Tanınmış müğənni var-dövlətini satıb biznes qurdu
Məşhur müğənni Berdan Mardini hər kəsi heyrətə gətirən addımı ilə gündəmə gəlib. Sənətçi doğulduğu torpaqlara borcunu ödəmək üçün bütün var-dövlətindən imtina edib.
O, əlində olan evlərini və bahalı avtomobillərini sataraq Mardindəki kəndində nəhəng zavod qurub.
Mardini bu layihəyə 2016-cı ildə start verib. Həmin vaxt yaxın dostları və ətrafı onun bu qərarına şübhə ilə yanaşaraq sənətçiyə dəli olduğunu deyiblər. Lakin müğənni heç kimə qulaq asmadan 10 milyon dollar sərmayə qoyaraq Mezopotamiya torpaqlarında qızılgül istehsalı müəssisəsi yaradıb.
Hazırda bu müəssisədə regionun qədim qızılgül növü olan "Rosa Damascena" emal edilir. Fabrikdə qızılgül yağından tutmuş xüsusi ətirlərə, hətta qızılgüllü limonad və makaron şirniyyatlarına qədər müxtəlif məhsullar hazırlanır.
Müğənni bu işi sadəcə pul qazanmaq üçün deyil, həm də mühüm sosial layihə kimi gördüyünü bildirib. Müəssisədə əsasən qadınların işlə təmin olunmasına üstünlük verilir.
Layihənin əsas qayəsi kənd adamlarının öz torpaqlarında qalıb işləməsi və böyük şəhərlərə köçün qarşısının alınmasıdır. Müəssisə tam gücü ilə fəaliyyət göstərəndə bölgədə təxminən 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.
