Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) təşkilatçılığı ilə Milli Müəllim Konqresi baş tutub
Bakı şəhərində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) təşkilatçılığı ilə Milli Müəllim Konqresi baş tutub. Tədbir müəllimlərin peşəkar inkişafına dəstək göstərmək, təhsildə aktual mövzuları müzakirə etmək və təcrübə mübadiləsi platforması yaratmaq məqsədi daşıyıb.
Tədbirdə müxtəlif bölgələrdən müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Konqresin açılışında çıxış edən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli müəllimlərin cəmiyyətdəki rolunun əhəmiyyətindən danışaraq bu kimi platformaların davamlı olmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, müəllimlərin inkişafı təhsilin keyfiyyətinin yüksəlməsində əsas amillərdən biridir.

Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru Aynur Paşayeva, Ufuk Universitetinin nümayəndəsi professor Erginekon Savrun və təlimçi-metodist Aysel Arastunqızı çıxış edərək təhsildə müasir yanaşmalar, müəllimlərin peşəkar inkişafı və mövcud çağırışlar barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, eyni zamanda yönləndirən, motivasiya edən və dəyişimi idarə edən əsas fiqurdur. Bu baxımdan belə konqreslərin təşkili müəllimlər arasında əlaqələrin gücləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Konqres çərçivəsində iştirakçılar üçün şəbəkələşmə (networking) imkanları yaradılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Milli Müəllim Konqresinin əsas ideyası “Qərar verən müəllim dəyişir” konsepsiyası üzərində qurulub və gələcəkdə bu platformanın davamlı şəkildə keçirilməsi planlaşdırılır.
