NASA-da çalışmış alim ölümə yaxın təcrübələrindən danışdı - ŞOK DETALLAR
NASA və ABŞ Hərbi Dəniz Qüvvələrində çalışmış dəniz elmləri doktoru İnqrid Honkala ölümə yaxın keçirdiyi üç hadisə zamanı oxşar hisslər yaşadığını iddia edib.
Xpress.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
55 yaşlı Honkalanın sözlərinə görə, o, ilk dəfə iki yaşında evdə buzlu su çəninə düşərkən, ikinci dəfə 25 yaşında motosiklet qəzasında, üçüncü dəfə isə 52 yaşında əməliyyat zamanı qan təzyiqinin kəskin enməsi nəticəsində ölüm təhlükəsi ilə üzləşib.
Alim bildirib ki, xüsusilə uşaqlıqda yaşadığı ilk hadisə onun həyatına dərin təsir göstərib. O, həmin anlarda qorxu deyil, qəribə sakitlik hiss etdiyini deyib.
İnqrid Honkalanın sözlərinə görə, suda olarkən sanki şüuru bədənindən ayrılıb və özünü kənardan müşahidə edib. O, bu vəziyyəti “tam sülh, aydınlıq və hər şeylə bağlılıq hissi” kimi təsvir edib.
Honkala iddia edir ki, həmin vaxt bir neçə məhəllə uzaqda olan anası ilə qeyri-adi şəkildə əlaqə qurduğunu hiss edib. Sonralar anası ilə hadisəni müzakirə etdikdə, xatirələrinin üst-üstə düşdüyünü bildirib.
Onun sözlərinə görə, sonrakı iki ölümə yaxın təcrübədə də oxşar hisslər yaşayıb. Bu hadisələrdən sonra ölüm qorxusunun tamamilə aradan qalxdığını deyən alim, ölümü “şüurun başqa bir mərhələyə keçidi” kimi qəbul etdiyini vurğulayıb.
İnqrid Honkala əlavə edib ki, yaşadığı təcrübələr onu həm elmə, həm də mənəvi məsələləri araşdırmağa yönəldib. O hesab edir ki, elm və mənəviyyat bir-birinə zidd deyil, əksinə, eyni sirri fərqli baxış bucaqlarından anlamağa çalışır.
Bununla belə, bəzi skeptiklər bu cür təcrübələrin insan beyninin ağır stress və həyati təhlükə anlarında verdiyi reaksiyalarla əlaqəli ola biləcəyini qeyd edirlər. Honkala isə yaşadıqlarının sadəcə fizioloji reaksiya deyil, daha dərin bir təcrübə olduğunu düşünür.