüsusiyyətlərindən daha çox, daşıdığı mənəvi yük, tarixi yaddaş və milli kimlik dəyəri ilə müəyyən olunur. Nəticə olaraq haqqında bəhs olunan ev Azərbaycan cəmiyyətində maarifçilik ruhunun, sənət davamlılığının və mədəni irsin canlı təcəssümü kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

Zəminə RƏSULOVA

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək